Şəmsi öldürülən gün Rəsul Quliyev zəng vurmuşdu…

Rəfiqə Rəhimova: «Ramin Nağıyev qətli törədənləri aşkara çıxaracaqdı. Onu qoymadılar»

MTN-in xüsusilə mühüm işlər üzrə sabiq müstəntiqi Ramin Nağıyevin Afiyəddin Cəlilovla Şəmsi Rəhimovun qətli ilə bağlı “Azadlıq”a verdiyi açıqlamalar cəmiyyətdə geniş rezonansa səbəb olub. Sabiq müstəntiqdən sonra DIN-in sabiq əməliyyatçısı Salman Əliyev və o dövrdə xüsusi şöbədə çalışmış, Şəmsi Rəhimovun qətlinə görə həbs olunmuş Işgəncələr Əleyhinə Komitənin sədri Elçin Behbudovun müsahibələri qəzetimizdə dərc olundu. Lakin biz bu qətllə bağlı bütün tərəflərə yer ayırmaq, əsl həqiqəti ortaya çıxarmaq məqsədilə cəhdlərimizi davam etdiririk. Bu niyyətlə  mərhum Şəmsi Rəhimovun xanımı Rəfiqə Rəhimova ilə söhbətləşmək istədik. Lakin Rəfiqə xanım vaxtilə “Şərq” qəzetinə bu barədə müsahibə verdiyini deyərək, yenidən bu mövzuda danışmaq istəmədiyini bildirdi. Biz də həmin müsahibəni tapıb oxucuların diqqətinə çatdırmağı qərara aldıq. Beləliklə, Rəfiqə Rəhimovanın “Şərq” qəzetinin 1999-cu il 31 oktyabr tarixli sayında dərc olunmuş müsahibəsini olduğu kimi təqdim edirik:

***

Qızıl Şərq küçəsindəki hərbi şəhərcikdə yerləşən general Yazovun keçmiş mənzilində axıradək yaşamaq ona qismət olmadı. Prezident Aparatı yanında Xüsusi Idarənin rəisi Şəmsi Rəhimovu 1994-cü il sentyabrın 29-da elə öz blokunun girişindəcə qətlə yetirdilər. Bu günədək qatili aşkara çıxmayan 70 yaşlı polkovnikin qanını öz qapısının ağzındaca tökdülər. Pilləkənin üstündə adamı ilk qarşılayan Şəmsi müəllimin qızıl suyuna çəkilmiş büstü olur. Bu büst ona ailə üzvlərinin yadigarıdır. Məni “Onun qanı axan yeri mələklər qoruyur”, – deyən nurani simalı həyat yoldaşı Rəfiqə xanım qarşıladı. Söhbətimizdə Rəfiqə xanımın xalası qızı Nərgiz də iştirak edirdi. Dediyinə görə, onu ər evinə elə Şəmsi müəllimin xeyir-duası ilə yola salıblar. Birinci həyat yoldaşı rəhmətə getdiyi üçün Şəmsi Rəhimov ikinci dəfə ailə həyatı qurmalı olub.

Biz ailə qurandan sonra onun oğlanlarının olduğunu bildilər

– (Rəfiqə xanım xəyala dalıb gülümsəyir) Bizim tanışlığımız çox qəribə olub. Bakı Dövlət Universitetinin mexanika-riyaziyyat fakültəsini bitirib, elə universitetdə də işləyirdim. Şəmsinin xalası qızı da mənimlə oxumuşdu. Bir gün onun xalası qızı məni uşağının ad gününə dəvət etdi. Orada Şəmsi ilə tanış olduq. Məclisdən bir neçə gün sonra xalası qızı mənə dedi ki, Şəmsinin səndən xoşu gəlib, ailə qurmaq istəyir. Açığı mənim də ondan xoşum gəlmişdi.

– Ilk dəfə onun hansı xüsusiyyəti sizi özünə cəlb etdi?
– Kişilik qüruru və danışığı. Çox savadlı və mədəni adam idi rəhmətlik. Böyüklə böyük idi, uşaqla uşaq.

