Prokurorluğun aldığı “səmimi ifadələr” dəlillərilə təsdiq edilmirdi

Müstəntiqlər öz saxta versiyalarını istintaq materiallarına uyğunlaşdıra da bilməmişdilər

Ramin Nağıyev: «Fazil Muxtarov «səmimi ifadə» vermişdi ki, Afiyəddin Cəlilovu tapança ilə qətlə yetirib, halbuki qətl avtomatla törədilmişdi»

Şəmsi Rəhimov və Afiyəddin Cəlilovun qətli və istintaqla bağlı həmin dövrdə MTN Istintaq Idarəsinin mühüm işlər üzrə müstəntiqi olmuş Ramin Nağıyevin açıqlamalarının cəmiyyətdə yaratdığı rezonans “Azadlıq” qəzeti olaraq bəzi detalları dəqiqləşdirmə zərurəti yaratdı. Həmin detallara aydınlıq gətirmək üçün R.Nağıyev növbəti dəfə suallara cavab verir.

Qətldə istifadə olunan maşını da, nömrəsini də aşkarladıq

– Şəmsi Rəhimovun öldürülməsində istifadə olunan, şahidlərin sonuncu seriya nömrəsinin “9” olduğunu söylədikləri ”Jiquli” maşınının nömrəsini tam olaraq öyrənə bildinizmi?
– Şəmsi Rəhimov 1994-cü il, sentyabr ayının 29-da, saat 22.30-da öz evinin girişində öldürülüb.
Hüquq-mühafizə orqanlarının rəhbərləri dərhal başlayan əməliyyat tədbirlərinin nəticəsində R.R.Abbasov adlı vətəndaşla əlaqəyə girdilər. O, istintaqa bunları bildirdi: Qətl hadisəsi baş verən zaman iki nəfəri gördüm. Onlar açıq rəngli, VAZ 2107 markalı “Jiquli” avtomobilinə minərək hadisə yerini tərk etdilər”.
Əməliyyat qrupu dərhal həmin avtomobili aşkar etmək üçün tədbirlərə başladı. Sentyabrın 30-da polis əməkdaşları VAZ 2107 markalı, ağ rəngli, T 76 14 MT dövlət nömrə nişanlı avtomobili saxladılar. Bəlli oldu ki, sentyabrın 29-da axşam məhz bu maşın DIN əməkdaşları Əliyev Elçin Qaraoğlan oğlunun (OMON) və Hüseynov Fazil Zülfüqar oğlunun (DYP) istifadəsində olub. Şahid R.R.Abbasov da hadisə baş verən zaman məhz bu maşını görmüşdü.

