Polkovnik Ramin Nağıyevdən daha bir müdhiş cinayət barədə açıqlama
Nə üçün onları azad edənlər bunu Heydər Əliyevin adı ilə bağlayırdılar?
Millət vəkili Fuad Muradov nədən narahatdır?
“Sizin gündəlik olaraq öz qazetlərinizin səhifələrinə bu kimi məsələləri çıxarmağınız bir millət vəkili olaraq məndə və seçicilərimdə təəssüf hissi oyadır. Bu insanlar bu gün vəzifədə deyillər və nədənsə vəzifələrini itirdikdən sonra bu haqda danışırlar. Sanki bunlar ən vicdanlı polis və əməliyyatçı olublar. Xahiş edirəm bu kimi gülünc məsələlərlə insanların başını xarab etməyin.
Bu mülahizələri millət vəkili Fuad Muradov “Azadlıq” qəzetinə şərh olaraq yollayıb.
Hörmətli millət vəkilinin öz seçiciləri ilə eyni qayğıları bölüşdüyünə əməlli-başlı şübhə edirik və az əvvəl 20-ci sahədə evləri sökülən həmin seçicilərin yanında cənab Muradov adlı millət vəkilinin görünməməsi də bunun sübutudur. Fuad Muradov “Azadlıq”ın davam etdirdiyi bu təhqiqatı yersiz sayır, bu müdhiş cinayətlər barədə informasiyaları cəmiyyətə çatdıranları vəzifələrini itirmiş uğursuzlar hesab edir.
Fuad Muradov
Onun bu şərhi ilə tanış olan sabiq MTN-çi isə heç vaxt susmadığını, hətta işlədiyi günlərdə belə bu dəhşətli cinayətlərin üstünün açılması ilə bağlı davamlı cəhdlər göstərdiyini xüsusi olaraq vurğulayır. Amma təəssüf ki, onun müxtəlif dövlət orqanlarına, o cümlədən Fuad Muradovun əyləşdiyi parlamentə bu cinayətlərlə bağlı ünvanladığı sorğulara heç bir cavab verilmədiyindən həmin məlumatları cəmiyyətə təqdim etmək qərarına gəldiyini deyir.
Polkovnik Nağıyevin hələ 23 avqust 2002-ci ildə, 9 il əvvəl Azərbaycan parlamentinə göndərdiyi müraciətdə nədən bəhs edilir?
O zaman bu müraciəti oxumadığına görə bu materialı həm də hörmətli Fuad Muradova təqdim edirik:
“…Mənim sizə müraciətim ölkənin və millətin təhlükəsizliyi üçün keçirdiyim narahatlıq hissləri ilə bağlıdır. Narahatlığım yüksək çinli dövlət məmurlarının törətdiyi ağır cinayətlərlə bağlıdır və bu cinayətlərin istintaqını mən aparmışam. Bu cinayətlər ölkənin baş prokurorunun, Milli Təhlükəsizlik nazirinin, yəni xüsusi təqdimata ehtiyacı olmayan adamların adı ilə bağlıdır.
Bu müraciətdə mən sizin diqqətinizi 1994-cü ilin mart ayının 19-da Azərbaycan vətəndaşlarına metronun “20 Yanvar” stansiyasında həyata keçirilən və 14 nəfərin həlak olması, 49 nəfərin yaralanması ilə nəticələnən terror aksiyasına yönəltmək istəyirəm. Mən bu qanlı cinayətin istintaqını 1994-cü ildən 1996-cı ilə qədər aparmışam. Istintaqla müəyyən edildi ki, bu terror əməliyyatını Ermənistandakı hərbi təlim meydanlarında təlim keçmiş RF vətəndaşları olan “Sadval” Ləzgi Hərəkatının üzvləri həyata keçiriblər. Ermənistan tərəfi isə onları silah-sursat və partlayıcı maddələrlə təmin edib. Hərəkatın liderləri həmin gün Bakıda dörd yerdə bu cür partlayış planlaşdırmışdılar, amma onlardan birinin əməliyyat zamanı ölməsi o birilərinin gözünü qorxutmuş və qaçıb dağılmışdılar. Bütün icraçılar tutulub həbs edildilər. Amma bu teraktın təşkilatçıları və sifarişçiləri cəzadan yayındılar, hələ də azadlıqda gəzməkdədirlər. Amma ona görə yox ki, hüquq-mühafizə orqanları onları tapa bilmirdi. Ona görə ki, onların azadlıqda qalması müqabilində çox böyük pullar ödənildi. Acgözlük və tamahkarlıq Vətənpərvərlik hisslərini məhv etdi. Mən sizə bəlli olmayan bilgiləri xatırladacağam və bu bilgilər dönəmin səlahiyyət sahibləri olan baş prokurorlar Əli Ömərov və Eldar Həsənovun, Milli Təhlükəsizlik naziri Namiq Abbasovun fəaliyyəti ilə bağlıdır.
