“Azadlıq” qəzetinin direktoru həbs olundu

“Azadlıq” qəzetinin maliyyə direktoru Faiq Əmirli bu dəqiqələrdə mülkü geyimli şəxslər tərəfindən saxlanılıb. Onun hara və nə üçün aparıldığı haqda heç bir məlumat yoxdur. Faiq Əmirli saxlanılandan sonra Ağır cinayətlərə dair işlər üzrə İstintaq İdarəsinin  əməkdaşları onun yaşadığı evdə axtarış aparıb. Faiq Əmirlinin maşının açarları 1 saat özündə olmayıb. BU da kifayət edib ki, onun maşınına Fətullah gülənin kitablarını qoysunlar, sonra da ,,aşkar etsinlər,, ki, sən demə bu da Gülənçi imiş..

Bu həbslə bağlı Azadlıq qəzetinin rəsmi bəyanatı yayılıb. Bəyanatda deyilir:

“Avqustun 20-də “Azadlıq” qəzetinin direktoru Faiq Əmirli yaşadığı evin yaxınlığında hüquq mühafizə orqanlarının mülki geyimli əməkdaşları tərəfindən saxlanılaraq aparılıb. Məlumata görə, o, Baş Prokurorluğun Ağır Cinayət İşləri üzrə İstintaq İdarəsinə aparılıb. Hazırda onun evində axtarış aparılır.

“Azadlıq” qəzeti bildirir ki, Faiq Əmirlinin həbsi hakimiyyətin uzağa gedən planlarından xəbər verir.

Əvvəla, bir neçə gün qabaq hakimiyyət daxilindən redaksiyaya məlumat sızmışdı ki, Azadlıq qəzetini bağlamaq istəyirlər. Faiq Əmirlinin həbsi həmin niyyəti həyata keçirməyə zəmin yaratmaq üçün ola bilər.

İkincisi, məlumdur ki, Faiq Əmirli həm də AXCP üzvü və partiya sədri Əli Kərimlinin köməkçisidir. O da məlumadur ki, hazırda hakimiyyətin AXCP-yə qarşı repressiyası güclənib və hədəf birbaşa partiya sədri Əli Kərimlidir. Artıq neçə gündür ki, hakimiyyətin təbliğat ruporları, hətta Rusiya kanalları da cəfəng iddialarla Əli Kərimlini Fətullah Gülənlə əlaqədə şərləyir. Son günlərdə AXCP-nin bir neçə fəalı müxtəlif bəhanələrlə həbs edilib. Onlardan barəsində həbs-qətimkan tədbiri seçilmiş Fuad Əhmədli rəsmən Gülənçi kimi təqdim olunub. Partiya bu ittihamı saxta və AXCP-yə qarşı şərləmənin tərkib hissəsi adlandırıb. Bu baxımdan Faiq Əmirlinin həbsi həm də AXCP sədri Əli Kərimlinin özünün hədəfə alınması kimi qiymətləndirilə bilər.

İstənilən halda Faiq Əmirlinin həbsi tam qanunsuz və əsassızdır, digər həbslərə və repressiyanı davam etdirməyə yol açmaq üçün düşünülüb.

Azadlıq qəzeti tələb edir ki, heç bir qanuni əsas olmadan həbs edilmiş Faiq Əmirli təcili azadlığa buraxılsın.

Bütün oxucularımıza, yerli və dünya ictimaiyyətinə bildiririk ki, Azadlıq qəzetinin özünün taleyi təhlükədədir. Repressiyaları durdurmaq üçün yubanmadan təsirli addımlar atılmalıdır.

Azadlıq qəzeti ən çətin şəraitdə də fəaliyyətini davam etdirəcək, sonuna qədər azad söz uğrunda mübarizəsinə sədiq qalacaq”.

azerbaycansaati.tv