İndi bizə Zimbabveyə gülmək yox, özümüzə ağlamaq lazımdır.

Bu yazı nə Zimbabve, nə oranın avtoritar prezidenti Robert Muqabe, nə də onun son günlərdə gülüşümüzə səbəb olmuş həyat yoldaşı haqqındadır. Yazı bizim özümüz barәdәdir.
Xirtdəyə qədər problem içində boğulan soydaşlarımızı bu dəfə 92 yaşlı Robert Muqabenin həyat yoldaşı bir az güldürüb. Xalqımıza Muqabenin həyat yoldaşının “o ölsə, meyitini prezident seçəcəyik” sözləri xüsusilə ləzzət edib. Bəzi dostlar da fikirləşir ki, necə olur, hətta meyitin də prezident seçilməsi haqqında təklif verilən bir ölkə siyasi azadlıqların səviyyəsinə görə dünyada 140-cı, biz isə 148-ci yerdəyik? Yoxsa, YAP-çılar demişkən, dünya bizə qərəzlidir, ya da Ziyafət Əsgərov demişkən, Avropa İlham Əliyevə paxıllıq edir? Zimbabvedəki siyasi vəziyyətlə sizi qısaca tanış edəcəm. Onda məlum olacaq ki, əslində kim kimə gülməlidir.
Zimbabve əlbəttə ki, avtoritar üsullarla idarə olunan, həm də pis idarə olunan ölkədir. Lakin hətta orada da bizim sevimli Azərbaycanla müqayisədə əməlli-başlı siyasi hüquqlar var. Buyurun, son illərdə keçirilən seçkilərin nəticəsinə baxın:
– 2000-ci ildə keçirilən parlament seçkilərində Muqabenin lideri olduğu hakim partiya parlamentdəki 120 yerdən cəmi 62-ni, müxalifət isə 57-ni əldə etmişdi;
– 2005-ci ildə keçirilən parlament seçkilərində hakim partiya 78, müxalifət isə 41 yer əldə etmişdi.
– 2008-ci ildə Zimbabve müxalifəti az qalmışdı ki, seçki yolu ilə Robert Muqabeni dəyişsin. 2008 parlament seçkilərində müxalifət 210 yerlik parlamentdə (konstitusiya dəyikliyindən sonra parlamentdə yerlər artırılmışdı) 110 yer tutaraq qalib oldu, Muqabe tərəfdarları isə parlamentdə çoxluğu itirərək 99 yerlə kifayətlənməli oldular.
– 2008-ci ildə keçirilmiş prezident seçkilərində də müxalifətin namizədi Tsvangirai qələbəyə çox yaxın idi. Zimbabve Mərkəzi Seçki Komissiyası seçkilərin 1-ci turunda müxalifət liderinin 47.9%, Robert Mugabenin isə 43.2% səs topladığını və 2-cu turun olacağını açıqladı. Lakin müxalifət namizədi seçkiləri 1-ci turda udduğunu, 2-ci turun saxtalaşdırılacağını deyib, 2-ci tura qatılmadı. Robert Muqabe təbii ki, müxalifətin qatılmadığı 2-ci turun qalibi oldu. Sonra da uzunmüddətli müzakirələrin nәticәsindı iqtidarla müxalifət hakimiyyət bölgüsü razılaşması əldə etdi. Parlamentə artıq nəzarət edən müxalifətin lideri baş nazir təyin olundu.
– 2013-cü ildə keçirilmiş sonuncu parlament və prezident seçkilərində müxalifətin mövqeyi bir az zəifləyib. Prezident seçkilərində Muqabe 61%-lə qalib gələrkən, onun əsas rəqibi Tsvangirai 35% səs alıb. Parlament seçkilərində isə müxalifət 30% səs alaraq, parlamentdə 70 yer qazanıb.
Yaddaşımız üçün: 2013-cü ildə Azərbaycandakı prezident seçkilərində müxalifətin vahid namizədi, seçkilərin faktiki qalibi Cəmil Həsənliyə MSK cəmi 6% səs yazmışdı.

Əziz həmvətənlər, indi bildiniz ki, siyasi azadlıqların səviyyəsinə görə Zimbabve 140-cı yerdə olduğu halda niyə Azərbaycan 148-ci yerdədir? İndi əmin oldunuz ki, bizim Zimbaveyə və orada baş verənlərə gülməyə haqqımız yoxdur? İndi bizə Zimbabveyə gülmək yox, özümüzə ağlamaq lazımdır. 100 il bundan əvvəl demokratik respublika quraraq, bütövlükdə Şərq və müsəlman dünyasına nümunə ola bilmiş Azərbaycan xalqını acgöz və qəddar sülalə hakimiyyəti nəhəng həbsxana kimi idarə edir. İndi ölkəmiz bütün dünyada korrupsiyanın və hüquqsuzluğun simvoluna çevrilib. Biz bu vəziyyətə son qoymalıyıq. Bu vəziyyətə son qoymaq hər birimiz üçün milli şərəf məsələsi olmalıdır.

Əli Kərimli, AXCP sədri
(yazı müəllifin facebook səhifəsindən götürülüb)