Oqtay Gülalıyev
… Keçən il Bakıda keçirilən Avropa Oyunları zamanı avstriyalı atletlər- Vanessa Sahinoviç, Luna Pacer və Verena Breytinin vurulması ilə nəticələnmiş qəza ilə bağlı məhkəmə yekunlaşmaq üzrədir.
Bakı Ağır Cinayətlər Məhkəməsində dünən keçirilən məhkəmə iclasında prokuror avtobusun sürücüsü Vəli Əhmədovun 3 il, həmin kadrları yaymaqda təqsirləndirilən polis əməkdaşı Elçin Həsənovun 7 il, NN- nin Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin rəisi olmuş Hüseyn Salamovun 7 il, Sərnişin Daşımalarının Tənzimlənməsi sektorunun məsləhətçisi Fərid Əmiraslanovun 5 il azadlıqdan məhrum edilməsini tələb edib. Prokuror Fərid Əmiraslanov və Vəli Əhmədovun cəzalarını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkilməsini istəyib.
Məhkəmə prosesi ilə bağlı diqqətimi cəlb edən məqamlardan biri hadisənin görüntülərini yaymaqda təqsirləndirilən polis əməkdaşı Elçin Həsənovun 7 il müddətinə azadlıqdan məhrum edilməsi tələbi oldu. O bir ildir ki, işdən çıxarılıb və həbsdədir. Hələ bu az imiş kimi ona 7 il iş vermək istəyirlər. Sadəcə dəhşətdir. Adamın “günahı” odur ki, bu qeyri- adi, diqqəti cəlb edən qəza hadisəsini lentə çəkib ictimailəşdirib. Hökümət öz polisini dövlətin, Avropa Oyunlarının nüfuzuna xələl gətirməkdə ittiham edir. Bəyəm Elçin Həsənov həqiqətə uyğun olmayan nəsə yayıbmı? Baş vermiş hadisəni bəlkə montaj edib? Hər hansı baş vermiş hadisəni video lentə alıb yaymaq cinayətdirmi? Təbii ki yox! Bunu edən şəxsə 7 il həbs cəzası istəmək hansı hüquqda, insanlıq kitabında yazılıb? Başqa vaxtı hakimiyyət şəffaflıqdan, ictimai nəzarətdən danışırdı. Bəs nə oldu? Budurmu sizin ictimai nəzarətiniz? Hadisəni törədən sürücünü, onu bu yarışlara müəmmalı şəkildə qoşan məsul şəxslər (yeri gəlmişkən qeyd edək ki, sürücülərin son siyahısı keçmiş MTN- də hazırlanıb- red.) qalır kənarda və onlara şərti cəza istənilir, amma baş vermiş hadisəni lentə alan polisə ağır cəza verilir. Polis də insandır, onun da hüquqları var. Hakimiyyət bu hərəkətləri ilə göstərdi ki, onun tabeliyində olan hər kəs onun məqsədlərinin istifadəsi üçündür. Həmin şəxslər bu istifadəyə cavab verməyəndə kimliyindən asılı olmayaraq, hətta polis olsa belə cəzalandırılır. Digər polislərin bu münasibətdən ibrət götürməsi lazımdır.
Hakimiyyətin bütün sahələrdə olduğu kimi idman siyasəti də iflasa ugrayır. O, bu iflasın heyfini sadə, günahsız insanlardan çıxır.