BAŞ PROKUROR VƏ ONUN MÜAVİNİ CİNAYƏT TÖRƏTMİŞDİLƏR

2007-ci ildə məni MTN-ə dəvət etdilər və mənimlə profilaktik söhbət apardılar. Bu da ayrıca bir yazının mövzusudur. Sonralar mənimlə “söhbət” aparan müstəntiq MTN işində həbs edildi.

BAŞ PROKUROR VƏ ONUN MÜAVİNİ ƏN AZI SƏHLƏNKARLIQ CİNAYƏTİ TÖRƏTMİŞDİ

İndiyə kimi yazdıqlarımın hamısı gördüklərim və bildiklərimdi, yazdıqlarımın iştirakçılarının bir qismi həyatda olmasa da, canlı şahidləri və yazılı sübutları var. Ola bilsin ki, kimsə yazdıqlarımın təsadüf olmasını düşünsün. Amma cinayət işinin materialları tam əksini deməyə əsas verir. Çünki bu materiallarda Rəna Nəsibovanın məlumatına reaksiya verilməməsi, onun qəsdən öldürülməsi faktının gizlədilməsi ilə yanaşı Hacı Məmmədovun prokurorluq tərəfindən himayə olunmasına dəlalət edəcək kifayət qədər digər sübutlar da var. Rövşən Əliyev öldürülən gün Baş Prokuror Zakir Qarlov xidməti telefonundan Rövşənin mobil telefonuna zəng edərək onunla 369 saniyə danışmışdı. İstintaqçılar Əliyevin telefon əlaqəsi olan bütün şəxsləri müəyyən edib şahid qismində dindirsələr də baş prokuroru dindirmədilər. Dindirə də bilməzdilər, çünki istintaqa prosessual rəhbərliyi o özü “həyata keçirirdi”. Onun dindirilməsi barədə vəsatətlərimizi həm istintaq, həm də məhkəmə təmin etmədi. Məhkəməyə gəlsə idi prokurora çoxlu sayda suallarım olacaqdı və o, şahid kimi bunları çavablandırmağa məcbur olacaqdı. Məhkəmədə iştirak edənlər yəqin ki, xatırlayar Hacını əvvəlcədən öyrətdikləri üçün, ifadə verdikdən sonra bildirdi ki, mənim suallarıma cavab verməyəcək, başqa kim nə istəyir soruşsun. Onu öyrədənlər bilirdilər ki, suallarıma cavab versə onu himayə edənləri də ifşa edə bilər.Cavab versəydi özünün və dəstəsinin üzvlərindən bəzilərinin dəfələrlə prokurorluğun apardığı işlər üzrə istintaq cəlb edilib, hətta bir neçə dəfə saxlanılsalar da sonradan dərhal azad edilməsinin səbəblərini izah etməli olacaqdı. İstintaq materiallarından görünürdü ki, Hacının əmisi oğlu bu işdə onunla birlikdə ömürlük həbs cəzasına məhkum edilmiş F.Məmmədbəyov 2001-ci ildə Azər İsmayılovun ölüm işi ilə əlaqədar tutulub dərhal da buraxılmışdı. Maraqlıdır ki, Hacı Məmmədov Rövşən Əliyevin öldürülməsi faktına görə başlanmış cinayət işi üzrə sonuncu dəfə 9 fevral 2005-ci ildə prokurorluğun müstəntiqi Sərdar Şəmsiyev tərəfindən şahid qismində dindirilmiş, bundan sonra onu respublika prokurorluğunun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsinin rəisi Eldar Əhmədov qəbul edərək yarım saat təkbətək söhbət etdikdən sonra şəxsən yola salmışdı. Hacı Məmmədov Eldar Əhmədovun kabinetindən çıxdıqdan sonra, dindirmə protokoluna “ tələsirəm, işim var “deyib imza etmədən getmiş, və Beynəlxalq Bankın o vaxtki sədri Cahangir Hacıyevin həyat yoldaşı Zamirə Haçıyevanı oğurlamışdı. Bu faktların hamısı məhkəmə prosesində təsdiq olunub.
Bu faktlar ən azından baş prokuror Zakir Qaralovun və onun birinci müavini Rüstəm Usubovun əməlində ağır nəticələrə səbəb olmuş vəzifə səhlənkarlığı cinayətinin olmasına dəlalət edirdi. Məhz onların səhlənkarlığı nəticəsində Rəna Nəsibovanın verdiyi məlumatlar vaxtında yoxlanılmamış və Hacı Məmmədovun dəstəsi vaxtında ifşa edilməmişdi. Nəticədə 17 iyun 2004-cü ildə Nəsibova, bundan üç gün əvvəl 14 iyun 2004-cü ildə Fətulla Hüseynov qətlə yetirilmişdi, 2005-ci ilin fevralında isə Zamirə Hacıyeva oğurlanmışdı. Onların cinayət məsuliyyətinə cəlb edilməsi üçün mən müvafiq instansiyalara müraciət etsəm də heç bir cavab almadım.
2007-ci ildə məni MTN-ə dəvət etdilər və mənimlə profilaktik söhbət apardılar. Bu da ayrıca bir yazının mövzusudur. Sonralar mənimlə “söhbət” aparan müstəntiq MTN işində həbs edildi.
İndi isə Hacı Məmmədovla MTN-də baş tutmuş 3-cü görüşümə qayıtmaq istərdim. Ümidvram ki, yazının bu hissəsində bəzi suallarınızın cavabını tapacaqsınız… 

