Simasını itirmiş parlament

Sabir Rüstəmxanlının sitatın müzakirəsi

Dörd gündən öncə müsəlman şərqində ilk parlamentli respublikanın yaranmasını qeyd etdik. 1918-ci il may ayının 28-də yaranan Azərbaycan Parlamentinin 101 yaşı tamam oldu. Çox ağır siyasi şəraitdə fəaliyyətə başlayan o parlamentin ilk sədri böyük bir dövlət adamı idi – Əlimərdan bəy Topçubaşov. İxtisasca hüquqşünas olan Topçubaşov sözün əsl mənasında böyük intellekt və ləyaqətli siyasi xadim idi. Elə bir şəxsiyyət ki, həyatı boyunca əsla prinsiplərinə xəyanət etmədi. Təmsil olunduğu hökumətdə o da digər cümhuriyyət sevdalıları kimi həyatını güclü, demokratik, modern bir dövlət qurulmasınahəsr etdi. Dövlətin büdcəsindən maaş  adına özlərinə qəpik-quruş ayırmışdı bu adamlar. Ölkənin bütün sərvətlərini dövlət quruculuğuna yönəltmişdilər.  Bu həqiqəti Nazirlər Şurasının sədri Nəsib bəy Yusifbəyliyə atasının yazdığı məktub da sübut edir. Həmin məktubdan aydın olur ki, hökumətdə təmsil olunduğu vaxtda belə, Nəsib bəy atasına məktub yazaraq, pul istəyirmiş… 

O vaxtdan düz 101 il keçib və elə böyük kişilərin min bir əziyyətlə yaratdıqları parlamentin indiki durumu adama qan ağladır. İndi bu parlamentdə xüsusi təyinatla yer tutan deputatların hansını silkələsən, üstündən ən azı, on-on beş milyon tökülər. Millət vəkili adına ləkə olan bu adamlar on illər ərzində şərəfli babalarımızın qurduğu o müqəddəs parlamenti nifrət hədəfinə çevirməyi çox məharətlə bacardılar. 10 il bu parlamentin deputatı olmuş Sabir Rüstəmxanlı dünən müsahibəsində belə bir ifadə işlədib: “Baxırsan, hökumətin içində özünü quzu kimi aparır, amma bir az qurdalayırsan, bunun striptiz otağı, nələri meydana çıxır…”.

Sabir bəyin kimi nəzərdə tutduğunu bildiniz yəqin ki. Aylardır striptiz-bar qalmaqalında adı hallanan şəxsin parlamentin sədri Oqtay Əsədov olduğunu kim bilmir ki? Sabiq deputat indiyədək parlamentdə kimsənin cəsarət edib dilə gətirmədiyi sözləri söylədi. Hansı ki, xalq adına rüsvayçılıq olan  bu qalmaqal hansı ölkədə baş versəydi, parlament o spikeri çoxdan yola salmışdı. Amma bu sistemdə hər şey iyrənc şəkildə bir-birinə bağlıdır. Dünyanın müxtəlif ölkələrində  çoxmilyonluq varidatı olan, bununla kifayətlənməyib, arvadına Moskvada striptiz-bar açan spikerdənmi istefa mədəniyyəti gözləyirsiniz? Yoxsa o parlamentdə qanunsuz yollarla böyük sərvət yığıb kriminallaşmış deputat yığınından hesabat tələb etmək cəsarətimi? Yox, onlar illərdir xalqı dar bir dairəyə salıb sıxdıqca -sıxan zəncirin halqalarıdır. Başdakı halqanı qoparmaq mexaniki olaraq o biri halqaların da qopub tökülməsinə səbəb ola bilər. Elə bir-birilərini böyük canfəşanlıqla qoruyub saxlamalarının kökü də, bax, burdadır…

Professor Cəmil Həsənli vaxtı ilə bu hökumətin çox dəqiq tərifini vermişdi: “Azərbaycanda indiyədək elə bir dövr olmayıb ki, bu qədər səviyyəsiz, intellektsiz, mədəniyyətdən və mənəviyyatdan uzaq adamlar eyni hakimiyyətdə təmsil olunsunlar.” Artıq kimsəyə sirr deyil ki, xalqa yad adamların yığnağına çevrilmiş bu parlamentdəkiləri yalnız bir şey birləşdirir-haram yemək. Bu gün insanlar  sosial şəbəkələrdə onların anti-xalq əməllərini lənətlədikcə, onlar cəm olduqları iftar süfrələrindən şəkillər paylaşırlar. Əgər müqəddəs Ramazan ayının fəlsəfəsi günahlardan arınmaq, haramdan uzaq durmaq, qazancını yoxsullarla paylaşmaqdırsa,  Oqtay Əsədov və ya Hadı Rəcəbli kimilərin o iftar süfrəsində nə işi var?

