Ölkə ilə məzələnmək…

Həyatın dibində olan 117 min ailəyə, yəni 500 min insana acından ölməmək üçün verdikləri yavan çörək pulunu da iki il öncə kəsiblər. 1 milyon 300 min pensiyaçı təxminən 200 manat pensiyanın ümidinə buraxılıb və acdır. ..

Azərbaycan hökuməti 19 yanvardan sonra başını itirib özü etiraf etdi ki, Azərbaycanda 600 min insan minimum əmək haqqı, yəni 180 manat (106 ABŞ dolları) maaş alır. Bu, günə 3 dollar qazanc deməkdir və hətta yoxsulluq da yox, dilənçilik həddidir. Həyatın dibində olan 117 min ailəyə, yəni 500 min insana acından ölməmək üçün verdikləri yavan çörək pulunu da iki il öncə kəsiblər. 1 milyon 300 min pensiyaçı təxminən 200 manat pensiyanın ümidinə buraxılıb və acdır. Təkcə yoxsulluq həddindən də aşağıda yaşayan, səfalət içində sürünən bu üç kateqoriyaya daxil olan vətəndaşların sayı 2 milyon 400 min nəfərdir. Ölkədə faktiki yaşayanların sayı 7 milyon 500 mindən çox deyil. Göründüyü kimi, əhalinin ən azı 30 faizi hakimiyyətin özünün təqdim etdiyi göstəricilərə görə yoxsulluq həddindən aşağıda yaşayır. Mən hələ kənd rayonlarını bürümüş kütləvi işsizlikdən, işləyən 1 milyon 500 min insanın 70 faizinin 265 manatadək əməkhaqqı almasından danışmıram. Tibbi sığortanın olmamasını, ali təhsilin, səhiyyənin pullu və bərbad olduğunu, qiymətlərin od tutub yandığını demirəm. Əhalisinin 30 faizi rəsmi göstəricilərə görə səfalət içində çabalayan bir ölkədə insanların həyatlarından, rifahlarından məmnunluq göstəricisinin 97 faiz təşkil etdiyini demək analoqu olmayan həyasızlıqdır, xalqı ələ salmaqdır, təhqir etməkdir. Əminəm ki, Azərbaycan xalqı bu gün onunla məzələnən, onu aşağılayan hökumətin cavabını ən yaxın zamanda və layiq olduğu şəkildə verəcək.