“Kapriz” Zemfiranın Moskada daha bir “Zəfər”i

 

Spiker Oqtay Əsədov dövriyyəyə girir, həm də israrla. Bir qədər də orijinal formada. Əslində, çoxdandır, belə mütəvazi fikir var ki, deyəsən Oqtay Əsədov bir qədər maymaq adamdır, yəni, siyasi fəhmi və ola bilsin, hətta maddi təfəkkürünün çevikliyi etibarı ilə maymaq adam təəssüratı bağışlayır, yaxud da bağışlamaq istəyir. Üstünlüyü o fikrə verək ki, Oqtay Əsədov bu qədər yırtıcı məmur sürüsünün arasında sadəlövh və “maymaq” adam təəssüratını məmnuniyyətlə daşıyardı, amma günün birində, daha çox da, sabiq bankir Cahangir hacıyevin həyat yoldaşının Londondakı məsrəfləri Azərbaycan və dünya basınında tüğyan edəndən sonra Oqtay Əsədovun da bu istiqamətdən “nəfəsi açıldı”. Məlum oldu ki,  spikerin həyat yoldaşı ərinin siyasi ranqı və çəkisi və digər göstəricilərini də üzərinə alaraq sabiq bankirin həyat yoldaşını çaya susuz aparıb susuz da geri qaytarar. Üstəlik də, bahalıq etibarı ilə Londonla Moskva arası dakı bütün mümkün fərqləri də nəzərə alsaq, spikerin həyat yoldaşı Zemfira Əsədova Zamirə Hacıyevadan daha iri sürətlə və daha qətiyyətlə hərəkət edir.

Bütün detalları müqayisə etməyə ehtiyac yoxdur, ən azı, hələlik, ehtiyac yoxdur. Bəlkə, sonralar…

Bir müddət əvvəl spikerin həyat yoldaşının Moskvada, Bakı küçəsində striptiz- bar işlətdiyini, hətta həmin barda narkotika alveri ilə hüquq mühafizə orqanlarının diqqətini cəlb etdiyini də bildirdik, həmin məsələ ölkədə, gerçəkdən bir informasiya fırtınası yaratdı. İndi isə onun daha bir zəfərindən bəhs edəcəyik. Bu dəfə ünvan da elə, əməlli başlı “Zəfər”dir, daha hansısa “Səməd Vurğun, 7”- filan deyil. “Bakı, Səməd Vurğun, 7” Azərbaycanın birinci vitse-prezidenti xanım Mehriban Əliyevanın şirkətlərinin hüquqi ünvanıdır, amma Moskva, “Zəfər Palas”… Oqtay Əsədovun həyat yoldaşının hüquqi və sosial ünvanlarından biridir. Yəni, Triumf Palas!

 Nədir bu Triumf Palas deyilən nəsnə? Azərbaycanlılar demişkən, “zırıltı bir şeydir”. Bu, əlbəttə, tamamı və bütünüylə birlikdə Oqtay Əsədova və ya onun həyat yoldaşı Zemfira Əsədovaya məxsus olan obyekt deyil. Triumf Palas Moskvada ən hündür yaşayış binasıdır. Bina deyəndə də, o qədər də doğru səslənmir. Bu, bir kompleksdir. Yalnız Rusiyanın deyil, Avropanın da ən yüksək yaşayış binasıdır. 264 metr qülləsi ilə birlikdə, 214 metr çardağın hündürlüyü.

Əslində bu “ən” ədatı olmasa bizimkilər belə ünvanlara- belə nəsnələrə önəm verməzlər. Onlar üçün mütləq bir “ən” olmalıdır. “Ən böyük”, “ən geniş”, “ən dərin”, “ən tamahkar”, “ən görməmiş” və sairə və ilaxır.

