Gültəkin Hacıbəyli: «Danışıqlardakı aktivliyin nəticəsi özünü münaqişənin həllində göstərməyəcək»
«Bu aktivlik münaqişənin hansı çətir altında həll olunması uğrunda gedir»
ABŞ, Rusiya və Fransanın Qarabağ münaqişəsinə dair diplomatik səyləri intensivləşib. Iyunun 30-da Rusiya prezidenti Putin Fransa dövlət başçısı Ollandla telefon danışığı aparıb. Tərəflər Ukrayna məsələsini, Böyük Britaniyanın AI-dən çıxmasını və Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasını müzakirə ediblər. Putin Ollandı iyunun 20-də Sankt-Peterburqda Azərbaycan və Ermənistan prezidentləri ilə keçirdiyi danışıqların nəticələri barədə məlumatlandırıb.
Tərəflər inam ifadə ediblər ki, bu görüşdə əldə edilmiş nəticələr danışıqlar prosesinin irəliyə aparılmasına imkan verəcək.
Bundan başqa onu da qeyd etmək lazımdır ki, dövlət katibi Con Kerrinin Azərbaycan və Ermənistan prezidentləri ilə telefon danışıqlarına dair rəsmi məlumat yayılıb. Dövlət Departamentinin yaydığı məlumatda deyilir ki, Con Kerri Ilham Əliyev və Serj Sərkisyanı son həftələrdə atəşkəsin əsasən təmin olunduğu Dağlıq Qarabağada “gərginlikdən qaçmağa” çağırıb.
“O, (Kerri) müsbət mənada qeyd edib ki, təmas xəttində atəşkəs son həftələr ərzində böyük ölçüdə təmin olunur və prezidentləri sülh prosesinin irəli aparılması üçün gərginlikdən qaçmağa çağırıb”- məlumatda deyilir.
Dövlət katibi habelə ABŞ münaqişənin “hərtərəfli nizamlanmasına kömək göstərməyə” hazır olduğunu ifadə edib və liderləri Minsk Qrupu çərçivəsində dialoqu davam etdirməyə çağırıb.
Xatırladaq ki, bu telefon diplomatiyası Azərbaycan və Ermənistan prezidentlərinin Fransada baş tutacağı gözlənilən növbəti görüşü ərəfəsində baş verir.
Bundan başqa Lavrovun yaxın zamanlarda Azərbaycana səfəri planlaşdırılır. Bütün bu məqamlar Qarabağ danışıqlarının müəyyən dərəcədə aktivləşdiyini deməyə əsas verir. Bəs, bu aktivlik danışıqlar prosesinə nə vəd edir?
Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Gültəkin Hacıbəyli hesab edir ki, beynəlxalq güclərin indiki konyukturunda Qarabağ probleminin həlli perspektivləri görünmür. Baş verənlərin hamısının daha çox Rusiyanın Minsk Qrupuna sanki bir alternativ yaratmaq cəhdi olduğunu düşünən G.Hacıbəyli vurğuladı ki, ATƏT-in Minsk Qrupu ilə bərabər Rusiya Sankt-Peterburqda təşkil etdiyi görüşdə tərəflərlə bu görüşləri davamlı keçirmək barədə razılığa gəlib: “Novruz Məmmədov Sankt Peterburqdakı danışıqların mahiyyətini daha kobud formada ifadə etdi. Tərəflərin Rusiyanın rəhbərliyi altında görüşdüyünü ifadə edib. Görünür, bu formatın yaranması narahatlıq doğurub. Halbuki belə bir formatın yaranması daha çox Ermənistanın, Rusiyanın maraqlarına uyğundur. Faktiki olaraq bu ölkələrdən biri Azərbaycan ərazilərini işğal edib, digəri isə bu işğalın baş verməsinə şərait yaradıb. Işğalçının arxasında Rusiya dayanmasaydı, Ermənistan Azərbaycanın bir kəndini belə ələ keçirə bilməzdi. Hesab edirəm ki, indi müşahidə olunan fəallıq Qərbin Qarabağ münaqişəsinin tənzimlənməsini öz nəzarətindən çıxmasının qarşısının alınmasına hesablanıb. Rusiya tərəfi isə danışıqların öz patronajlığı altında keçirilməsi istiqamətində səylər göstərir. Yəni bu aktivliyin nəticəsi münaqişənin həllində özünü göstərməyəcək. Bu aktivlik münaqişənin hansı çətir altında həll olunması uğrunda gedir. Bu baxımdan bu fəallıq bizim üçün bir o qədər də maraqlı deyil”.
G.Hacıbəylinin sözlərinə görə, Azərbaycan üçün maraqlı olan işğalçı tərəfə çağırış edilməsidir. “Təəssüfedici haldır ki, Azərbaycan tərəfi Rusiyanın çətiri altında keçirilən görüşlərdən imtina etmir. Kerrinin zəngi və son gəlişmələr də məhz bununla bağlıdır. Qarabağ münaqişəsinin həlli formatının müəyyənləşdirilməsinə çalışılır”, deyə G.Hacıbəyli vurğuladı.