Erməni dəyirmanı

Əbil Həsənov

“Erməni” sözü artıq çoxdandır ki, söyüş kimi işlədilir. Kiməsə “erməni” demək onu güclü təhqir etməkdir. Ona görə də hakimiyyət ipə-sapa yatmayanları “erməni dəyirmanına su tökməkdə” günahlandıraraq aşağılayır, gözdən salır. Yadıma illər öncə Əkrəm Əylislinin “Daş yuxular” kitabı düşdü. AzTv-də və iqtidara yaxın digər mətbu orqanların tənqidindən belə başa düşdüm ki, Əkrəm Əylisli ağsaqqal vaxtında erməni dəyirmanına su tökürmüş. Bu yaxınlarda Rüstəm İbrahimbəyov da “Qafqaz triosu” filminə görə tənqid və təhqirlərə məruz qaldı. Çox maraqlıdır ki, Fəxrəddin Manafov, Mehriban Zəki da Rüstəm İbrahimbəyovu ermənilərə işləməkdə günahlandıraraq əsl patriot olduqlarını sübut etmişdilər. 2-3 il bundan qabaq sadaladığım şəxslərdən başqa Leyla Yunusu da erməniyə işləməkdə suçlandırırblar. Hələ bu azmış kimi bir qrup hakimiyyətyönlü gənclər AXCP sərdi Əli Kərimlinin evinin qarşısında” icazəli” mitinq keçirib, Əli bəyin özünü və ailəsini təhqir edərək onu erməniyə işləməkdə günahlandırırdılar. Düzdür onların bəziləri göstərdikləri “vətənpərvər”liyə görə iqtidar tərəfindən paylarını aldılar. Düzünü deyim, onlara baxıb ürəyim dağa dönürdü ki, bizdə belə vətənpərvərlər var. Hələ bu harasıdır. Xankəndində “qondarma Arsaxın” azad edilməsi münasibətiylə konsert verərək –“Qarabağın Azərbaycanla heç bir əlaqəsi yoxdur, Qarabağ ermənilərə məxsusdur”-deyən gürcü əsilli Rusiyalı müğənni Soso Pavliaşvilini dediyi sözə görə” vətənpərvər “məmurlar ölkəyə girişinə qadağa qoydular. Sevindim ki, şükür sənə ilahi bizimdə “qeyrətli” məmurlarımız var. Amma mənim bu sevincim çox uzun çəkmədi. Prezidentimizin eks kürəkəni Emin Ağalarov adlı bir cüvəllağı mənim sevincimi gözümdə qoydu. O, vətənpərvər məmurlarımızın qadağasına məhəl qoymayıb, onların dediklərini özlərinə yedirtdi. Sosonu Bakıya dəvət edib, ulu öndərimizin, Prezidentimizin dədəsi Heydər Əliyevin adını daşıyan sarayda konsertini təşkil etdi. Maraqlısı o idi ki, ilk sıralarda elə “dediklərini “ yemiş vətənpərvər məmurlar oturmuşdular. Hələ bu Emin cüvəllağının sonuncu hoqqası deyil. Ən dəhşətlisi isə onun Bakıda təşkil etdiyi “Jara” festivalına “Anam Ermənistan” və Qarabağın müstəqil olmasına mahnılar həsr edən, damarında erməni qanı axan müğənni Zaranı dəvət etməsi oldu.Az.Tv və digər iqtidar yönlü  televiziyalar  Zaranın gəlişini sevinclə reklam edirdilər. Düzdü Zaranın gəlişinə sosial şəbəkələrdə etiraz edənlər çox oldu. Təəssüf ki, onların arasında nə Fəxrəddin Manafov varıydı, nə də Qarabağ həsrətiylə  yazıb –yaradanlar,Qarabağ  şikəstəsi oxuyanlar. Onlar da Prezidentdən təqaüdlərini alıb ağızlarını yumdular. Hələ dünən srağagün Rüstəm İbrahimbəyovun” Qafqaz triosu” filmini tənqid atəşinə tutanlar, onu erməni təəssübkeşliyində qınayaraq topa tutub qanını tökmək üçün sıraya düzülənlər, dünya şöhrətli kinorejissoru “xalq düşmən” “satqın” və “ümumbəşəri cani” elan edənlər indi Zaranın gəlişini toy-bayram kimi qeyd edirdilər. Onların qara zurna sədaları altında qol götürüb rəqs etmələrini görəndə yadıma Vaqif Mustafayevin “Yaramaz” (Əclaf kimi də tərcümə olunur) filmindən bir kadr düşdü. ( Düzdü sonralar Vaqif Mustafayevin özü də həmin filmin personajına çevrildi) Həmin kadrda filmin qəhrəmanı Hatəmin ”Mən yaramazam, mən yaramazam “ deyərək Qəzənfərin qarşısında rəqs edirdi. İndi mən də bu mənzərələrə baxıb fikirləşirəm: erməni dəyirmanına əsil su tökən kimdir?