Professor Fərman Ceyranlının Azərbaycan hakimiyyətinin sifarişi ilə 2017-ci ilin may ayında Gürcüstanda şərlənib tutulması faktının özü Gürcüstan demokratiyası və ədaləti üçün bir üzqarası idi.
Ailə üzvlərinin mətbuata açıqladığından bəlli olur ki, istintaq dövründə Fərman müəllimə ona qarşı irəli sürülən rəsmi ittihamla- guya sahibi olduğu “Lancet” xəstəxanasında keçirilmiş uğursuz qaraciyər köçürmə əməliyyatı ilə bağlı deyil, Azərbaycan müxalifətini maliyyələşdirməsilə bağlı suallar verilirdi. Halbuki bu da həqiqət deyildi və bildiyimə görə professorun Azərbaycan müxalifətçilərinə yeganə yardımı onun xəstəxanasında müalicə və əməliyyat olan bütün azərbaycanlılara ( təbii ki, müxalifətçilər də daxil) 10-15 faiz pul güzəşti etməkdən ibarət olub. Fərman müəllimin qanunsuz və əsassız həbsindən bir neçə gün sonra Gözəl xanım sərhəddə şərlənib həbs olundu, onun çantasına 12 min ABŞ dolları atdılar və hələ gömrük zonasına daxil olmamış Sərhəd Xidməti əməkdaşları onu çantasına atdıqları pulu deklorasiya etmədiyi üçün həbs etdilər.
Bəlkə Gözəl xanın həmin pulu gömrük zonasında özü deklorasiya edəcəkdi?))) Nə qədər primitiv olduqlarını görürsünüzmü?! Vətəndaş əvvəl sərhəddi keçib sonra gömrük zonasına daxil olur və yalnız gömrük zonasında deklorasiya təqdim edə bilər. Vətəndaşın üzərində deklarasiya olunmalı malın olub-olmadığının Sərhəd Xidmətinə heç bir aidiyyəti yoxdur, çünki vətəndaş malını, pulunu növbəti mərhələdə- gömrük zonasında deklorasiya edir, sərhəddə edə bilməz. Ancaq Gözəl xanımı məhz Sərhəd Xidməti və məhz çantasına atdıqları 12 min dolları Gömrük Zonasında deklorasiya etmədiyi üçün həbs etmişdi. Bu qədər bəsit, primitiv qanunsuzluğa niyə getdilər?! Ortada çox ciddi plan var idi: Əli Kərimlinin həbsi planı. Onu xaricdən maliyyələşərək ölkədə dövlət çevrilişi hazırlamaqda ittiham etməyə hazırlaşırdılar. Gözəl xanımın çantasına pulu da bu məqsədlə atmışdılar. Fərman müəllimi də ona görə Gürcüstanda sifarişlə həbs etdirmişdilər ki, o, Gözəl xanımın çantasında “tapılan” və dövlət çevrilişi üçün Əli Kərimliyə “göndərilən” pulun mənbəyi rolunda çıxış etsin.