Avropanın bu ən hündür yaşayış kompleksindən əlimizdə bəzi sənədlər var, bun sənədlər təsdiq edir ki, Oqtay Əsədovun həyatb yoldaşı Zemfira Əsədova bu binada iki lüks mənzilin sahibidir. Bunlardan birinin dəyəri təxminən 2- 2,5 milyon dollardır, o birinin dəyəri isə 5-6 milyon dollara qədər yüksək ola bilər. Məsələ burasındadır ki, bu kompleksdə mənzillərin sayı mərtəbə yüksəkliyinə görə dəyişir. Nə qədər hündürdürsə, o qədər bahadır. Zemfira xanımın aldığı mənzillərdən biri Triumf Palasın 12- ci mərtəbəsindədir (65 nömrəli mənzildir), o birisi isə 37-ci mərtəbədə (372 nömrəli mənzil).

Triumf Palas ünvanını seçən spiker ailəsi əlbəttə, aristokratiyanı nəzərə alaraq bunu edib. Atalar necə deyib? “Ev alma, qonşu al”. Amma əgər həm ev, həm də qonşu almaq kimi bir lüksün varsa, bundan ötrü yetərincə pulun, üstəlik, bir banan respublikasının parlamentinin spikeri kimi qüdrətli ərin varsa, o zaman qonşuları da, keşniş kimi, dəstəsini bir yerdə ala bilərsən. Zemfira xanım Əsədova da belə qonşuları, özü də dəstə ilə alıb: məşhur aktyor Oleq Tabakov, müğənnilər MakSim, Dima Bilan, top ulduz Lolita və o biriləri də buketə çayır əvəzi.

372 saylı mənzilin quruluşu barədə hələlik bilgimiz yoxdur, ümid edirik, yaxınlarda olacaq, amma 65 nisbətən daha aşağıda olduğu üçün əyilib baxmaq olur. Bu mənzilin pəncərələri üzü Kremlədir (gərək əlin də, ətəyin də, yönün də böyüklərə tərəf olsun), pəncərələr döşəmədən tavana qədərdir, çox otaqlıdır, 250 kvadrat metr sahəsi var, mənzildə fitnes və kitabxana (etiraf edək ki, kitabxanada yalnız qalın cildli və yaraşıqlı cildlərinə görə seçilmiş kitablar düzülüb), spa- otaq, hətta kinoetaetr belə var. Yeri gəlmişkən, Oqtay müəllimin bu kinoteatr azarının hardan gəlmə olduğunu anlamaq olur. Onun  Bakı ətrafındakı bütün rezidensiyalarında kinoteatr mütləq və mütləq nəzərə alınır.

Mənzildə böyük salonun bir divarı boyu dünyanın məşhur şərab markalarından olan “Petrus” nümunələrindən ibarət kolleksiya düzülüb.

 

“Hadisənin şahidlərinin” dediyinə görə, Spikerin bu Triumf Palasdakı 65 saylı “kiçik” mənzilinin mebel təchizatına təqxminən 1,2 milyon dollar xərclənib. Mənzil barokko üslubunda işlənib, cilalanıb. Yeri gəlmişkən, kübar qonşular öz tərbiyələrinə uyğun olaraq xanım Əsədovanı ya “Zema Bakinski”, ya da “Zema Kapriz” adlandırırlar.

 Əsədovlar Rusiyada böyük biznes imperiyası qurublar.Taunhauslar, kotejlər, mənzillər, dükanlar, avtoyuma mərkəzləri, striptiz və saunalar, restoranları var. Rusiya ilə yanaşı Əsədovların Türkiyədə, Avropanın bir necə ölkələrində milyonluq mülk və biznesləri var.

 Amma bir də özəl mənbələrdən əldə edilən yoxlanılması mümkünsüz olan xəbərlər var. Bizə daxil olan məlumatda bildirilir ki, Oqtay Əsədovun və ümumiyyətlə Əsədovlar ailəsinin 2010-11- ci illərə qədər Rusiya ilə seyrək bağlılıqları ola bilərdi. “Əgər Oqtay əsədov Rusiya xüsusi xidmət orqanları tərəfindən ələ alınıbsa, bu, 2010-cu ildən sonra baş verib”- deyə mənbə bizə bildirib. Xatırladırıq ki, söhbət Azərbaycan parlamentinin sədrindən gedir.

 Zaur Əliyev, Moskva