MƏN YAZDIQLARIMIN VƏ DANIŞDIQLARIMIN MƏSUIİYYƏTİNİ DƏRK EDİRƏM.

Yazdığım hər sözə görə cavab verməyə hazıram. Dediklərimi və yazdıqlarımı heç zaman danmamışam, əslində buna ehtiyac da olmayıb, çünki bilmədiyim şeylər barədə susuram. Hamı kimi səhv edə bilərəm, səhvsiz insan olmur, lakin etdiyim səhvə görə üzr istəməyi də bacarıram. Bunu məni tanıyanlar, hətta məni istəməyənlər də gözəl bilir. Niyə bu mövzuya qayıtdım.
Gözəgirən vəkilləri birtəhər yola vermişdim ki, indi səhifəmdə gözəgirən prokurorlar peyda olub. Vəkillr heç olmasa öz adlarından yazırdı, bunlar kimliklərini də gizlədirlər.Öz aləmlərində baş prokurorlarını müdafiə edirlər.
“DOSTLAR” Resul Eliyev, Zaur Memmedov, Ruslan Balakishiyev, Vuqar Aliyev, Xalıq Əliyev, Rafiq Azimov, Aytan Nasibova, Tamilla Qafarova, Muraz Mansurov, Babek Naghiyev, Azər Əliyev, Şöhrət Nəcəfov,Kamil Məmmədov, Sahriyar Hüseynli, Ruslan Səfərov, Vuqar Sadixov, Elnur Ali, Eldar Mamedov, Elbrus Mamedov, Maleyka Bayramova, Vaqif Abd, Huseyn İman, Kamil Əliyev, Vuqar Azizov, kiminsə adını yazmadımsa qüsura baxmayın, o qədər çoxsunuz ki, saymaqla bitmir, məsləhət görürəm ki, “atilla türksoyunuzla sakit həyatınızı” yaşayın. Unutmayın, mən vaxtı ilə bir Baş Prokurorun vəkili olmuşam, nə vaxtsa bunun da tarixçəsini yazacam. Allah ömür və imkan versə , özləri rəsmi müraciət etsələr indikilərə də vəkillik edib etməyəcəyimi fikirləşərəm.

