Yazıya bu cümlə ilə başlamağım sözsüz ki, təsadüfi deyil. Çünki 1 aya yaxındır ki, “həbsimin 3 ilylə bağlı nə yazacam” sualı beynimi məşğul edirdi. Nəhayət, 2 gün əvvəl cənab Yusiflini xarakterizə etmək üçün özümdən ixtiyarsız işlətdiyim bu fikir maraqlı sualla cavablandırıldı.
Bu əjdaha fikrin müəllifi kimdir?
Yalnız bu məhsuldar dialoqun sonunda qərara gəldim ki, sadə bir yazı yazacam. Beləcə, yalnız xüsusilə ali irqə mənsub olan və 4 əlamətiylə seçilən ali insanlardan yazacam. Parlaq, vüqarlı, prinsipial və sadəqətli insanlardan.
Arada məhbuslar arasında yarızarafat, yarıciddi buralar “akademiya” adlandırılır. Bu fikir nə qədər əsaslıdır bilmirəm, amma burada olan insanların digər insanlara nisbətən bəzi keyfiyyətlərə yeyələnməsi faktdır. Məsələn, ən vacib qanun “kişinin dustağı olmaz” qanundu. Yəni, bir kişinin başqasını qazamatla sınağa çəkməsi necə şərəfsizlikdirsə, haqsızın qarşısında geri çəkilmək də rəzalət sayılır.
Daha sonra deyirlər ki, məhbəsi görən insan ömrünün sonrakı dönəmlərində heç vaxt həbs olunmaqdan qorxmur. Yaxud, həbsdə olan adamı aldatmaq, haqqın yemək mümkün deyil.
Burda həm də susmağın və danışmağın yerini, məqamını dəqiq öyrənirsən. Bəzən danşmaq lazım olam yerdə də susursan. Qısası, buralar adama hər addımdan öncə iki dəfə düşünməyi öyrədir. Bu isə qorxu məsələsi deyil, formalaşan xarakterdi.
Bu “akademiyada” kimin nə qədər öyrəndiyini bilmirəm, amma mənim qismətim həqiqi mübarizə filosoflarının yanında yetişmək oldu. Belə ki, mən Asif Yusifliylə bir masada çörək yedim. Mənə “ya ovçu ol ya da ov. Amma heç vaxt ov daşıyan tula olma” prinsipini aşılayan insanla. Yaxud, Əfqan Muxtarlıyla, Məmməd İbrahimlə bir masanı bölüşdüm.
Hətta 100 il sonra da bu məmləkətdə heç nə dəyişməsə, yenə də həqiqət uğrunda savaşmaq gözəldi. Zülmlə savaş instinkti sənin ən yaxın dostundu.
Ünlü olmaq üçün doğulan ali irqin nümayəndələriylə keçirdiyim 3 il, ömrümün 29 ilinin ən parlaq, ən məsuliyyətli dövrüdü. Bu 3 ilin həqiqi dostları tam yanımda oldular.
Bu yazıda nə aldığım “kars” cəzalarından, nə digər təzyiqlərdən, nə də bugünə qədər mənə qarşı tətbiq edilən telefon və kitab qadağaların yazmıram. Məhz mənim ən müqəddəs saydığım gənclik xatirələrimin real qəhrəmanlarından yazmaq istədim. Yaşadığımız məhrumiyyətlərin heç biri əqidəmiz və əqidədaşlarımız qədər önəmli deyil. Həbsə düşdüyüm ilk gündən özümlə hansı savaş ruhunu, hansı prinsipləri, hansı cümhuriyyətçilik dəyərlərini gətirmişdimsə, özümlə daşımağa davam edirəm. Xüsusilə bu 3 illik davamın parlaq olması üçün partiyadaşlarıma, ailəmə, vicdanlı media mənsublarına, dəyərli vəkillərim Əsabəli Mustafayevə, Elçin Sadıqova və ən əsası məni mən edən valideynlərimə təşəkkür edirəm. Hesab edirəm ki, xoşbəxt insanam. Bütün məhrumiyyətlərə rəğmən xoşbəxtəm. Çünki sizlərin əsgəriyəm.
Allah hər birinizə xoşbəxtlik və istiqlaliyyətlə parlayan illər nəsib etsin.
Hörmətlə, sizlərdən biri:
Fuad Əhmədli