– Bəs necə oldu ki, siz subay bir qız, ailəsi olmuş bir şəxslə ailə qurmağa razı oldunuz?
– Təsəvvür edin ki, məni bir neçə yerdən istəyən vardı. Amma mənim gözüm onu tutmuşdu deyə, heç kimə razılıq vermirdim. Evdə onun ailəli olduğunu bilirdilər, amma 3 oğlu olduğunu bilmirdilər. Mən demişdim ki, övladı yoxdur. Narazılıqla da olsa, birtəhər məni verdilər. Əmircanda mənim toyum oldu. Biz ailə qurandan sonra onun oğlanlarının olduğunu bildilər.

– Aranızda yaş fərqi böyük idi? 
– 10 yaş mən ondan kiçik idim. Onun 3 oğlu vardı. Mənim də bir oğlum oldu. Amma elə bilirdim ki, bütün uşaqlar mənimdir. Böyük oğlu Arif hələ anasının sağlığında ailə qurmuşdu. Indi Moskvada yaşayır. O birilərinin də toyunu mən gələndən sonra etdik. Qalıb kiçik oğlum.

Onu “KQB”-də saxlamışdılar

– Işdən gec gələndə narahatlığınızı necə büruzə verirdiniz?
– Gecə saat 11-dən, 12-dən tez gəldiyi gün olmayıb. O, evə gəlməyincə mən də yatmırdım. Hər dəfə də əlində xeyli qəzet gətirirdi ki, mən bunları oxumalıyam. Ondakı enerji heç indiki gənclərdə yoxdur. Elə bil ki, Allahdan ona mənəvi güc gəlirdi.

– Qohumlardan kimə isə kömək edirdi?
– Yox. O özü Ermənistanın Qafan rayonundan idi. Heç bir qohuma bir işdə kömək etməmişdi. Lakin bütün Qafan camaatı onun varlığı ilə fəxr edirdi. Böyük Vətən Müharibəsində iştirak etmişdi. Rusiyada hərbi məktəbi bitirəndən sonra onu “KQB”-də saxlamışdılar. Müharibə başa çatandan sonra onu Novosibirskdə “KQB” məktəbinə götürüblər. Heç rus dilini bilmirmiş, orada öyrənib. Sonra Bakı Dövlət Universitetinin Hüquq fakültəsini bitirdi.

– Siz ailə quranda Şəmsi müəllim harada işləyirdi?
– Onda SSRI dövrü olduğu üçün “Osobıy otdel” deyirdilər. O vaxt onlar Dzerjinski adına klubda yerləşirdilər. Hər yerdə olduğu kimi, onların da rəisləri rus idi.

– Gördüyü işlərdən gəlib evdə nəsə danışırdımı?
– Qətiyyən. Yadımdadı, bir dəfə onun iş yerinə getmişdim. Aşağıdakı əsgərlər məni tanıdıqları üçün içəri buraxdılar. Məni görən kimi qabağındakı sənədləri tez yığışdırıb seyfə qoydu. Seyfi də kilidlədi. (Gülür) Sonra evdə soruşanda dedi ki, bizim işimizin xüsusiyyəti belədir.

Onun heç kimlə işi olmayıb

– Rəfiqə xanım, Şəmsi müəllim evdə-ailədə necə idi, qaraqabaq, yoxsa deyib-gülən?
– Təsəvvür edin ki, bütün qohum-əqrəbanı başına yığırdı. Məclislərin başı idi. Çox mehriban idi. Onsuz bir toy keçirilməzdi. Hara gedirdisə məni də özü ilə aparırdı. Hər şeyi zarafatla qarşılayırdı. (Rəfiqə xanım Şəmsi Rəhimovla çəkdirdikləri şəkilləri stolun üstünə tökür).

– Ən çox hansı yeməklərə üstünlük verirdi? Ümumiyyətlə, işə yemək aparırdı, yoxsa…
– Heç vaxt işdə yemək yeməyib. Həmişə günorta nahar fasiləsində evə gələrdi. Ən çox boyat borşu xoşlayırdı.

