“Ziya Bünyadovun qətlilə bağlı mötəbər dəlillərim var”

Salman Əliyev: «Mötəbər faktlar, ciddi əsaslar olmasaydı, bu cür açıqlamalar verməzdim»

«Qətllə bağlı Səbailin keçmiş polis rəisi Nazim Nağıyevin Usubova raportu mənim məlumatımın təsdiqi idi»

DIN-in sabiq əməliyyatçısı Salman Əliyev “Azadlıq”a növbəti məqalə göndərib. Bu dəfəki yazısında o, tanınmış vəkil Adil Ismayılov və MTN-in sabiq müstəntiqi Ramin Nağıyevin qəzetimizdə gedən müsahibələrindəki bəzi məqamlardan söz açıb. S.Əliyevin məqaləsini kiçik ixtisarla təqdim edirik:
Adil Ismayılovu salamlayıram. Onunla aramda əhəmiyyətsiz, xırda inciklik olsa da, mənim ona bir peşəkar istintaqçı və vəkil kimi böyük hörmətim var. Onun diqqətinə çatdırıram ki, zənnimcə, müdafiə etdiyi şəxslərə daha da səmərəli köməklik etmək üçün əməkdaşlığımız faydalı olar. Istərdim ki, hörmətli Adil Ismayılov bilsin ki, bu cür məlumatları, faktları əldə edib ictimaiyyətə açıqlayan insanlar nə tapılan, nə satılan, nə də alınan insanlar ola bilər.
Müvafiq qanunlarda və əmrlərdə öz əksini tapmışdır ki, məlumat əldə etmək, bunu yoxlamaq, versiya irəli sürmək əməliyyat və istintaq işçilərinin vəzifə borcudur.

Nazim Nağıyev Usubova raportunda nə yazıb?

Hörmətli Adil müəllim, Ziya Bünyadovun qətlə yetirildiyi silah haqqında məlumatı və faktları mən nə mətbuatdan, nədə ki, sıradan bir nəfərdən əldə etmişəm. Mən xüsusi təhsilli hüquqşünasam. Əlimdə mötəbər dəlillər və faktlar, ciddi əsaslar olmasaydı, bu cür açıqlamalar verməzdim.
Ziya Bünyadov qətlə yetirilən günün səhəri mən bəzi məlumatları rəhbərliyə məruzə etdim. Bundan bir neçə gün sonra isə Bakı şəhər Səbail rayon Polis Idarəsinin keçmiş rəisi Nazim Nağıyev bu cinayətin əhəmiyyətini dərk edərək, idarəyə daxil olan məlumatı şəxsən özü raportla qeydiyyata alıb, Ramil Usubova məruzə etmişdir. Həmin məlumat da mənim verdiyim məlumatın təsdiqi idi. Mən mətbuatda getmiş açıqlamalarımın birində demişəm ki, qərəzli olmaq ağılsız adamın işidir, böhtan atmaq günahdır, yalan danışmaq isə ən böyük əxlaqsızlıq və tərbiyəsizlikdir. Dünya malı və var-dövlət insanın əqidəsinə təsir etməməlidir.

Nizami Qocayevin tutulacağını bilirdim

Ziya Bünyadovun qətli ilə bağlı bir epizoda dair ifadə verənlərdən biri də mən olmuşam. Bir müddət sonra digər məlumatlar və faktlar əldə etdim. Ona görə də Baş Prokurorluğun rəhbərliyi zərurəti nəzərə alıb, Daxili Işlər Nazirliyinə məktub verdi. Həmin məktub mərhum Zahid Dünyamalıyevin icraatında idi. Rəhmətlik bu məsələ ilə bağlı mənə bəzi şeyləri bildirdi. Lakin həyatda olmayan insanın danışdıqlarını açıqlamağım düz olmaz.
Mən isə fəaliyyətimi Baş Prokurorluğun istintaq-əməliyyat qrupunun tərkibində davam etdirdim. Ziya Bünyadovun işi üzrə on dəfə də ifadə versəm, bu, mənim üçün bir şərəfdir.
Murtuz Ələsgərov həqiqətən də Ziya Bünyadovun qətlini sifariş verə bilməzdi. Nizami Qocayevə gəlincə isə, Baş Prokurorluğun keçmiş rəhbərliyi sağdır. Onlardan soruşa bilərsiniz, mən o zaman dedim ki, məlumat var, Nizami Qocayev həbs olunacaq, həbsdən çıxacaq və işinə bərpa olunacaq. Ziya Bünyadovun qonşuluğunda tək çeçen yox, başqa şəxslər də kirayədə qalıblar.

Hacı Məmmədovun silahı hansı əllərdən keçmişdi?