Fazil Muxtarovu “yolüstü” həbs etmişdilər

Elə həmin gün Elçin Əliyev və Fazil Hüseynov həbs edildilər. Onlarla bir yerdə OMON-un sabiq əməkdaşı Muxtarov Fazil Famil oğlu da həbs edilmişdi. Buradaca qeyd edim ki, Fazil Muxtarov tamamilə təsadüfən həbs edilmişdi. Məsələ burasındadır ki, adı çəkilən iki polis əməkdaşı həbs ediləndə həbsi həyata keçirən polis qrupu səhv etməkdən çəkinərək “yolüstü” Fazil Muxtarovu da həbs etmişdilər. Bunu istintaqa təqdim edilən bir videokaset də təsdiq edirdi ki, hadisə baş verən həmin məşum gün Fazil Muxtarov toyda olub. Toyda iştirak edən qohumlar və tanışlar da hamısı şahid ifdələri ilə təsdiq etmişdilər ki, Fazil Muxtarov həmin hadisə baş verən zaman toyda olub, toydan sonra isə keflənmiş qonaqları öz maşını ilə evlərinə aparmaq işi ilə məşğul olub.
Sentyabrın 30-da onların hər üçün əvvəlcə Yasamal rayon polisinə, səhəri gün şəhər Polis Idarəsinə, daha sonra isə MTN-in istintaq təcridxanasına gətirilmişdilər. Ilkin istintaq zamanı onların hər üçü ittiham üzrə özlərinin günahkar olmadıqlarını bildirmişdilər. Elçin Əliyev və Fazil Hüseynov istintaqa bildirdilər ki, onlar axşamüstü toydan çıxıb T 76 14 MT nömrəli, ağ rəngli “Jiquli” ilə Bakıya gəliblər, restoranın yanında Andi adlı çeçenlə (Elçin onunla bir yerdə Qarabağ savaşlarında iştirak edib) görüşüblər və avtomobili də həmin çeçenə veriblər. Andi səhəri gün maşını onlara qaytarıb. Qətl hadisəsi haqqında onlara heç nə məlum deyildi: Elçin gecə evdə, Fazil Hüseynov restoranda, Fazil Muxtarov isə toyda olub. Fazil Muxtarov istintaqa bildirib ki, hətta toydan sonra da öz “Niva”sı ilə toydan çıxan içkili qonaqları Bakıya müşayiət edib. Onların əleyhinə olan yeganə ifadə də VAZ 2107 markalı, T 76 14 MT nömrəli, ağ rəngli “Jiquli”nin onlara məxsus olması idi. Bu ifadə isə qatilin sifətini də görmüş yeganə şahidə məxsus idi. Amma bizim hamımızın böyük təəccübümüzə rəğmən şahid Abbasov R.R. üzləşdirmə zamanı hadisə yerində gördüyü adamın bu üç nəfərdən heç biri olmadığını israrla dedi. Əlavə etdi ki, hadisə yerində gördüyü adamların sifətini yaxşı xatırlayır və heç bir halda səhv edə bilməz. Bu epizodu əlavə olaraq yoxlamaq üçün mən şahidlə birlikdə hadisə yerinə getdim. Orada şahid, hətta qatillərin əyləşib qaçdığı “Jiquli”nin asfaltdakı çuxura neçə düşdüyünü də təfərrüatı ilə göstərdi. Çuxura baxış zamanı orada paslı metal izləri aşkar edildi və nümunə üçün götürüb ekspertizaya yolladım. Ekspertiza təsdiq etdi ki, bu metal izləri T 74 16 MT nömrəli, ağ rəngli həmin “Jiquli”yə məxsusdur. Metal hissəciklərindən biri isə, hətta maşının səsboğucu borusundan qopmuşdu və onun qopduğu yer də aşkar edildi. Bununla da şahid R.R. Abbasovun ifadəsi təsdiqini tapdı ki, hadisə yerində həmin bu avtomobil olub.
Amma bu adam OMON-çuları niyə tanımasın, axı?