Pul Azərbaycanın hüquq-mühafizə orqanlarını iflic və zəlil etdi. Biz heç kimə sübut edə bilmədik ki, öz Vətənimizi və öz xalqımızı qoruyuruq. Biz heç kimə göstərə bilmədik ki, qarşımızdakı millətin və Vətənin düşmənləridir. Mən bu istintaqla bağlı bəzi mühüm faktları açıqlamalıyam ki, millət vəkilləri nə baş verdiyini bilsinlər və hansısa tədbirlər görsünlər.
12 terrorçunu satın almaq üçün əməliyyat
Hələ 1992-ci ildə Xaçmaz rayonunda 12 Sadvalçı həbs edilmişdi. (U.X. Kanberov, I.V. Batrak (RF vətəndaşı), N.M.Mirzəyev, M.P.Kurbanov, C.M.Askerov, D.S.Ibrahimov, E.Y.Şeydayev, S.Ş.Qasımov, M.S.Əlifxanov, B.Q.Alismanov və R.H.Hacıbalayev). “Sadval” rəhbərliyi bu həbs olunanların azad edilməsi üçün pul toplamağa başlamışdı. Bu kampaniyaya Rusiya vətəndaşı olan azərbaycanlı kriminal avtoritet, Bakı-Rostov yoluna nəzarət edən Seyid Fəttahov rəhbərlik edirdi. Eldar Həsənovun yeznəsi Seyid Fəttahovla biznes ortağı idi və onun vasitəsilə də onlar Eldar Həsənova çıxdılar. Eldar Həsənov isə onları Əli Ömərovla calaşdırdı. Bunların arasında “bazar olduğunu” isə mən 1995-ci ildə metro partlayışına görə təkrar həbs edilən “Sadval”çılardan öyrəndim. Ortada çox böyük pullar olmuşdu və terrorçular 1993-cü ildə azadlığa buraxılmışdılar.
Terrorçuların liderini açıb buraxmaq kimə və nə üçün lazım idi?
Amma bu tarix davam etməkdəydi. 1996-cı ilin iyun ayında MTN terror əməliyyatlarının təşkilatçısı olan “Sadval”ın lideri, RF vətəndaşı N.Ramazanovu Azərbaycan ərazisinə aldadıb keçirərək həbs etdi və MTN-in təcridxanasına saldı. Ramazanova qarşı Cinayət Məcəlləsinin 70-ci maddəsi üzrə (silahlı banda yaradılması) cinayət işi qaldırıldı. Bununla yanaşı, əməliyyat məlumatları ilə təsdiq edilirdi ki, bu adam aşağıdakı hərəkətlərin təşkilatçısıdır:
– Qusar, Xaçmaz və Quba rayonlarının silahlı üsyan yolu ilə Azərbaycandan qoparılması planlarının;
– tabeliyində olan banditləri Ermənistanın Lusakert və Arzni bazalarına göndərməklə, onların Azərbaycan ərazisində diversiyaların təşkili üçün hazırlanması (bunlardan biri, Oktay Qurbanov 19 mart 1994-cü il terrorunun iştirakçısı kimi həbs edilənlər arasında idi);
– Ermənilərdən alınan silah və partlayıcı maddələrin Azərbaycan ərazisinə keçirilməsi;
– Qusar rayonu ərazisindəki Zuxul hərbi postuna silahlı hücum zamanı bir nəfərin öldürülməsi və iki nəfərin yaralanması.
Azərbaycan xalqı əleyhinə törətdiyi bütün bu cinayətlərə baxmayaraq, birdən-birə, tamamilə gözlənilmədən N.Ramazanovu Dağıstana keçirib orada, guya RF hüquq-mühafizə orqanlarına verirlər. Guya, Ramazanov həbs edilən günün səhəri “Sadval” hansısa müəmmalı şəraitdə 3 nəfər Azərbaycan vətəndaşını girov götürüb və Ramazanov da onlarla dəyişdirilir.
