Heyvagülü söhbəti və Azərbaycan prezidenti

Rafiq Manaflı

6 ayın yekunları ilə bağlı İlham Əliyevin keçirdiyi müşavirəyə baxanda istər-istəməz yadıma Qəddafi düşdü. Adamı gizləndiyi yerdən dartıb çıxarıblar, döyə-döyə öldürürlər, o isə təəccüblə soruşur ki: “Siz nə edirsiniz, mən sizin atanızam”.
Bu müşavirədə bütün deyilənləri bircə cümlə ilə rezüme etmək olar: “siz nə çalırsız çalın, biz heyvagülü oynayacağıq”. Və heç onu da oynaya bilmirlər. Müşavirədə səsləndirilən hər bir rəqəm yerlə-yeksan edilə bilər. Məsələn, 6 milyardlıq investisiya qoyuluşundan danışırlar. O məbləğin 70%-i yolda itib-batır. Son ünvana, 6 milyardı siləcək subpodratçılara 30%- çatır ki, onun da yarısını maaşlar, oğurluqlar və sair izafi xərclər, şişirdilmiş qiymətlər yeyir. Nəticə etibarı ilə o 6 milyard heç bir milyardlıq dəyər yaratmır ki, onun də əsas hissəsi gələcəkdə dəyər yaratmayacaq sahələrə yönəldilərək çölə atılır.
Kənd Təsərrüfatında rekordlardan danışır İlham Əliyev, doğurdan da bu il rekordlar var. Bu, yay mövsümündə kənd təsərrüfatı məhsullarının rekord qiymətləridir.
Özləri üçün “dost mərkəzi” yaradırlar, bu mərkəzdə qeydiyyatdan keçmiş dostları arasında monitorinq aparıb 92-93%-lik tam məmnunluq səviyyəsi adlandırdıqları nəticə alırlar. Və bunu bütün ölkəyə şamil etməklə xalqa münasibətlərini, onlar üçün o dostlardan başqa heç kimin mövcud olmadığını nümayiş etdirirlər. İndi gör nə gündədirlər ki, heç dostlarının da 7-8%-i bunlardan məmnun deyil.
Qəddafi Liviya xalqı və bütövlükdə Liviya dövləti üçün möhtəşəm işlər görmüşdü. Vaxtında getsəydi yaddaşlarda bəlkə də Liviya tarixinin ən parlaq isimlərindən biri kimi qalardı. O acı taleyi Qəddafi doğurdan da haqq etməmişdi. O taleyi mən heç bunlara da arzu etmirəm, baxmayaraq ki, ondan da betərini haqq ediblər. Amma bunlar da bizi gic yerinə qoymasınlar, baxsınlar Qəddafilərin taleyinə, fikirləşsinlər və nəticə çıxarsınlar.