Baş nazir kürsüsünü bu “unikal” pozasına borclu deyilmi?
Ölkədəki məmurları müxtəlif nominasiyalar üzrə mükafatlandırmağın vaxtı gəlib çatıb. “İlin gimnasti” adını kimə verərdiniz? Bizim namizədimiz baş nazir Əli Əsədovdur. Onun uzun zamandır sosial mediada dolaşıb duran məşhur fotoşəklini xatırlayırsınız? Bəli, bəli, onun diktator İlham Əliyevin qarşısında ikiqat əyilmiş həmin tarixi şəklini deyirik. Rişxənd eləməyin, Əsədov indiki nazir kürsüsünü məhz o “unikal” pozasına borclu deyilmi? Cənab baş nazirin zamanında gimnastika ilə məşğul olub-olmadığını bilmirik, amma onun bu pozası idman aləmində nəsə yeni bir tapıntı sayıla bilər. Heç özündən deyən hər hansı rəssam da mütiliyin və itaətkarlığın belə mükəmməl bir tablosunu yarada bilməz. Yaltaqlığın, təslimçiliyin və qorxunun obrazlı ifadəsi var o şəkildə. Diktator İlham Əliyev son “kadr islahatları” şousu zamanı onu Novruz Məmmədovun yerinə niyə gətirdi, sizcə? Bir çoxları bunu Əsədovun işgüzar adam olmasına yozurlar, amma nə çox bu ölkədə bu vəzifəni haqq edən ağıllı və işgüzar adam. “Nədən məhz Əsədov” sualı maraqlı deyilmi? Onun mətbuata məlum olan qaranlıq bir dosyesi vardı, adı çoxlu çirkli işlərin içində hallanırdı. Üstəlik, Əliyevin də şəxsi bir məsələ ilə bağlı onunla qanlı bıçaq olduğu deyilirdi. Lakin Əsədov bütün bu işlərin içindən sağ-salamat çıxdı və üstəlik, baş nazir vəzifəsini də “haqq etmiş” oldu. Doğrudanmı, onu bu vəzifəyə işlək adam olduğuna görə təyin ediblər? İnanılacaq şey deyil. İndiki məqamda Əliyevlərə o postda daha itaətkar adam lazım idi və görünür, Əsədovdan daha yaxşısını tapmadılar.
Yaltaqlığın dövlət siyasətinə çevrildiyi yer
Ölkənin acınacaqlı mənzərəsi bu! Bütün asan yollar ikiüzlülük, yaltaqlıq qapısından keçir. İndiki hakimiyyətdə yaltaqlıq bacarmayan hər hansı şəxsin vəzifə tutmasını təsəvvür edirsiniz? Naziri, deputatı, icra başçısı, adi məmuru – hamısı yaltaq. Hər kəs çirkin bir məddahlıq yarışında. Kim daha yaxşı bacarsa, yeri daha möhkəm olacaq. Sistemi belə qurublar. İnsanlar hər gün bir qarın çörək üçün yüz sifətə düşür, yüz yalan danışır, yüz bütə baş əyir. Bir millətin deqradasiyasına, milli kimliyinin sındırılmasına, dəyərlərinin yox edilməsinə hesablanmış siyasətdir bu. Cəngəllik qanunları ilə idarə olunur ölkə. Yaxşı yaşamaq üçün tabe olmalısan, irəli getmək üçün əyilməlisən, yüksək vəzifə tutmaq üçün sınmalısan. Dəhşətlidir. İnsanların bu alçaldıcı qaydaları qoyanların qılıncının altından keçib, mütiliklə onlara boyun əyməsi ikiqat dəhşətlidir. Ölkənin baş naziri vəzifəsini tutan şəxsin kimliyi ikiqat əyilmiş bir rəsmlə ifadə olunursa, gerisini özünüz düşünün. Bu, 26 illik Əliyev hakimiyyətinin ölkəyə vurduğu mənəvi yaraların nəticəsidir. Yaltaqlığı, ikiüzlülüyü və yalanı dövlət siyasətinə çevirən, ölkə insanına təbəəsi gözü ilə baxan Əliyev hələ ağsaqqal, ağbirçəyə hörmətdən danışır. “Yaşlılara hörmət olunmalıdır, yaşına görə. İndi bəziləri istəyirlər ki, bizim lüğətimizdən “ağsaqqal”, “ağbirçək” sözləri çıxsın, necə ki, bəzi ölkələrdə. Onlara baxanda adam dəhşətə gəlir.” Təsəvvür edirsiniz, bunu da 63 yaşlı dövlət məmurunu qarşısında baş əydirib, sonra bu itaətkarlığı baş nazir postu ilə mükafatlandıran prezident deyir. Doğrudan da, adam dəhşətə gəlir…
Köləliyin tarixə damğa vuran unikal rəsmi
Zamanında böyük kişilər dik duruşlarına görə sayılıb-seçilirdilər. O adamlar ki, kimsəyə yaltaqlıq etmək ağıllarından keçməzdi, kimsəyə əyilməzdilər, kimsənin əlini-ətəyini öpüb yüksəlməyi özlərinə sığışdırmazdılar. Zəmanənin üzü qara olsun, insanları çox dəyişib. Həm də ona görə ki, Azərbaycan kimi ölkələrdə dövlət qanunlarla idarə olunmur və insanlar yüksək keyfiyyətlərinə görə dəyərli sayılmır. O üzdən Əli Əsədovun baş nazir postuna gətirilməsi də “bacarıqlı kadr” arqumentindən daha çox itaətkarlıq məsələsi ilə bağlı idi. Bir zamanlar Əsədovu yaxından tanıyanlar deyir ki, o heç vaxt yaltaq və kimsəyə boyun əyən adam deyildi. Deyildisə, bəs o mütiliyin və itaətkarlığın bariz nümunəsi hardan meydana çıxdı? O, köləliyin tarixə damğa vuran unikal rəsmi. Onu da “analoqsuz inkişaf”ın ayağına yazaq bəlkə?
Azad Akifoğlu