Yumurtlamağa məcbur edilmiş xoruz

Əbil Həsənov

Biri var imiş biri yox imiş, bir xoruz var imiş. Xoruz sübh tezdən banlayaraq sahibinin yuxusuna haram qatarmış. Bir gün sahibi bıçağı götürüb xoruza deyir:- “Bir də sübh tezdən banlayıb məni yuxudan eləsən sənin başını kəsəcəm”! Xoruz belə sərt qərarın səbəbini soruşmaq, etiraz etmək istəyir, ancaq sahibinin etiraz qəbul etməyən səs tonu və əlindəki bıçaq onu susmağa məcbur edir. Xoruz fikirləşir ki, “ təkcə səhər banlamağı qadağan edir, başqa vaxt istədiyim qədər banlayıb səhərin də əvəzini çıxaram. İndi xozeyinin əhvalı yaxşı deyil, yəqin ki, az bir vaxtda sahibin əhvalı düzələcək və o, qərarını dəyişəcək”. Ona görə Xoruz tezliklə hər şeyin düzələcəyi ümidi ilə daha səhərlər banlamır. Bir müddət belə keçir, sahibi xoruzun səhərlər banlamadığını görüb, ona ümumiyyətlə, banlamağı qadağan edir. Səhər banının icazəsi əvəzinə banlamağa tam qadağa qoyulması xoruzu lap qorxudur. O tez razılaşır. Təki canı sağ olsun. İçindəki ümid işığı bir qədər azalsa da, o yenə də sahibindən xoş qərar gözləyir. Bir müddət belə keçir, sahibi xoruza toyuqlara yaxın düşməyi qadağan edir. Xoruz razı olur. Təki canı sağ olsun. İçindəki ümid işığı bir qədər də azalır, ancaq xoruz hələ də sahibindən xoş qərar gözləyir. Bir müddət belə keçir. Sahibi xoruza toyuq kimi qaqqıldamağı, yeriməyi tələb edir. Xoruz buna da əməl edir. Onda daha xoruzluqdan əsər-əlamət qalmır. İçindəki ümid işığı lap azalıb nöqtə kimi kiçilsə də, toyuq yenə də sahibinin insafa gələcəyini gözləyir. Və bir gün sahibi bıçağı itiləyə-itiləyə xoruzu yanına çağırıb acıqla deyir: – Sabahdan yumurtlamasan başını kəsəcəm! Bunu eşidən xoruz başını razılıqla tərpədərək toyuqlara tərəf gedir və başlayır hönkür-hönkür ağlamağa. Artıq onun içindəki ümid işığı tamamilə sönmüşdü. Toyuqlar ondan ağlamağının səbəbini soruşanda, o deyir ki, gərək elə birincidən kişinin sözünə etiraz edərdim, sözümü deyərdim, o da mənim başımı kəsərdi!