Sabiq əməliyyatçıdan sensasion açıqlama

Salman Əliyev Afiyəddin Cəlilovla Şəmsi Rəhimovun qətlinin motivlərindən danışdı

DIN-in sabiq əməliyyatçısı Salman Əliyev redaksiyamıza məqalə göndərib. Məqalə Afiyədddin Cəlilovla Şəmsi Rəhimovun qətli barədə MTN-in sabiq müstəntiqi Ramin Nağıyevin açıqlamaları ilə bağlıdır. Həmçinin Salman Əliyev qətllə bağlı müəyyən bilgiləri diqqətə çatdırıb. Məqaləni olduğu kimi təqdim edirik:

MTN bir çox sahələrdə DIN-dən geri qalır

Ramin Nağıyevin “Azadlıq” qəzetində dərc edilən yazılarını oxudum. Belə cəsarətli, məntiqli, dəyərli açıqlamaya görə ona hörmət, ehtiram və təşəkkürümü bildirirəm.
Arzu edirəm, tezliklə qərib ölkədən Vətənimizə qayıtsın.
Ramin Nağıyevin açıqlaması dəlillərə, sübutlara, real faktlara əsaslanmış bir yazıdır. Bu da onu deməyə əsas verir ki, onun dedikləri həqiqətə uyğundur. Lakin elə məqamlar da var ki, onlarla razılaşmıram.
Qanunda, müvafiq hüquq-mühafizə orqanlarının təlimatlarında, əmrlərində nəzərdə tutulmuşdur ki, hər hansı ağır cinayətin açılması və tam, hərtərəfli, obyektiv araşdırılması üçün əməliyyat-istintaq qrupu fəaliyyət göstərməlidir. Görünür, Ramin Nağıyev təkbaşına fəaliyyət göstərib, onun əməliyyat işçiləri tərəfindən kifayət qədər səmərəli, peşəkar dəstəyi olmayıb.
MTN-in maddi-texniki bazası çox yüksək təminatlı olsa da, həmin nazirliyin əməliyyat idarələrinin əməkdaşları cinayətlərin açılması və sair sahələrdə DIN-nin əməliyyat işçiləri ilə müqayisədə peşəkarlıq baxımından nisbətən zəifdir. Bu, Sovetlər dövründən, indiyədək öz təsdiqini tapıb. Bunun da səbəbi aidiyyəti haqqında Cinayət prosessual qanunvericilik normalarına müvafiq olaraq, cinayətlərin 70 faizdən çoxunun araşdırılmasının DIN-in səlahiyyətlərinə aid olmasıdır. Bu isə onların kifayət qədər təcrübəli mütəxəssis kimi yetişmələrinə öz töhfəsini verir.
Cinayətin tam, obyektiv və hərtərəfli araşdırılması üçün qətlə yetirilən adamların şəxsiyyətlərinin tam öyrənilməsi mühüm rol oynayır.
Məsələn, Ziya Bünyadov, Afiyəddin Cəlilov, Şəmsi Rəhimov.
Ziya Bünyadov – Yeni Azərbaycan partiyasının sədr müavini, akademik, millət vəkili, Sovet Ittifaqı Qəhrəmanı, daim Quranı özü üçün müqəddəs hesab edən, tərcümə edən şəxs, müstəqil, azad fikirli, qorxmaz xarakterli, Azərbaycanda hər kəsin sevdiyi və hörmət bəslədiyi böyük bir şəxsiyyət.
Afiyəddin Cəlilov – Milli Məclisin sədr müavini, millət vəkili, görkəmli ictimai-siyasi xadim, Naxçıvan bölgəsində hamı tərəfindən kifayət qədər tanınan və sevilən, Azərbaycanda xalq arasında böyük hörməti olan, ölkə başçısı – prezident olmağa daha çox şanslı insanlardan biri. Qanunpərəst, azad, müstəqil fikirli bir insan. Onun haqqında çox məlumatlıyam, ona görə də əminliklə deyə bilərəm ki, onun barəsində qəsdən yayılmış şayiələrin heç bir əsası yoxdur.
Şəmsi Rəhimov – nüfuzlu, fədakar, zabit şərəfini hər şeydən üstün tutan ləyaqətli, şərəfli, yüksək səviyyəli peşəkar bir çekist idi.