İNDİ ISƏ YERI GƏLDIYINDƏN BIR OLMUŞ ƏHVALAT DANIŞIM

Düz 20 il bundan əvvəl idi. DİN-in istintaq idarəsinin rəisi Nizami Qocayevin vəkili idim, onun qanunsuz həbsi ilə əlaqədar yazılarıma görə MTN-in o vaxtkı rəhbəri Namiq Abbasov məni söhbətə dəvət etdi, deyilən vaxt onun kabinetində üz-üzə təxminən bir saat söhbətimiz oldu. Allaha şükür Namiq Abbasov sağdı,dediklərimi təkzib və ya təsdiq edə bilər. Yeri gəlmişkən, mən onu ləyaqətli insan və peşəkar kimi tanımışam. Söhbət etmək üçün Namiq müəllim öz stolunun arxasından qalxdı, mənimlə əl tutub görüşdü və bir qədər aralıda ətrafında kreslolar olan jurnal masasına dəvət etdi. Bizə çay gətirdilər. Söhbətə başlamaq istəyəndə soruşdum ki, Namiq müəllim bizi dinləmirlər ki, səsimizi yazmırlar ki? Abbasov yerindən qalxdı, televizoru açdı və onun səsini qaldırdı. Guya məni bundan sonra səsimizin yazılmasının mümkün olmayacağına inandırmaq istədi 🙂 Hər halda mən o qədər də sadəlövh deyildim. Abbasov gəlib oturanda dedim ki, Namiq müəllim, mən səsimin yazılmasından ehtiyat etmirəm, çünki deyəcəklərimə cavab vermək iqtidarındayam. Məni narahat edən odur ki, bəlkə üzbəüz binadan sizin səsinizi yazarlar. Bir az gülüşdük və söhbətimizi davam etdirdik.
Doğrusu xatirələrimi status kimi paylaşmağı dayandırmaq istəyirdim. Amma gözəgirənlərin açığına axşam Hacı Məmmədovla bağlı növbəti yazını paylaşacam.

HACI MƏMMƏDOVLA ÜÇÜNCÜ GÖRÜŞ
“KIMƏ DEMIŞDIN, GET ONDAN DA SORUŞ”

