Gözümü açandan Azərbaycanın çiçəkləndiyini, həmişəkindən daha yaxşı yaşadığını eşitmişəm. Lakin, bu əlvan çiçəklər içində şəhərdə də, kənddə də insanların mənzil problemi göz çıxarıb. Bu gün əmək haqqı ilə mənzil sahibi olmaq əlahiddə qəhrəmanlıq sayılır. Taleyin ironiyasına bax ki, Azərbaycan iqtisadiyyatının günü-gündən inkişaf etməsi, firavanlığının zirvəyə yüksəlməsi barədə tonlarla mürəkkəb axıdan hökumətynlü jurnalistlərin belə ev almağa qüdrətləri çatmır.
Vaxtaşırı onları prezidentləri ˝evləndirir˝(axırıncı dəfə dövlətdən havayı mənzil alan, az-qala nənə-baba olmaq yaşına çatan jurnalist cütlük Əliyevə eynən belə demişdi- bizi siz evləndirdiniz).Bir dəfə iqtisadçı alim Zahid Məmmədov mövzu ilə bağlı gözəl kəskin təzadlı bir mənzərə göstərmişdi. Demişdi ki, Azərbaycanda mal-material, inşaatda çalışan fəhlələrə verilən əmək haqqı, məsələn, Türkiyədən, şərqi Avropa ölkələrindən ucuz olsa da, bizdə tikilən evlər oralardan çox bahadır. Səbəb? Səbəbi o deməsə də, biz bilirik. Rüşvət! Tikinti şirkətlərindən alınan rüşvət, eybəcər korrupsiya və monopoliya mərəzi.
Heyf, hazırda əhalimizin mənzil problemi ilə bağlı statistik rəqəmlər əlimdə deyil. Lakin, onlarsız da gündəlik müşahidə və təcrübədən vəziyyətin çətin olduğunu bilmək asandır. Evsizliyin insanları düçar elədiyi dərd barədə yazmağı da artıq sayıram. Belə bir şəraitdə Sovet zamanına güclü bir nostalgiya, sevgi alovlanır. Sovet İttifaqı çox evlər, talelər yıxsa da, bunlardan daha çox o zamanlar dövlətin vətəndaşlara ev verməsi yada düşür. Sovet zamanı vətəndaşların pulsuz mənzillə təmin edilməsi həqiqətdir. Fəqət, təəssüf ki, o məsələ də ürəkaçan formada olmayıb. Birincisi, bu işdə də rüşvət sözünü deyirdi. Ev növbəsində dayanmaq, növbən çatanda mənzil sahibi olmaq üçün əlaqədar orqan və şəxslərə intizamlı sovet vətəndaşı kimi ˝hörmət etmək˝ lazım idi. Kənd yerlərində isə insanların öz torpağında ev tikməsi milis, raykom, OBXS kimi heybətli orqanların hədəfinə gəlmək idi. Gənc nəsil üçün təəccüblü görünəcək, amma o zaman belə idi ki, cibində pulun olsa belə rahatca mal-material alıb ev tikə bilmirdin. Yoldaş “naçannik”lərə izaha verməli idin ki, bu pulu hardan qazanmısan, dəmiri-dümürü hardan almısan, qaimən var ya yox, xülasə ev tikincə ürəyinin ilmələri sökülürdü.Ev təkcə sıravi fəhlə-kolxozçuların problemi olmayıb. Elmira Axundovanın “Şəxsiyyət və zaman” adlı Heydər Əliyevə həsr etdiyi kitabda bir bölmə var. Orda Axundova bilmədən Sovet Azərbaycanında yarıtmaz idarəetməni ifşa edir. O 1960-70-ci ildə KQB-də ziyalılara nəzarət edən bölmənin zabitini danışdırır. Zabit həmin vaxt yazıçıları, bəstəkarları necə zərərsizləşdirdiklərindən söz açır. Əlbəttə, o bunu KQB sədri Əliyevin ziyalılara qayğısı kimi təqdim edir. Oradan oxuyuruq ki, hazırda çox məşhur olan ziyalıların mənzil problemi olub. Onlar da bu məişət qayğısınından təsirlənərək Sovet quruluşu barədə yava-yava sözlər danışır, təbliğat aparırmışlar. KQB də bu faktı təsbit edib yuxarılara məruzə edir ki, bu yoldaşlara ev verin, kirayədən canları qurtarıb kirisinlər.İndi isə sizə sanballı sənəd əsasında Sovet Azərbaycanında mənzil problemini konkret rəqəmlə diqqətinizə çatdırım. Oxuyacağınız məlumatları Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi yoldaş Əbdürrəhman Vəzirovun məruzəsindən götürmüşəm(1988 dekabr).
Məruzədə göstərilir ki, son 15 ilin nəticələrinə görə İttifaq səviyyəsi ilə (yəni, SSRİ-nin ümumi göstəricisi ilə) müqayisədə Azərbaycanda mənzil təminatı 25 faiz aşağı olub. Çox qəribədir ki, 1973-cü ildən 1988-ci ilədək mənzil tikintisinə yönəldilən əsaslı dövlət vəsaitinin 440 milyon manatı istifadə edilmədən geri qaytarılıb. Qaytarılıb, yoxsa, basıb başqa adla yeyiblər-biz bunu dəqiq bilmirik. Rəsmiyyətdə qaytarılıb yazılıb.1988-ci ildə 133 min ailə (hərəsini azı 4 nəfərdən hesablayın) mənzil növbəsində dayanıb. Onların 20 mini ON İLDƏN ÇOXmuş mənzil intizarında növbədəymiş. Bunların arasında 2-ci dünya müharibəsi veteran və əlillərinə də az təsadüf edilməyib.200 min ailə kommunal evlərdə yaşayıb, onların şəraiti sadə dillə desək,˝Allah belə yaşayışı kəssin˝ səviyyəsində olub. Beləliklə 3 milyon insan, yəni respublika əhalisinin hər iki nəfərindən biri ev gözləyib!***Azərbaycanlılar yaxşı xatırlayır ki, bir qrupun ulu öndəri 1993-cü ildə hakimiyyətə gələndə nə Naxçıvanda, nə Bakıda şəxsi mənzilinin olmasından kövrələrək tez-tez danışardı. O zaman bunun lətifəsini də düzəltmişdilər. Deyirdilər, Heydər Əliyev uzun illər vəzifədə işləsə də özünə ev tikmədiyini bildirir. Bunu təvəzökarlığı ilə əlaqələndirsə də, səbəb başqa olub: yoldaş Əliyevin vəzifədə olanda başı ev yıxmağa qarışdığından özünə ev tikməyə macal eləməyib. Hər halda bu bir lətifədir, onda dərin mətləb axtarmağa dəyməz. Reallıq isə belədir ki, Əliyev ailəsi 2-ci dəfə hakimiyyəti ələ keçirəndə mənzil-mülk mövzusunda keçmiş səhvlərini təkrarlamadılar. İndi bu ailənin hətta məktəbli nümayəndələrinin Dubaydan, Londona qədər bahalı, dəbdəbəli qəsrləri bərq vurmadadır.Yaxşı dövlət pulu çox vətəndaşı evsiz qalan, yaxud evi vətəndaşlarına minnətlə pulsuz verən deyil. 21-ci əsrin yaxşı dövlət modeli vətəndaşlara mənzil kimi vacib işi öz gücü, qüvvəsi, imkanı ilə həll etməyə imkan, şərait yaradandır. Yer üzərində bir quş özünə necə rahatlıqla yuxa qurub yaşaya bilirsə, insanın da belə imkanı olmalıdır.
Natiq Adilov