MTN-in sabiq müstəntiqi motivlərdən birini açıqlayıb

Afiyəddin Cəlilovun və Şəmsi Rəhimovun şəxsiyyətləri barədə Rövşən və Mahir Cavadov qardaşları tam məlumatlı olublar və onların arasında heç bir problem olmayıb. Onlar hər iki şəxsi dövlətinə və millətinə bağlı insanlar kimi tanıyıblar. Ona görə də bu qətllərin Cavadovlar tərəfindən sifariş verilməsi, təşkil olunması ağlabatan görünmədi. Hadisədən dərhal sonra açıqlama verilməsi düşünülməmiş atılan addım idi, bu, çox mətləblərdən xəbər verdi.
Ramin Nağıyev tərəfindən cinayətlərin əsas motivi kimi bu nəhəng insanların qətlinin Müdafiə Nazirliyində aşkar edilmiş korrupsiya faktları ilə əlaqələndirilməsini düzgün hesab etmirəm. Bu, motivlərdən yalnız biri idi. Belə bir məsəl var: “Bir güllə ilə beş dovşan vurmaq”.  Bu qətllər də həmin atalar məsəlinə uyğun surətdə planlaşdırılıb və həyata keçirilib.
Rövşən Cavadov,  Mahir Cavadov,  OMON – Xüsusi Təyinatlı Polis Dəstəsi yüksək hazırlıqlı, peşəkar idmançılardan və döyüşçülərdən ibarət bir batalyon idi. Torpaqlarımızın müdafiəsində, xüsusilə təhlükəli cinayətkarların zərərsizləşdirilməsində müstəsna xidmətləri olub. Söz yox ki, onların arasında kriminala meylli insanlar da olub.
OMON (XTPD) üzvləri xaraktercə emosional olmaqla, tədricən hakimiyyətə dirəniş göstərərək, bəzən də tabe olmaq istəmirdilər. Bunun, təbii ki, obyektiv və subyektiv səbəbləri mövcuddur.

OMON-u ləğv etməyin qanlı planı

Hakimiyyət XTPD-ni özü üçün arzuolunmaz qüvvə kimi görürdü və müəyyən təhlükələri hiss edirdi. Çox peşəkar bir adam tərəfindən cızılmış bu ssenari, yəni, Afiyəddin Cəlilovun və Şəmsi Rəhimovun öldürülərək bu cinayətlərin XTPD döyüşçüləri üzərinə yönəldilməsi, ictimai rəyin XTPD-nin əleyhinə formalaşdırılması, bir müddət sonra isə 1995-ci ilin mart hadisələri zamanı ağ bayraq qaldırmalarına baxmayaraq, Rövşən Cavadov başda olmaqla XTPD-nin yüzlərlə döyüşçüsünün məhv edilməsi həyata keçirildi. Həmin ssenarinin reallaşdırılmasının bir neçə ay müddətinə uzanmasının isə bir sıra səbəbi var. Məni tanıyanlar bilir ki, 1994-cü ilin sentyabr ayında bu qətllər törədilən ərəfədə mən bu versiyanı öz yaxın dostlarımla paylaşaraq, bu cinayətlərin əsas motivini məhz bu cür qiymətləndirdim.
Azərbaycan xalqının qəhrəman oğlu Ziya Bünyadov yaşadığı binanın girişində yaralı-yaralı qatillərlə əlbəyaxa vuruşmuş, namərd gülləsi onu susdurub. Ziya Bünyadov və onun kimi görkəmli şəxsiyyətlərin qanı yerdə qala bilməz. Çox təəssüf ki, bəzi ağılsız insanlar bunu dərk etmədi.