2005-ci ilin iyul ayının 8-də axşam saatlarında mobil telefonuma zəng gəldi. Zəng edən MTN-in müstəntiqi idi, hazırda Bakı ağır cinayətlət məhkəməsinin hakimidir. Dedi ki, bir nəfəri şübhəli şəxs qismində saxlayırıq, sizin vəkillik etməyinizi xahiş edir. Kim olmasını soruşdum, dedi ki, gəlib burda görərsiniz.Dərhal MTN-ə getdim və məni istintaq idarəsinə qaldırdılar. Müstəntiqin kabinetində Zakir Nəsirovu gördüm. Biz onunla 1980-ci ilin ortalarından şəxsən tanış idik, apardığım bir sıra ölüm işlərində əməliyyatçı kimi iştirak etmişdi. İnsan kimi də, peşəkar əməliyyatçı kimi də ona hörmətim vardı. Kabinetdə MTN-in iki müstəntiqinin olmasını gördüm, biri yuxarıda dediyim kimi hazırda hakim, digəri isə vəkildir. Bildirdilər ki, Zakir Nəsirovu Hacı Məmmədovun işi üzrə şübhəli şəxs kimi saxlayırıq. Mən elə müstəntiqlərin yanında Zakir Nəsirovla söhbət etdim. Onun işini götürməyə və vəkillik edəcəyimə bir şərtlə razılıq verdim.Əgər istintaqın gedişində onun Rövşən Əliyevin öldrülməsində iştirak etməsinə inansam, onun vəkilliyindən uzaqlaşmağıma razılıq verəcək. Zakir müəllim şərtimi qəbul etdi və məni əmin etdi ki, Rövşən Əliyevin öldürülməsində və Hacının törətdiyi bildirilən cinayətlərin heç birində iştirak etməyib. Beləcə mən Zakir Nəsirovun vəkili oldum. Həmin gün mənim iştirakımla Zakir Nəsirovu şübhəli şəxs qismində dindirdilər. Məlum oldu ki, buna qədər onu iki dəfə 2005-ci ilin aprel ayının 6-da, daha sonra may ayının 30-da MTN-ə dəvət edib şahid qismində dindiriblər. Hacı Məmmədovun həbsindən bir neçə gün sonra Nəsirov 16 mart 2005-ci il tarixdə tutduğu Baş Cinayət Axtarış İdarəsinin rəisi vəzifəsindən istefa verib. Nəsirov ifadəsində Hacı Məmmədovla xidməti münasibətlərinin olmasını, onun törətdiyi cinayətlərdən xəbəri olmadığını, rəhbərlik etdiyi idarənin əməkdaşı tərəfindən cinayətlərin törədilməsini vaxtında aşkar edə bilmədiyi üçün məsuliyyət daşımasını başa düşdüyünə görə istefa verdiyini söylədi. Müstəntiqlər tutma protokolu tərtib edərək onu MTN-in istintaq təcridxanasına göndərdilər. 9 iyulda Nəsirova ittiham elan edildi, 10 yulda isə barəsində Səbayel məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçildi. Həbs edildiyi birinci gündən başlayaraq Nəsirov da, mən də Hacı Məmmədovla üzləşdirmə keçirilməsini xahiş edirdik. Buna baxmayaraq uzun müddət bizim xahişimiz təmin edilmədi. Nəhayət, israrlı tələblərdən sonra 1 avqust 2005-ci il tarixdə həbs edildikdən 24 gün sonra üzləşdirmə keçirildi. İstintaqın sonrakı mərhələsində cinayət işinin materialları ilə tanış olarkən başa düşdüm ki, üzləşdirmənin bu qədər ləngidilməsi səbəbsiz deyilmiş. Üzləşdirmə başlamamışdan əvvəl xahiş etdik ki, protokolun yazılması zamanı təhrifə yol verilməməsi üçün üzləşdirmənin gedişində videoçəkiliş aparılsın. Çünki bundan əvvəl 12 iyulda Nəsirovu Məmməd Məmmədovla üzləşdirmişdilər, üzləşdirmədə Məmmədov istintaqa verdiyi ifadəsini təsdiq etmədi və Nəsirova qarşı heç bir iddiasının olmadığını bildirdi. Müstəntiqlər hətta videoçəkiliş aparılmasından çəkinməyərək şahidə təzyiq etməyə, onu yalan ifadə verdiyinə görə məsuliyyətə alacaqları və həbs edəcəkləri ilə qorxutmağa başladılar. Bu təzyiqlərdən sonra şahidin halı xarab oldu, o özünü pis hiss etdiyindən üzləşdirmə və videoçəkiliş dayandırıldı. Lakin istintaqçılar bu dəfə xahişimizi rədd etdilər və belə izah etdilər ki, guya Hacı Məmmədov onun çəkilişlərinin televiziya ilə nümayiş etdirildiyi üçün narazıdır. Biz bu arqumentlə razılaşmaq məcburiyyətində qaldıq, çünki doğrudan da istintaqın ilk günündən Hacı Məmmədovun istintaqa verdiyi ifadələr respublika televiziyası ilə nümayiş etdirilirdi. Bundan sonra biz xahiş etdik ki, üzləşdirmə prosesində heç olmazsa audio yazıdan istifadə edilsin, müstəntiqlər rəhbərliyə məruzə etdikdən sonra razılaşdılar. Üzləşdirmə zamanı Hacı Məmmədovun Nəsirovun onun törətdiyi bəzi cinayətlərdə iştirak etməsi barədə açıq-aşkar yalan və ziddiyyətli ifadə verməsi məlum oldu. ( Bu üzləşdirmə barədə nə vaxtsa ayrıca yazacam).
Müstəntiqlər Hacının ifadə verərkən səhvlər edəcəyindən ehtiyatlandıqları üçün tez-tələsik üzləşdirməni yekunlaşdırdılar və protokol tərtib etməyə başladılar. Yeri gəlmişkən, bu protokolun da, əvvəlki yazılarım da istinad etdiyim digər protokolların da surətləri məndə var. Müstəntiqlər protokol tərtib etməklə məşğul olduqları vaxt Haçı Məmmədovla sərbəst danışmaq imkanım oldu. Soruşdum ki, Haçı, Rövşən Əliyevin ölümündə sənin iştirakından şübhələndiyim barədə prokurorluğa dediyimi kimdən öyrənmişdin. Hacı cavab verdi ki, KIMƏ DEMIŞDIN, GET ONDAN DA SORUŞ. Beləliklə, bunu Hacıya kimin çatdırması barədə məndə heç bir şübhə qalmadı… 

Adil İsmayılov 

vəkil