– Rəfiqə xanım, Prezident Aparatı yanında Xüsusi Idarə 1994-cü ildə yaradılıb. Necə oldu ki, pensiyaya çıxmış Şəmsi müəllim yenidən həmin idarənin rəisi oldu?
– 1985-ci ildə onu pensiyaya çıxarmışdılar. Özünü çox pis hiss edirdi. Evdə qərar tuta bilmirdi. Təsəvvür edin ki, həmişə səhər tezdən evdən çıxıb gecəyarısı qayıdan bir adam birdən-birə evdə otursun. Heç dözə bilmirdi. Dostu vardı, onu Mərdəkandakı quşçuluq fabrikində işə düzəltdi. 1994-cü ildə Xüsusi Idarə yarananda onu kimsə ölkə rəhbərliyinin yadına salıb. Onlar da Şəmsini yenidən vəzifəyə dəvət etdilər.

– Sizcə, Şəmsi müəllim özünə düşmən qazanmışdımı?
– Xeyr. Onun heç kimlə işi olmayıb. O, kimi işdən çıxardırdısa, onu başqa vəzifə ilə təmin edirdi. Heç kimi işsiz qoymamışdı.

– Elə isə bu qətli kimin göstərişi ilə həyata keçirə bilərdilər?
– O, çox şey bilirdi. Deyirdilər, guya, bu qətl Mahir Cavadovun sifarişi ilə həyata keçirilib. Amma mən buna inanmıram. Çunki bu, indi həbs edilən adamların işi deyil.

– Rəfiqə xanım, bu işə görə 4 nəfər həbs edilib. Siz onların məhkəməsində iştirak etdinizmi?
– Cəmi 4 gün. Çünki özümdə deyildim. Bir neçə dəfə halım xarab oldu. Gördüm özümü ələ ala bilmirəm, ona görə də daha məhkəməyə getmədim.

– Ona cangüdən ayrılmışdı?
– Cangüdən ayrılmışdı. Ancaq deyirdi ki, mən onu neynirəm? Kiminlə düşmənçiliyim var ki, mənə nəsə etsinlər. Qoca kişiyəm.

Blokda güllə səsi eşidib qapını açdım

– Öz ölümünü hiss edib nəsə qeyri-adi sözlər, hərəkətlər edirdimi?
– Yox. Prezident Amerikaya gedəndə onların söhbəti olmuşdu. Nəsə, yeni struktur üzərində işləyəcəkdilər. O da böyük səbirsizlik və ruh yüksəkliyi ilə Əliyevin qayıdışını gözləyirdi. Sentyabrın 29-da öldürdülər onu. Afiyəddin Cəlilovdan 2 saat sonra. Gecə saat 11 idi, 12-yə işləyirdi. Sürücü gətirib maşınla onu qapıda düşürdüb, sonra da çıxıb gedib. Pilləkənləri qalxıb, ikinci mərtəbənin üstündə onu vurublar. Mən yatmamışdım. Uşaqları yola salandan sonra oturub onu gözləyirdim. Amma çox narahat idim. Evdə qərar tutmurdum, darıxırdım. Heç televizora da baxmırdım. Pəncərənin qabağında dayanıb onun yoluna baxırdım. Telefon zəng vurdu, Rəsul Quliyev idi, dedi ki, rəis evə çatan kimi de ki, mən onu axtarıram. Keçib mətbəxdə oturmuşdum. Blokda güllə səsi eşidib qapını açdım. Gördüm ki, Şəmsi yıxılıb, “oçki”si də düşüb yanına. Üzbəüz qonşuda da yas var idi. Axırıncı cümə axşamı idi. Qonşunu çağırdım. Bu vaxt həyətdən qıjıltı ilə gedən maşın səsi eşitdim. Işə zəng etdim. “Makarov” tapançası ilə yuxu damarından vurmuşdular. Həkimlərin dediyinə görə, həmin damardan vurmaq o dəqiqə ölüm gətirir. Sonralar qonşular dedilər ki, həmin gün qabaqcadan gəlib küçənin işıqlarını da kəsiblər. Soruşanda ki, niyə kəsirsiniz, deyiblər ki, təzə işıq çəkəcəyik.

Hadisədən qabaq hara getmişik, kimin evində olmuşuq, hamısını biliblər

– Blokun işığı yanırdı?
– Yanırdı. Amma maşın buradan gedəndə dərəyə düşüb. Sonradan dedilər ki, həmin maşını tutublar. Guya, Mahir Cavadovun sürücüsünün maşını imiş. Həmin vaxt baş prokuror Əli Ömərovla Mahir Cavadovun arasında konflikt var idi.