Zakir Nəsirov bu qətllərin açılmasında maraqlı olub

Zakir Nəsirovun bu cinayətlərin icraçısı kimi təqdim olunması ilə qətiyyən razılaşmaq olmaz. Bu versiya həqiqətdən çox uzaqdır. Görünür, Ramin Nağıyev Zakir Nəsirovu yaxşı tanımır. Mən ona tövsiyə edirəm ki, general Zakir Nəsirovun haqqında ciddi məlumatlar əldə etsin.
Daxili Işlər Nazirliyinin Baş Cinayət Axtarış Idarəsinin ölüm şöbəsində bu və digər qəsdən adam öldürmə faktları ilə bağlı əməliyyat işləri var. Həmin işlərə Zakir Nəsirov nəzarət edib. Məndə olan məlumata görə, həmin işlərdəki sənədlərə diqqət yetirəndə Zakir Nəsirovun bu cinayətlərin açılmasında maraqlı olduğu görünür. Zakir Nəsirov özünün kişilik xüsusiyyətini, digər obyektiv və subyektiv səbəbləri nəzərə alıb, “sandığı açıb, pambığı tökə”  bilmir. Zaman mənim nə qədər haqlı olduğumu aşkara çıxaracaq.

Cahangir Hacıyev xanımının oğurlanmasının əsl motivini yaxşı bilir

Ramin Nağıyev yazır ki, “Qorotdel”də, general Məhərrəm Əliyevin kabinetində Cahangir Hacıyevin həyat yoldaşının oğurlanması ilə bağlı “bizlərdən biri” Cahangir Hacıyevə deyib ki, bu oğurluğun arxasında Zakir Nəsirov dayanır. Bu sözləri Cahangir Hacıyevə deyən həmin şəxsi mən çox yaxşı tanıyıram. Bütün hüquq mühafizə-orqanlarının dəyərli əməkdaşları bilir ki, onun Zakir Nəsirov haqqında danışmağa haqqı yoxdur, bunlar həqiqətə uyğun deyil. Cahangir Hacıyevə gəlincə isə, o, həyat yoldaşının oğurlanmasının əsl motivini və icraçının kim olmasını yaxşı bilir. Görünür, bu barədə məlumatı Ramin Nağıyev mətbuatdan götürüb.
Ramin Nağıyev bildirir ki, məhkəmədə Hacı Məmmədovun deməsinə görə, Zakir Nəsirov ona deyib:  “Rövşən Əliyevi öldürdüyünə görə çox adamlar sənə minnətdar olacaq”.  Burada Ramin Nağıyevə və həmkarlarıma bir sualım var: Zakir Nəsirov o boyda Rövşən Əliyevin ölümünü sifariş verə bilərdimi?. Yaxud Cahangir Hacıyev kimi hakimiyyətdə nüfuzlu bir şəxsin həyat yoldaşını oğurlatdıra bilərdimi?. Əlbəttə ki, yox.
Digər məsələ – Hacı Məmmədov ilə Zakir Nəsirovun arasında səmimiyyət, münasibətlərində istilik olsaydı, onun adını çəkərdimi?. Bu, heç cür inandırıcı deyil.
Akif Hacıyev Azərbaycanda hüquq-mühafizə orqanları əməkdaşlarının arasında olan 2-3 nəfər ən vicdanlı insanlardan biri kimi tanınır. O, Zakir Nəsirovun müavini olub. Akif Hacıyev məhkəmə prosesində şahid kimi dindirilərkən göstərib ki, Zakir Nəsirov onun tanıdığı ən vicdanlı, ləyaqətli rəhbər işçilərindən biridir.
Bir çoxlarına məlumdur ki, Hacı Məmmədov küncə sıxışdırılanda harada qeydiyyatdan keçib, kimlərin qəbulunda olub…

linkhttps://www.azadliq.info/7933.html