Zarasevər hakimiyyətin Lyubov Uspenskaya biabırçılığı

Heyrətdən insanın nitqi tutulur. Ermənilər Azərbaycanın işğal olunmuş bölgələrində geniş quruculuq işləri aparıb, videoları paylaşaraq “Qarabağ bizimdir” mesajı verir. Bunlar erməni müğənnilərini ard-arda Bakıya gətirib oxutmaqla nəyin mesajını verirlər görəsən, ermənilərlə qan qohumu olduqlarınınmı?

Deyəsən Azərbaycan hakimiyyətinin Qarabağ məsələsində sərgilədiyi təslimçi mövqe erməniləri daha da ruhlandırıb. Diqqət etmisinizsə, son illər Bakını su yoluna döndərən ermənilərin də əl-qolları xeyli açılıb. Hakim ailə üzvlərinin təşkilatçılığı ilə keçirilən “Jara” festivalından ayağı Bakıya açılan Zaranın ardınca burda konsert vermək istəyənlərin sayı artıb. Təəccüblü heç nə yox, öz xalqının şəhidinə hörmət qoymayan bir antimilli hakimiyyətdən gözlənilən də elə bu idi. Zaranın Bakıya gəlişinə etiraz edən insanları susdurmaq üçün Qarabağdan olan insanları ortaya atıb, “Zara Mqoyan gəlib burada bir-iki saat oxumaqla nə edəcək?” dedirtdirən zehniyyətdən başqa nə gözləyirsiniz? Belələrinə el arasında deyirlər “arı yeyib, namusu atıb qulağının dibinə”. Bununla nə olacaq?” deyən adamlar Paşinyanın Qarabağda yallı gedib “Artsax Ermənistandır, nöqtə” bəyanatından utanıb yerə girməliydi, əslində. Amma harda bunlarda o utanan sifət?

Uspenskayanın “parlaq” Bakı xatirəsi və erməni mahnısı

Elə bu utanmazların bivecliyi üzündən məlum bəyanatın ardınca Bakıda daha bir rüsvayçı hadisə yaşandı. Rusiyanın məşhur müğənnisi Lyubov Uspenskaya Bakı konsertində millətə acıq verirmiş kimi, çıxıb erməni dilində mahnı oxudu. Sosial şəbəkələrdə yayılan videoda Uspenskayanın Bakıda erməni dilində mahnı ifa etdiyi görüntülənib. “Qarabağ müharibəsinin ən qızğın vaxtı idi, Bakıya qastrol səfərinə getmişdim. Konsertdən sonra azərbaycanlılar məni nahar yeməyi üçün Bakının məşhur restoranlarından birinə apardılar. Biz orada o qədər spirtli içki qəbul etdik ki, “lül-qəmbər” olduq. Birdən qonaqlar dedilər ki, Lyuba, dur, bir mahnı ifa et. O qədər içmişdim, ağlımdan tamamilə çıxmışdı ki, haradayam. Başladım erməni dilində mahnı ifa etməyə. Musiqiçilər məni bir neçə dəqiqə müşayiət etdikdən sonra yerlərindən durub, çıxıb getdilər”. Bu “parlaq” xatirəsinin ardınca L. Uspenskaya həmin mahnını ifa etmək üçün yenidən piano arxasına əyləşib. Həmin görüntülər sosial şəbəkə istifadəçilərinin kəskin qəzəbinə səbəb olsa da, müğənnini bura gətirənlərin cınqırı da çıxmayıb. İnanın, qoca tarixin minillikləri belə rüsvayçılıq görməyib. Torpağını işğal edən, minlərlə qız-gəlinini əsir götürən, on minlərlə insanını qətlə yetirən, hər gün evlərinə şəhid göndərən düşməni gətir, kef məclislərində yuxarı başa çıxar, yedir-içir, öz dilində oxusun, bir aləm pulu da cibinə qoyub getsin. Buna öz xalqının, tarixinin , şəhidlərinin ruhuna xəyanət etmək deyirlər!

Daha bir erməni konsertə hazırlaşır

Biabırçılıq bununla da bitmir. Qarşıda daha bir erməni konserti var. Noyabr ayının 30-da da Rusiyanın erməni əsilli estrada müğənnisi Aleksey Çumakov Heydər Əliyev adına sarayda solo konsert verəcək. Xatırladaq ki, bu onun Bakıda verdiyi ilk konsert deyil. Çumakov Bakıda ilk solo konsertini 2018-ci ilin dekabr ayında verib. O, Bakıda təşkil olunan “JARA” musiqi festivalında da 2 dəfə iştirak edib. Onu da bildirək ki, Çumakovun anası Liliya Avanesyan Azərbaycanda (Dağlıq Qarabağda) anadan olub. Aleksey Çumakov dəfələrlə Ermənistana səfər edərək İrəvanda konsert verib. Bir neçə ay əvvəl o, NTV televiziyasında yayımlanan və Tiqran Keosyanın aparıcısı olduğu verilişdə anası haqqında və erməni dili haqqında danışıb.

Heyrətdən insanın nitqi tutulur. Ermənilər Azərbaycanın işğal olunmuş bölgələrində geniş quruculuq işləri aparıb, videoları paylaşaraq “Qarabağ bizimdir” mesajı verir. Bunlar erməni müğənnilərini ard-arda Bakıya gətirib oxutmaqla nəyin mesajını verirlər görəsən, ermənilərlə qan qohumu olduqlarınınmı?