Hakimlərin əynindəki çuxa

Cəmil Həsənli

Ağır Cinayətlər Məhkəməsində Qənimət Zahidin qohumlarına 6 il həbs cəzası verildi. Rüfət Zahidov Qənimət bəyin qardaşı oğlu və Rövşən Zahidov isə əmisi oğludur. Hər ikisi siyasətdən uzaq adamlardır. Şamaxının kəndində öz kasıbkarlığı edib ailələrini dolandıran admlardır. Narkotika saxlamaq ittihamı ilə tutmuşlar, amma narkotikanın hansı rəngdə olduğunu belə bilmirlər. Böyükdən kiçiyə hər kəs bilir ki, bu adamları Qənimət bəyə görə tutublar. Bu işi quraşdıran polis də, onu araşdıran müstəntiq də, dövlət adından ittihamı müdafiə edib bu günahsız insanlara 8 il cəza istəyən prokuror da, “mərhəmət” göstərib cəzanı 6 ilə endirən hakim də bu məsum insanların günahsız olduğunu bilir. Vaxtilə Lənkəran xanının vəziri XXI əsrdə əyninə yaxası nimtənəli manto geyən hakimlərimizdən daha ədalətli hökmlər çıxarırdı. Məhkəmə islahatından bir manto gözə dəyərdi, lakin hakimlərimiz haqdan uzaq düşməklə sübut etdilər ki, proses apararkən ədalət rəmzi kimi çiyinlərinə atdıqları manto yox, sadəcə olaraq çuxadır.