Ermənistanın baş naziri Nikol Paşinyanın “Qarabağ Ermənistandır, nöqtə” bəyanatına bir nöqtə də bu gün Xarici işlər naziri Zohrab Mnatsakanyandan gəlib. O, Paşinyanın sözlərinə əlavə edəcək heç bir şey olmadığını bildirib. Dişsiz Azərbaycan hakimiyyəti də yəqin ki, yenə rüsvayçı bir açıqlama verib oturacaq yerində. Ermənilər 1988-ci ildən qarşılarına qoyduqları Qarabağı Ermənistana birləşmək məsələsində addım-addım irəliləyirlər. İlin əvvəlində bizim informasiya saytları Ermənistan əhalisi arasında keçirilən bir sorğunun nəticələrini yaymışdı. “2019-cu ildə Ermənistanda ilk olaraq nəyi dəyişmək gərəkdir” sualı ilə keçirilən internet sorğusunda oxucuların 20,5%-i Dağlıq Qarabağ münaqişəsinin həllini başlıca vəzifə kimi qeyd etmişdi. Ermənilər həlli vacib olan problemlər sırasında Dağlıq Qarabağ münaqişəsini iş yerləri yaratmaq (27,6%) məsələsindən sonra ikinci sırada göstərmişdi. Görünür, ordakı mövcud hakimiyyət də əhalinin rəyini nəzərə alıb, bu istiqamətdə səylərini gücləndirməyə başlayıb. Ermənistanın Baş naziri Nikol Paşinyanın mayın 9-da işğal altındakı Azərbaycan ərazilərinə səfərini xatırlayırsınız. Həmin gün Xankəndində keçirilən çal-çağırlı tədbirləri də unutmamısınız, hər halda. Xankəndinin mərkəzi meydanında Şuşanın işğalı, Dağlıq Qarabağın müdafiə ordusunun formalaşması günü münasibəti ilə keçirilən parad da yadınızdadır, yəqin. Qarabağın işğalında xüsusi rolu olan şəxslər, o cümlədən Xocalı qətliamında iştirakını fəxrlə etiraf edən Ser Sarkisyan da vardı o paradda. Hətta Dağlıq Qarabağ separatçılarının lideri Bako Saakyan Ermənistanın Baş prokuroruna müraciət göndərib, həbsdə olan keçmiş prezident Robert Köçəryanın həmin gün azadlığa buraxılmasını xahiş etmişdi. O zaman məsələyə Azərbaycan tərəfinin reaksiyası necə oldu, xatırlayırsınız? Xarici İşlər Nazirliyi dişsiz bir bəyanat yaymaqla işini bitmiş hesab etdi. “Ermənistan siyasi rəhbərliyinin Şuşa şəhərinə səfər edərək burada qondarma “qələbə günü”nü qeyd etməsi Ermənistan tərəfinin növbəti təxribatıdır…” Məsələyə bununla nöqtə qoyuldu. Üstündən iki ay sonra da Bakıda “Jara” musiqi festivalına erməni müğənnisi Zara Mqoyanı gətirdilər. İctimai qınağı saya salmadan, şəhid ailələrini veclərinə almadan, satın aldıqları adamların dili ilə bunda heç bir qəbahət olmadığını bəyan edərək ikinci dəfə onu gətirib yuxarı başa çıxardılar. Xalqın nə dediyi önəmli deyilmiş. Bu işğalçı müharibədə 30 minə yaxın insanımızın öldüyü, 5 minə yaxın insanımızın itkin düşdüyü də önəmli deyilmiş. Əsas odur ki, ailənin ərköyün qızı Leyla və keçmiş kürəkən Emin Ağalarov belə istəyir. Zaranın gəlişini onlar istəyir. Gəlişinin lazımlı olduğuna haqq qazandırmaq üçün də Şuşa Rayon İcra Hakimiyyətinin başçısı, Dağlıq Qarabağın Azərbaycanlı İcmasının rəhbəri Bayram Səfərovu qabağa verirlər: “Mən bu cür səfərlərə pis baxmıram. Zara Mqoyan gəlib burada bir-iki saat oxumaqla nə edəcək? Axı burada nə qəbahət var? Mən də düşünürəm ki, Zara Mqoyan Ermənistan vətəndaşı deyil. O, adi artistdir, bir gün gəlib oxuyub gedəcək. Bununla nə olacaq?” Adam belə deyir. Həmin o Zaranın sosial şəbəkələrdə erməni əsgərləri ilə çəkdirdiyi palaz-palaz şəkillər yayınlandığı bir zamanda belə deyir…
Düşük təslimçi bəyanatlar və bizdən uzaqlaşan Qarabağ
Azərbaycan hakimiyyəti Qarabağ məsələsində təslimçilik bayrağını qaldırmış kimi görünür. Bunu hiss etmirsiniz? Onun üçün hakimiyyət kürsüsü daha önəmlidir və o üzdən bütün aqressiyasını ölkə daxilindəki müxalif gücləri susdurmağa yönəldib. Onun işğalçı düşməni susdurmağa nə iqtidarı var, nə marağı. Torpaqlarımızı işğal etmiş düşmən isə ayağını hər gün bir az yuxarı qoyur. Bunu avqustun əvvəlində Dağlıq Qarabağda keçirilən “ümumerməni oyunları”, Paşinyanın ora təkrar səfəri və orada verdiyi bəyanatlar bir daha təsdiqləyir. Bir həftə əvvəl isə…
Paşinyan yarıtmaz Azərbaycan hakimiyyətinin qarşısında daha da irəli getdi. Erməni qızı Zaranı hər il sevə-sevə Bakıya gətirib oxudanların gözünün içinə “Artsax Ermənistandır, nöqtə” deyib kitabı qapatdı. Açılışına qatıldığı idman yarışlarının miqyasını genişləndirməklə də Azərbaycana açıq-aşkar meydan oxudu. Əslində, bu oyunların orda 20 ildən bəri keçirildiyi hər kəsə məlumdur. Amma 17 avqusta qədər davam edəcək budəfəki idman yarışlarında özlərinin dediklərinə görə 145 ölkədən 5 min idmançı iştirak edəcək. Oyunların bir hissəsi işğal altındakı torpaqlarımızda, digər hissəsi İrəvanda keçiriləcək”. Dəhşətli məqam bilirsiniz nədir? Dağlıq Qarabağda qeyri-qanuni idman yarışı keçirilir, Azərbaycan XİN-i heç bir addım atmır, 145 ölkədən birinin XİN-i də vətəndaşlarına Dağlıq Qarabağın təhlükəli yer olduğu haqda xəbərdar etmir. Bundan sonra deputat Səməd Seyidov çıxıb: ” Paşinyan iki gün əvvəl “Dağlıq Qarabağ Ermənistandır, nöqtə” deyir, ancaq bir gün sonra Prezident Aparatının əməkdaşı bildirir ki, Paşinyan belə söz deməyib… Nöqtəni qoyursansa və bunu bəyan edirsənsə, ifadəyə görə üzr istəyirəm, kişisənsə, bunun arxasında dayan!” Bax, illərdir bu hakimiyyətin Qarabağ məsələsində mövqeyi belə düşük açıqlamalardan irəli getmir. İllərdir Azərbaycan tərəfi yüzlərlə əsgərini “atəşkəsə” qurban verə-verə gedir. Statusda isə heç nə dəyişmir. Bu gedişlə müsbətə doğru nəyinsə dəyişəcəyi ehtimalı da sıfıra bərabərdir…