DIN-in 7-ci Idarəsinin əməkdaşı Qabil Babayev depressiyaya düşmüşdü, bundan sonra sərhəd xəttinə doğru yolunu azıb, orada güllələnmişdi. Bizim əlimizdə bu və başqa versiyalarla bağlı əməliyyat xarakterli, həmçinin digər məlumatlar mövcuddur. Siz özünüz də bilirsiniz ki, istintaq obyektiv, qərəzsiz aparılaraq yekunlaşmayınca, qəti fikir söyləmək düzgün olmazdı. Yaxşı olar ki, istintaq cinayət aləti olan silahın Hacı Məmmədovun əlindən haraya, necə getməsini, sonra isə onun özünə qayıtmasını və nə məqsədlə saxlanılmasını araşdırsın. Çox yaxşı olardı ki, Bakı ətrafı bağ evlərinin birində baş verən bir hadisə ilə bağlı, eləcə də digər ciddi məsələlərlə əlaqədar Adil müəllimin daha genış məlumatı olaydı. Arzu edirəm ki, bu və ya digər məsələlərlə bağlı yenidən istintaq-əməliyyat qrupu yaradılaydı, Adil müəllim həmin qrupun rəhbəri olaydı, mən də orada sıravi bir üzv kimi fəaliyyət göstərəydim, onda bir-birimizi dərindən tanıyardıq.

Zakir Nəsirov hər işi yoxlaya bilməzdi

“Azadlıq”ın 13 avqust tarixli sayının başqa bir səhifəsində Ramin Nağıyevin yazısında da adım hallandığı üçün, elə buradaca ona da cavab vermək yerinə düşər. Deyərlər, “yıxılana balta vuran çox olar”. Çox hörmət bəslədiyim Ramin Nağıyevdən xahiş edirəm ki, bəzi məsələlərin mətbuata çıxarılmasının məqsədəuyğun olmamasını nəzərə alsın.
Eyni zamanda, Ramin müəllimin diqqətinə çatdırıram ki, DIN və MTN çox fərqli orqanlardır. Bir zamanlar nazir Ramil Usubov sadəcə polis rəislərinin vəzifəyə təyin edilmələri barədə əmrlərə imza atırdı, onun seçim imkanları isə məhdudlaşdırılmışdı. “Qorotdel” isə ayrıca bir müstəqil təşkilat kimi fəaliyyət göstərirdi. Sadaladığınız hadisələrlə bağlı diqqətinizə çatdırıram ki, Zakir Nəsirov istənilən əməliyyat qrupuna rəhbərlik edə bilər. Lakin araşdırmanı, dindirmələri aparan əməkdaşlar qeyri-obyektivliyə yol verərək rəhbərliyə yanlış məruzə edirlərsə, Zakir Nəsirov icraçıların bütün hərəkətlərini, bunların hamısını araşdırıb, yoxlamaq gücündə olmamışdır.

Zakir Nəsirov düşünülmüş oyunun qurbanıdır

Biz ortaya çıxan bir çox versiyalarla və ehtimallarla bağlı öz ilkin araşdırmalarımızı aparırıq, lakin istintaq materialları, eləcə də istintaqın yekunu və məhkəmə prosesi, əgər iş ədalətli və tam araşdırılarsa, qəti şəkildə mövqe bildirməyə əsas verir.
Sizə bir məqamı xatırladım: DIN-in  rəhbərliyindən mənim mərhum qardaşım, Sumqayıt şəhər Polis Idarəsinin Cinayət Axtarış Şöbəsinin sabiq rəisi Fərman Əliyevə göstəriş verilmişdi ki, Sumqayıt şəhərində yaşayan bir neçə tanınmış idmançılar var ki, onlar adam oğurluğu ilə məşğuldurlar, – onlar dərhal həbs edilib, bu barədə tədbir görülməlidir. Qardaşım araşdırma aparıb, müəyyən etmişdi ki, bu şəxslərin adam oğurluğu cinayətləri ilə əlaqəsi yoxdur, buna görə onları həbs etmək olmaz.
Ona qarşı olan təzyiqlərə görə Zakir Nəsirovun yanına gəlmiş, məruzə etmiş, Zakir Nəsirov isə bu məsələdə qardaşıma dəstək verərək ona prinsipial və ədalətli mövqeyindən geri çəkilməməyi tapşırmışdı.
Mənim Zakir Nəsirovla nə qohumluğum, nədə ki, dostluğum var. Sadəcə bir insan olaraq, ona qarşı edilən allahsızlığı, haqsızlığı və ədalətsizliyi qəbul edə bilmirəm. Əlimdə ciddi məlumatlar və tutarlı dəlillər olmasa, o, mənim qardaşım olsa belə, yalnız öz şəxsi, subyektiv mülahizələrimə əsaslanaraq onu müdafiə etmərəm. Bunu demişəm, bir daha deyirəm ki, Zakir Nəsirov əvvəlcədən düşünülmüş oyunun qurbanıdır. Onun xidmətləri böyük olub. Bunu bütün vicdanlı polis işçiləri təsdiqləyə bilər.

linkhttps://www.azadliq.info/8028.html