Namiq Abbasovun susqun razılığı ilə Eldar Həsənov məsələni belə təqdim etdi ki, Ramazanovun Rusiyaya təhvil verilməsi RF Baş Prokuroru ilə anlaşmanın nəticəsində həyata keçirilib. Amma cəmi bir ay sonra bu bəhanənin də yalan olduğu ortaya çıxdı: biz RF baş prokuroru Çaykanın belə bir məktubunu aldıq ki, Azərbaycan və RF arasındakı dövlətlərarası müqaviləyə uyğun olaraq Ramazanov Azərbaycanda istintaq edilə və qanuni şəkildə cəzalandırıla bilərdi, onu Rusiyaya təhvil verməyə heç bir ehtiyac yox idi. Rusiyada isə Ramazanovu bir neçə gündən sonra azadlığa buraxmışdılar.
“Siz başa düşmədiz, cənab Polkovnik?!”
Daha sonra, 1997-ci ildə mən daha bir separatisti – Seyid Fəttahovu həbs etmək istədim. Öyrənilməsi zəruri olan bir neçə məsələ vardı: separatçı “Sadval” qruplaşmalarında silahlanmanın vəziyyəti; Ermənistan vertolyotları; bizim bürokratlara verilən rüşvət və cinayətkarların “alınması”… Amma Namiq Abbasov bunu mənə qadağan etdi.
Deputatların nəzərinə mühüm bir məsələni çatdırmaq istəyirəm: 1993-cü ildə Xaçmaz Məhkəməsindən 12 sadvalçını azad edəndə və 1996-cı ildə “Sadval”ın lideri Ramazanovu Rusiyaya verəndə sabiq prokurorlar və Milli Təhlükəsizlik nazirləri bunu prezident Heydər Əliyevin göstərişi olaraq icra etdiklərini deyirdilər, bəyan edirdilər ki, əmr ona məxsusdur. Yaxşı xatırlayıram ki, o zaman MTN-dəki müşavirənin gedişində bu cinayətkarların istintaq edilməsi və cəzalandırılması məsələsində israr edən Istintaq Idarəsinin rəisi R.Mansurova nazir N.Abbasov necə sərt şəkildə reaksiya vermişdi: “Siz başa düşmədiz, cənab polkovnik! Prezident Heydər Əliyev tərəfindən qərar qəbul edilmişdir və siz onu icra etməlisiniz! ÈãBu, əmrdir!”.
Mən dözmədim və müşavirədə iştirak edən Eldar Həsənova dedim ki, “bir müstəntiq kimi mən cinayətkar əmrləri yerinə yetirmirəm”. Bu sözlərdən sonra kabinetdə sükut çökdü. Siqareti tərgitməyə başlayan N.Abbasov bir siqaret yandırdı. Eldar Həsənov təəccüblə və qızarmış şəkildə mənə baxdı. Müşavirədə iştirak edən əks-kəşfiyyat əməkdaşları mənə dəstək verdilər. Bundan sonra N.Abbasov müşavirəni bağlı elan etdi və hamı çıxdı. Bir saatdan sonra MTN-in Istintaq Idarəsinə baş prokuror Eldar Həsənovun imzası ilə məktub daxil oldu. Məktuba əsasən, Azərbaycan Respublikasının Qanunvericiliyinə görə, N.Ramazanovla bağlı cinayət işi MTN-dən alınaraq, sonrakı istintaq üçün Baş Prokurorluğa verilirdi.
Elə həmin gecə Ramazanov N.S. Dağıstana keçirilərək Rusiyaya təhvil verildi.
Deputatlar bu üç suala cavab istəyə bilərlərmi?
Hörmətli deputatlar, siz bu məsləyə aydınlıq gətirə bilərsiniz. Sizin buna səlahiyyətiniz çatır. Azərbaycan xalqı o qanlı faciələr haqqında hər şeyi bilməyi haqq edir. Siz cənab prezident Heydər Əliyevə sorğu göndərib bu məsələlərin həqiqətə uyğunluğunu yoxlaya bilərsiniz.
1. 1993-cü ildə aralarında “20 Yanvar” metrostansiyasında partlayış törədənlərdən biri olan Oktay Qurbanovun da olduğu 12 “Sadval” terrorçusunun Xaçmaz Rayon Məhkəməsindən buraxılması üçün o, belə bir sərəncam vermişdirmi?
2. N.Ramazanovun Rusiyaya təhvil verilməsindən Heydər Əliyevin xəbəri olmuşdurmu?
3. Əgər, həqiqətən də belədirsə, cənab prezidentin bu yuxarıda qeyd edilənlərdən məlumatı olmuşdurmu?..”.
Mehri Hüseynova
linkhttps://www.azadliq.info/8149.html?fbclid=IwAR0v6gvlM4LdTFHKMIyC-dbFDBovkQZf1s_kgvCbOCduYknwoXigLKAPzJ0