Təkcə bir neft şirkətinin prezidentinin oğlunun üç qol saatının dəyəri 4 milyon 500 min olan bir hakimiyyətin son bir ildə üç dəfə cərrahiyyə əməliyyatından çıxan və ağır xəstə olan bir Azərbaycan qadınını 12 min dollarla şərləyib həbsə atması nə qədər iyrənc bir riyakarlıq olsa da, Gözəl xanım buna görə iki il məhbus həyatı yaşadı. Həmin vaxt məni də şahid qismində istintaqa cəlb etmişdilər və 5 saat sürən dindirmədə mənə verilən sualların 80 faizi “Əli Kərimlinin tapşırığı ilə Gürcüstandan Azərbaycana nə vaxt və nə qədər pul gətirmisiniz” tipli idi. Mən dönə-dönə AXCP üzvü olmadığımı, buna görə Əli Kərimlinin mənə heç vaxt tapşırıq vermədiyini və ən əsası, son illər, ümumiyyətlə, Gürcüstana getmədiyimi desəm də eyni tipli sualların ardı-arası kəsilmirdi. Axırda bezdim və müstəntiqə dedim ki, məni bura çağırmamışdan öncə Gözəl xanımı şərləyib həbs edən Elçin Quliyevə sorğu verib son illər ərzində Gürcüstana gedib-getmədiyimi yoxlaya bilməzdiniz? Müstəntiq isə “Mən bütün yazılmış sualları sizə verməliyəm” dedi. Yəni, onun əlinə yazılıb verilən sualların 80 faizi mənim guya Əli Kərimlinin tapşırığı ilə Gürcüstandan pul gətirməyimlə bağlı idi, halbuki məni Gözəl xanımın sərhəddən pul keçirməsi işinə görə şahid qismində dəvət etmişdilər. Əfqan Muxtarlının da eyni ssenari üzrə, lakin daha dəhşətli formada, Tiflisin mərkəzindən başına torba keçirilərək oğurlanıb Azərbaycana gətirilməsi, bu cinayətlə bağlı Avropa Parlamentinin qətnaməsi də daxil sərt beynəlxalq qınaq Azərbaycan hakimiyyətinin planlarını suya saldı və mənim beş saatlıq dindirmə protokolum da işin içindən çıxarıldı. Məntiqlə, planı pozulduğu üçün Azərbaycan hakimiyyəti Fərman Ceyranlıdan əl çəkməli idi, amma əksinə oldu. Hansısa axmaq bir inad buna imkan vermir, bu inadın Azərbaycanın ərazi bütövlüyünün başında çatlayacağına dair ciddi şübhələrim var və bu yazını da, əslində, həmin şübhələrimi sizinlə bölüşmək üçün yazıram. Professor Ceyranlının həbsi müstəsna qanunsuzluq olduğu üçün Apellyasiya Məhkəməsi onun 6 il yarımlıq həbsinin iki ilə saldı və Fərman müəllim on gündən sonra- avqustun ortalarında azadlığa çıxmalı idi. Bir ay öncə Azərbaycan Respublikası Baş Prokurorluğu ona qarşı cinayət işi açdı, professora qarşı orqan alverində iştirakla bağlı ittiham irəli sürüldü və o, Interpol xəttilə beynəlxalq axtarışa verildi. Və bunun ardınca Gürcüstan Ali Məhkəməsi Fərman Ceyranovun özünün kassasiya şikayəti əsasında işə baxıb professorun cəzasını 6 il artırdı! Halbuki, prokuror Apellyasiya Məhkəməsinin qərarına qarşı protest verməmişdi, şikayətçi yox idi və Ali Məhkəməyə edilən yeganə müraciət Fərman müəllimin özünün bəraət alması ilə bağlı idi. Bu, heç şübhəsiz ki, Gürcüstan demokratiyası adına bir rəzalət, gürcü Ədaləti adına bir rüsvayçılıqdır. Lakin Avropa Birliyinin astanasında olan gürcülər niyə bu qədər böyük qanunsuzluqlara getsinlər ki?! Niyə və nəyin qarşılığında?! Bax, indi gəldik ən önəmli sualın üzərinə.
Hazırda Keşikçidağ konflikti bir az səngimiş kimi görünür: Azərbaycan yetkililəri çoxdan etməli olduğu işi gördü- ərazidə sərhəd müdafiə istehkamları quruldu, sərhəd bir müddət bağlandı və bunlar düzgün addımlar idi. Lakin bu arada Azərbaycan tərəfinin “sərhəd xəttində dəqiqləşmələr aparılır” açıqlamasının nələri ehtiva etdiyini kəsdirə bilmirəm. Söhbət “sərhəd dəqiqləşməsi” adı altında torpağıımızın bir hissəsinin Gürcüstana verilməsindən gedə bilərmi?! Gürcüstan Ali Məhkəməsinin Fərman Ceyranlıya qarşı çıxardığı hökm elə böyük bir qanunsuzluqdur ki, Gürcüstan ədalət mühakiməsi uzun müddət bu ləkəni üzərindən silə bilməyəcək. Azərbaycan hakimiyyətinə edilən belə bir jestin qarşılığı da ağır olmalıdır. Gürcülər bunu yalnız öz köklü milli maraqları naminə edə bilərlər. Və mənim ehtimallarıma görə bu milli maraq rolunda Keşikçi dağ məbədi və onun üzərində inşa edildiyi Azərbaycan torpağı çıxış edə bilər. Kaş ki, yanılım.
Gültəkin Hacıbəyli