– Hadisə ərəfəsində sizin evinizə naməlum telefon zəngləri olurdumu?
– Yox. Nə hadisədən qabaq, nə də sonra evimizə zəng vurulub. Amma bizi izləyiblər. Hadisədən qabaq hara getmişik, kimin evində olmuşuq, hamısını biliblər.

– Şəmsi Rəhimov qətlə yetirilən axşam vəzifəli şəxslərdən kimlər gəlmişdi?
– Həmin gün Əliyev Amerikada idi. Rəsul Quliyev və başqaları gəlmişdilər. Hamısı həyətdə idilər. Prokurorluq, polis işçiləri gəlib tökülüşmüşdülər. Amma elə həyətdən də çıxıb getdilər. Bizi çıxmağa qoymadılar.

– Dəfndə Əliyev iştirak edirdi?
– Dəfn günü o burada olmadığı üçün iştirak edə bilmədi. Amma onunla vidalaşma mərasimində Rəsul Quliyev, Isa Qəmbər, Etibar Məmmədov və başqaları gəldilər. Əliyev ABŞ-dan qayıdan kimi gəldi. Demək, Şəmsinin 3-ü idi, Əliyev, Rəsul Quliyev, Fatma Abdullazadə, Məleykə Abbaszadə və başqaları gəldilər.

– Əliyev sizə nəsə dedi?
– Yox, heç nə demədi. Elə məni bir az sorğu-sual elədi, başsağlığı verib durub getdilər. 40-da da Fəxri Xiyabana qəbri üstünə gəldi.

– Dövlət səviyyəsinə yas mərasimində hansı köməkliklər edildi?
– Dedilər ki, hər şeyi özümüz edəcəyik. Düzdü, ehsan vermək üçün bəzi ərzaqlar gətirmişdilər. Amma qəbrinin üstünü özümüz düzəltdirdik. Inanırsınız ki, o öldürülən gün evdə cəmi 100 min manat pul var idi. Moskvadakı oğlu 5 min dollardan çox xərc çəkib qəbrini düzəltdirdi.

Ramin Nağıyev

O uşaqların heç bir günahı yoxdur

– Hazırda işçilərindən, dostlarından sizin ailə ilə əlaqə saxlayan varmı?
– Var. Yalnız köhnə dostları əlaqə saxlayırlar.

– Hazırda həbs edilənlərin onun qatili olduğuna inanırsınızmı?
– Qətiyyən. O uşaqların heç bir günahı yoxdur. Mən bilirəm ki, bu qətl onların işi deyil. 2 il şərti cəza alan Elçin Behbudov tez-tez mənimlə əlaqə saxlayır.

– Şəmsi müəllimin əsl qatillərinin tapılmasını istəyirsinizmi?
– Onun işini aparan birinci müstəntiq Ramin Nağıyev demək olar ki, qətli törədənləri aşkara çıxaracaqdı. Onu qoymadılar. Mənim də pulum yoxdur ki, vəkil tutum, bu işin istintaqını yenidən başlatmaq üçün prokurorluğa və MTN-ə ərizələrlə müraciət edim.

– Afiyəddin Cəlilovla Şəmsi müəllim eyni gündə qətlə yetiriliblər. Onun ailəsi ilə necə, əlaqə saxlayırsınızmı?
– Mən onun ailəsini tanımırdım. Tale elə gətirdi ki, eyni gündə qanları töküldü. Və biz onların məzarı üstündə tanış olduq.
Rəfiqə xanım oğlanlarının da Şəmsi müəllimin yolunu davam etdirdiklərini bildirdi. Evin kiçik oğlu Vahid Müdafiə Nazirliyinin işçisidir. Görünür, hərbi sənətə məhəbbət onların damarlarına ata qanı ilə birlikdə keçib.

Sevda Əsgərova

linkhttps://www.azadliq.info/8175.html?fbclid=IwAR1VAZ2D7Lo2LrMYn4-G1_Cpd4K5-2lS8L28TGYqeOKHzVwbRwycy_pHk38