“Axtalanmış atlar “

Əbil Həsənov

Başı qarlı uca dağların arxasındakı uzaq məmləkətlərin birində bir şah vardı. Bu şah atasının ölümündən sonra taxta çıxıb ölkəni idarə edirdi. Əvvəlki hökmdarın zülmündən cana gəlmiş əhali yeni şahın dövründə hər şeyin yaxşı olacağına inanırdı. Lakin qısa müddət sonra padşah atasından qalan qanunları daha da sərtləşdirdi, vergiləri artırdı, əhaliyə divan tutmağa başladı. O, atasının dövründə sarayda yaranmış adət-ənənələri də ləğv edirdi. Keçmiş şahın bir sıra sevimli əyanları dar ağacından asıldı, bəziləri isə sürgünə göndərilməklə canlarını qurtara bildilər. Şahın atasından bir fərqi də onun atlara olan münasibəti idi. At həvəskarı olan atasından fərqli olaraq, o, bu heyvanın səsini eşitmək belə istəmirdi. At kişnərtisi bəlkə də onun eşitmək istədiyi son səs idi. İş o yerə çatdı ki, şah vaxtilə qonşu dövlətlərdə belə məşhur olan, hökmdarların həsəd və paxıllıqla haqqında danışdıqları atları axtalamaq barədə əmr verdi. Onun göstərişinə əsasən atlar axtalandıqdan sonra onlara arpa yedirdilir, bellərinə qızıl yəhər qoyularaq saray tövləsinə bağlanırdılar. Axtalanmaq istəməyən və müqavimət göstərən ayqırları isə aclıq və qaranlıq tövlə gözləyirdi. Bu atlara ağır yük daşıtdırılır, müxtəlif işgəncələr verilirdi. Beləliklə, kişnəyən ayqırları arıqladıb, axsaq yabılara döndərib yenidən ilxıya buraxırdılar. Arıq yabılar istəsələr də kişnəyə bilmirdilər. Çünki onlarda kişnəməyə hal qalmamışdı. Axtalanmış atlar isə saray tövlələrində kişmişlə arpadan yeyib kef çəkirdilər. Düzdür, arada yemləri artıq olanda harınlayıb kişnəməyə cəhd edirdilər. Amma şahın adamları tez onları da qaranlıq tövləyə qataraq günlərlə ac saxlayıb döyür, o biri atların gününə salıb ilxıya buraxırdılar. Axsaq yabıların aqibətini görən digər atlar isə kişnəməyə qorxaraq axtalanıb saray tövlələrinə gedirdilər. Şah istədiyinə nail olmuşdu. Artıq ilxıdan at kişnərtisi gəlmirdi. Hökmdar saray əyləncələrində, vəzir-vəkili ilə kef məclislərində vaxtını keçirməklə əhalinin halından bixəbər şəkildə ömür sürürdü. Lakin bir gün vəziyyət dəyişdi. Sarayın qalın divarları arasında aləmi başına götürmüş ney, qaval səsi, sazəndələrin musiqisi, əyanların gülüşləri qasidin gətirdiyi məktubla kəsildi – qonşu ölkənin hökmdarı şaha müharibə elan etmişdi. Şah dərhal müharibəyə hazırlaşmağı əmr elədi. Lakin artıq gec idi. Əli silah tuta bilən əhalinin çoxu onun zülmünə tab gətirməyərək qonşu ölkələrə qaçmışdı. Belə olan halda şah əyanlara oğullarını orduya cəlb etməyi əmr etdi. Cavabında isə: “Şah sağ olsun, bizim oğullarımız sənin övladlarına qoşulub ölkədən qaçıblar” sözlərini eşitdi. Şah əsəbləşərək əmr etdi: “Atları yəhərləyin, özümüz döyüşə gedirik”. Heç kim yerindən tərpənmədi. Hamı bir-birinin üzünə baxırdı. Vəzir qorxa-qorxa alçaq səslə: “Qibleyi-aləm, atları axtalayandan sonra döyüşə yararlı at qalmayıb”, – dedi. Əli hər yerdən üzülən padşah çıxış yolunu əyanları ilə birlikdə ölkəni tərk etməkdə gördü. Bununla da ölkədə nə adam, nə də minməyə at qaldı.