Rüfət Mansurov göstəriş verib, sonra da “xəbərim yoxdur” dedi

-Fazil Muxtarov, Fazil Hüseynov və Elçin Əliyev CM-nin 220-ci (qanunsuz silah gəzdirmə) maddələri ilə həbs olunduğu təqdirdə niyə bu üç nəfərdən yalnız Fazil Muxtarovu azadlığa buraxdınız? Eyni maddə ilə suçlanan digər 2 nəfəri də niyə azad etmədiniz?
– Muxtarov qanunsuz silah saxlama maddəsiylə həbs olunmamışdı. Məsələ belədir ki, şahid Abbasov, faktiki olaraq Andi adlı çeçeni dolayısı ilə tanıdı. Bu barədə artıq yazmışam və təkrar etmək istəmirəm. Həmin çeçenin uğursuz axtarışı başladı. Bu arada isə Elçin Əliyevə və Fazil Hüseynova qarşı qanunsuz silah saxlama maddəsi ilə cinayət işi qaldırıldı. (Axtarış zamanı onların evindən patronlar aşkar edilmişdi). Muxtarova qarşı isə tamam başqa bir cinayət işi başlandı – dələduzluq: onun haqqında əldə edilən əməliyyat məlumatına əsasən, o, Türkiyə vətəndaşı olan bir nəfərin (adını unutmuşam), səhv etmirəmsə, 50 min dollar pulunu almışdı. Amma həmin türk istintaqa tamam tərs ifadə verdi. Məlum oldu ki, türk ehtiyacı olduğu üçün F.Muxtarovdan 50 min dollar borc alıb, amma hələ də qaytarmağa imkanı olmayıb. Muxtarov onun ofisinə gəlib və pulunu tələb edib, amma ona qarşı da heç bir xüsusi hədə-qorxu səsləndirməyib. Bu sayaq ifadələrdən sonra bir müstəntiq olaraq Muxtarovu həbsdə saxlamağım qanuni baxımdan mümkün deyildi. Bir neçə gün sonra isə əməliyyatçılar mənə bildirdilər ki, bu türk borcunu ödəmədən çıxıb gedib vətəninə. 30 noyabr 1994-cü ildə onların haqqında həbs-qətiimkan tədbiri daha iki ay uzadıldı. Üç ay ərzində Şəmsi Rəhimovun qətlində Fazil Muxtarovun iştirakının ola biləcəyinə dair ən dolayı ilişgilər belə aşkar edilmədi. Onlarla şahid dindirildi. Şahid ifadələri ən xırda detallara qədər üst-üstə düşdü və bu detalları heç bir halda uydurmaq, həm də bu şahid ifadələrini bir qırağa tullamaq mümkün deyildi.
Dekabrın ortalarında Istintaq Idarəsinin rəisi polkovnik R.Mansurov məni öz kabinetinə çağırdı. Bizim hər ikimiz bilirdik ki, Fazil Muxtarovu bu qətl hadisəsinə bağlamaq üçün ən xırda detal belə, yoxdur. Qanuna görə də onun həbsdə saxlanılması üçün heç bir əsas yox idi. Mansurov mənim məruzəmi dinləyərək bildirdi ki, bütün sübutları bir daha yoxlayaraq Muxtarovun haqqında qərar qəbul etmək lazımdır. Mən bildirdim ki, prokurorluq Muxtarovun azadlığa buraxılmasına etiraz edə bilər. Mansurov cavab verdi ki, ilin axırıdır və hansısa qanunsuz həbslə ilin yekunlarını korlamaq istəmir. Əlavə etdi ki, bu məsələ ilə bağlı MTN rəhbərliyi ilə məsləhətləşib. Dekabrın 31-də səhər saat 10-da Mansurov məni yenidən çağırdı və Muxtarov barədə nə etmək lazım olduğunu soruşdu. Mən də bildirdim ki, rəhbərlik daha yaxşısını bilər, nə məsləhət bilirsə, elə də edək. Xeyli fikirləşdikdən sonra Mansurov dedi ki, Muxtarovun həbsdən azad edilməsi haqqında qərar hazırlayım və başqa yerə getməmək haqqında iltizamını alım. Kabinetdən çıxarkən R.Mansurovdan bir daha soruşdum: “Muxtarovu buraxaq?”. O da müsbət cavab verdi.
Polkovnik R.Mansurovun MTN rəhbərliyi ilə razılaşdığını təxmin edərək bütün prosessual işləri yoluna qoydum və saat 16.00-da Fazil Muxtarovu azad etdim.

Muxtarovun buraxılması üçün 30 min dollar rüşvət?

– Fazil Muxtarovun azadlığa buraxılması üçün MTN Istintaq Idarəsinin rəisi Rüfət Mansurova Mahir Cavadovun 1994-cü ilin sonlarında, Türkiyəyə etdikləri birgə səfərdə verdiyi bildirilən 30 min dollar rüşvətlə bağlı nə deyə bilərsiniz?

ardı var

Mehri Hüseynova

linkhttps://www.azadliq.info/8206.html?fbclid=IwAR0LUaKe-rGn-dhLKXQFCkv1i2iAHwFCSWTW6RhFY7vmhHIwK–pfqamazQ