Rövnəqin böyük pulları həqiqəti satın ala bildimi?

  • Nə hakimiyyətin trolluğunu yerinə yetirən oyuncaq media orqanları, nə də özünü ictimaiyyətə müstəqil, müxalif mətbuat kimi sırımağa çalışanlar bu qalmaqalın ifşasına əngəl ola bildi.

Azərbaycan hakimiyyəti illərdir azad mətbuatı sıradan çıxarmaq üçün əlindən gələni edir. Səbəbini bilirsiniz. Məqsəd odur ki, qaranlıq işləri işığa çıxmasın, oğurluqlarından kimsə xəbər tutmasın, orta aylıq əmək haqqına 2 manat 20 qəpik artım ediləndə gül balalarının 2, 16 milyon manatlıq saat taxdığını bilən olmasın. Əslində, hakimiyyət müəyyən mənada istəyinə nail olub da. Ölkədə hökumətin nəzarətindən kənar rəsmi fəaliyyət göstərən mətbu orqan və media qurumu qalmayıb, demək olar ki. Bütün müstəqil, müxalif fikir yazan qəzetlər bağlanıb, saytlar məhkəmə qərarı ilə bloklanıb. Amma hökumətin qaranlıq işlərini ört-basdır etmək niyyəti yenə də baş tutmayıb. Nəinki baş tutmayıb, daha da əks effekt verib. Gerçəkləri yazan yerli media orqanlarını sıradan çıxarmaqla, öz oyuncaq mətbu orqanlarına və ölkə xaricində ələ aldığı “mirzə”lərinə milyonlar xərcləməklə də hakimiyyət eyiblərinin üstünü örtməyə müvəffəq ola bilməyib. Son ongünlüyün hadisəsinə çevrilən saat oğurluğu məsələsində bu, bir daha sübut olundu. Nə hakimiyyətin trolluğunu yerinə yetirən oyuncaq media orqanları, nə də özünü ictimaiyyətə müstəqil, müxalif mətbuat kimi sırımağa çalışanlar bu qalmaqalın ifşasına əngəl ola bilmədi.

SOCAR-ın valyuta borusu kimlərin cibindən keçir?

Bəlkə, Azərbaycan gerçəkliyində insanlar üçün belə oğurluqlar adiləşib. Amma reallıqda xırda məsələ deyil, söhbət 25 yaşlı bir azərbaycanlının qolundan oğurlanan 1 milyon funt sterlinqlik saatdan gedir. Dünyanın məşhur media orqanları bu bahalı oğurluq hadisəsindən silsilə yazılar yazır. “Bloomberg”, OCCRP, “Daily Mail” durmadan saatın sahibi Rəşad Abdullayevi dünyada “reklam” edir. Azərbaycanda isə həqiqətlər, əsasən, sosial şəbəkələr və barmaqla sayılacaq internet resursları vasitəsilə yayılır. Ölkədəki başqa media orqanları isə ya susur, ya da utanmadan oğurluğu müdafiə etməyə çalışır. Məsələnin ən rüsvayçı məqamı da bax, budur! Böyük oğrunu müdafiə etmək və ya ona susmaq! Rəşad Abdullayev sıradan biri deyil, ölkənin böyük neft şirkəti SOCAR və AFFA-ya rəhbərlik edən bir şəxsin oğludur. Gözlənirdi, bu boyda rəzalətdən sonra ən azı müstəqil jurnalist adına iddia edən kəslər yazıb sual etsin ki, oğlunuzun qol saatlarına xərclədiyi milyonlar hardandır, cənab Abdullayev? Axı SOCAR-ın borcu Azərbaycanın xarici borcunu ötüb 9 milyarddan artıq olub, xalqın pulunu babanızın pul kisəsi sanırsınız, nədir? Hansı mətbuat orqanı, hansı sayt yazmağa cəsarət tapdı bu sualları? Özünü müstəqil sayan həmin qələm sahiblərindən hansı ölkənin, xalqın maraqlarını bir məmurun maraqlarından üstün tutmağa cəsarət tapdı özündə? O zaman ortaya belə nəticə çıxmırmı ki, onların “saatı”nı da elə hansısa oliqarx və ya məmur təyin edir? O halda belə düşünməyə əsas yaranmırmı ki, həmin o “müstəqillər” ayaqlarını birilərinin çəkdiyi cızıqdan üç santimetr də kənara qoya bilməzlər. Arada qorxu faktorumu var, yoxsa SOCAR-ın valyuta borusundan onların cibinə də nəsə axır? Bu gözükölgəlilik, çəkinmə, susqunluq nədəndir, bilən varmı? Bu adamlar ən ağır məqamda belə dövlətçilik maraqlarını şəxsi maraqlara qurban verməzlərmi? Demək ki, hökumətin müstəqil media adına açdığı Real TV kimi kanallarla onların heç bir fərqi yoxdur.

Demək ki, Mirşahinin saat söhbəti ilə bağlı səsləndirdiyi fikirlərlə onların susqunluğu hardasa eyni mövqeni ifadə edir. Mirşahin deyir ki, biri azərbaycanlının saatını oğurlayıb qaçıbsa, məntiqlə biz oğrunu axtarmalı, ərazi polis şöbələrinə zəng vurub saatın tapılmasına kömək etməliyik. Amma bunu etmək əvəzinə ”sosial şəbəkədəkilərin sarsaq primitiv ittihamları ilə qarşılaşırıq. Məntiqinə bərəkallah! Adamın yadına Məmmədhəsən əminin eşşəyinin itməyi düşür. Bunlar doğrudanmı anlamır ki, biz elə burda gerçəkdən baş oğrunu axtarırıq, ölkənin xəzinəsindən təkcə oğlunun qol saatlarına 25 milyon manat çırpışdıran oğrunu…

Boğulan ölkə mediası və sərhədləri aşan azadlıq

Bəli, bu hadisə ölkədə azad mətbuatın sıradan çıxarıldığını bir daha təsdiqlədi. Amma zamanın saatı dayanmır, bizim edə bilmədiklərimizi qloballaşan dünya öz resursları hesabına edir. Sosial şəbəkələr, müstəqil internet TV-ləri, bloqqerlər korrupsioner sistemlərə qan ağladır. Elə bu arada Mütəşəkkil Cinayətkarlığa Qarşı Beynəlxalq Jurnalistika Layihəsi Rəşad Abdullayevlə bağlı yeni araşdırma məqaləsini yaydı və ortaya başqa bir fakt da çıxdı. Araşdırmadan məlum oldu ki, ərköyün oğul bahalı saatlar həvəskarı imiş. Yazıda təqdim olunan fotoda Rəşad Abdullayevin qolunda başqa bir unikal saat var. Saatın dəyəri 1 milyon dollar qiymətləndirilir. Məlum olub ki, Rövnəq Abdullayevin gül balasının taxdığı bu saatın qiyməti də 1,1 milyon dollardır. Onun fotolardakı başqa saatları da qiymətləndirilmək üçün saat mütəxəssislərinə göndərilib. İlkin hesablamalara görə 25 yaşlı oğul Abdullayevin təkcə saatlarına xərclədiyi pul 25 milyondan artıqdır. Layihənin araşdırmaları hələ davam edəcək. Hələ ortaya çox həqiqətlər çıxacaq. Həm də təkcə Abdullayevlərlə bağlı deyil, bütün cinayətkar Azərbaycan məmurları ilə bağlı. Müasir dünyanın reallığını unudanlar bir daha saatlarına baxsınlar. Diqqətlə baxsınlar, onların vaxtına az qalır!