Yuxarıda parlamentin təyinatlı deputatlarını zəncirin halqalarına bənzətdik. Bəla burasındadır ki, o zənciri əlində saxlayıb qırılmağa qoymayan da elə ölkə başçısının özüdür. Belə görünür ki, bütünlükdə mənəvi simasını itirmiş, çirkaba batmış, xalqın nifrətini qazanmış bu anti-milli parlamenti saxlamaq mütləqİlham Əliyevə lazımdır. Belə olmasaydı, o çoxdan Zelenskinin atdığı addımı ataraq, deputatların toxunulmazlığının götürülməsi, kriminallaşmış, qeyri-qanuni varlanmış deputatların həbsi təklifi ilə çıxış edərdi. Əslində, bu addımdan ən çox qazanan elə onun özü olardı…

Qardaşınız deyən kimi “nifrət olunmalı sistemdir…”, Ziyafət müəllim!

Bütün bunlarla yanaşı, Azərbaycan Parlamentinin sədr müavini Ziyafət Əsgərov müxalifətin ünvanına təhqiramiz ifadələr işlədib. “Azərbaycanda müstəqilliyin ilk illərində avanturist, səriştəsiz adamlar hakimiyyətə gəlib ölkəni pis vəziyyətə qoymuşdular. Belə insanlar indi yenidən gəlib Azərbaycana rəhbərlik etmək istəyirlər. Sosial şəbəkələrdə böhtan, təhqir yayırlar. Bunlar əxlaqsız adamlardır, onların hərəkətləri əxlaqsızlıqdır… ”Təsəvvür edirsinizmi, bu sözləri ölkənin ali qanunverici orqanının ikinci şəxsi minlərlə insanın ünvanına deyir. Əslində, onun nədən bu qədər aqressivləşdiyini anlayırıq. Hamı kimi o da sosial şəbəkələrdə təmsil olunduğu parlamentə qarşı gündən-günə artan nifrətin fərqindədir. Hami kimi, o da xalqın onların ünvanına necə hiddətlə qəzəb püskürdüyünü görür. Elə onun rahatlığını pozan,  özündən çıxardan, bir dövlət adamına yaraşmayan tərzdə qışqırdan səbəb də budur. 

Amma…ən azından Ziyafət müəllim oturduğu kürsüdə sağına-soluna baxıb əxlaqdan danışmasın gərək. Ən azı, o, ölkəni gətirib çıxardıqları bu bərbad duruma görə utanıb-qızarıb sussun gərək. Ən azı, o, xalqda parlamentə qarşı bu qədər nifrət yaradan komandanın birinci şəxslərindən olduğuna görə xəcalət çəksin gərək. Ziyafət müəllim o sözləri dilinə gətirəndə əvvəl özünə, sonra da yanında oturduğu məclis sədri Oqtay Əsədova baxsın gərək. Bəlkə dünya praktikasında adı striptiz-bar biznesində hallanan ikinci parlament sədrinə rast gəlmisiniz? Bəlkə dünyanın hansı ölkəsindəsə bu qədər qanunsuz əməllərdə adı keçən, korrupsiya çirkabına bulaşmış deputatların təmsil olunduğu parlament tanıyırsınız? Aylardır dünya mətbuatı sizin möhtərəm sədriniz Əsədovun çirkli ailə biznesindən yazır. Bəlkə ölkənin adını dünyada rüsvay edən spikerin sağ böyründə oturub,  heç nə olmayıbmış kimi susmaqdır əxlaqsızlıq? Bəlkə saxta yollarla mandat alıb, böyük imtiyazlar əldə etmək, oğurluqla varlanmaq, hər gün yoxsullaşan, hüquqsuzlaşan xalqı insan yerinə qoymamaqdır əxlaqsızlıq? Arada açın oxuyun, sayənizdə dünya mətbuatı ölkəmiz haqqında nələr yazır? Oxuyun, dünya sizin əxlaqsız əməllərinizdən danışır, Ziyafət müəllim, bəlkə, özünüzə diqqətlə baxasınız.  Bəlkə özünüzə sual verəsiniz ki, bu xalq nədən sizi bu qədər söyür axı? Bu xalq nədən sizə bu qədər qəzəblidir, hələ də anlamamısınızmı? On illərdir zəbt etdiyiniz kürsülərdə xalqın qanını zəli kimi sorub bitirdiyinizin fərqində deyilsiniz yoxsa?

Və bir halda ki, parlamentin sədr müvaini əxlaqsızlıqdan və səriştəsiz idarəetmədən danışır, ona yaxın tarixdə öz qardaşının dilindən səslənən sözləri xatırlatmaq istərdik. Ziyafət Əsəgərovun qardaşı, Xətai rayon Tibbi Sosial Ekspertiza Komissiyasının sədri Əli Əsgərov vəzifəsindən istefa verən zaman nə demişdi, xatırlayırsınız? “Nifrət olunmalı bir sistemdir…” Bu sistemin dəqiq və sərrast ifadəsi! Xalq elə bu üzdən sizə nifrət edir, Ziyafət müəllim. Qəzəbli insanlar mesaj verir ki, bu ölkə sizə dədənizin vərəsəlik kağızı ilə ötürülmüş mülkiyyət deyil. Buraxın parlamenti, xalqın yaxasından düşün gedin artıq!

azerbaycansaati.tv