“Yatmaq qorxusu”

Əbil HƏSƏNOV
O, taxta çıxmaq üçün əvvəlcə böyük qardaşını aradan götürdü. Sonra sui-qəsd nəticəsində atasını qətlə yetirib öldürdüyü qardaşının xanımını özünə arvad edib hakimiyyəti ələ aldı. Taxtda oturduqdan sonra ona mane olacaq qüvvələri, qardaşlarını, oğlanlarını və əmilərini edam etdirdi. Fikri ancaq taxtı-tacında idi, rəiyyəti yaddan çıxarmışdı. Xalq aclıq və səfalət içində yaşayırdı. Hamı ondan qorxurdu.
O, hər şeyə qadir olan güclü bir hökmdar idi. Onun ancaq bir qorxusu vardı-yatmaq qorxusu. Təkcə yuxusuna gücü çatmırdı. Elə ki yatırdı yuxu görməyə başlayırdı. Həmişə də yuxuda özünü lüt görürdü. Görürdü ki, rəiyyət ona nifrətlə baxır, öldürtdüyü adamlar onu qovur, vəzir-vəkillər isə ona yaltaqlanırlar. Hökmdar isə öz ayıb yerlərini örtmək üçün paltar axtarır, tapa bilmir, utandığından gizlənməyə yer axtarırdı. Qorxudan qaçırdı. Hər dəfə də qışqıraraq yuxudan ayılırdı. Bir daha yata bilmirdi. Məmləkətin bütün təbib-loğmanları yığışıb onun bu dərdinə bir çarə tapa bilmirdilər. Bir gün bir kəndli hökmdar sarayının qapısına gələrək dedi: -Mən hökmdarın dərdinə çarə taparam. Onu hökmdarın yanına gətirirlər. Hökmdar ona dedi: -Əgər sən mənim dərdimə çarə tapa bilməsən sənin də, zindandakı təbiblərin də boynunu vurduracam. Kəndli hökmdarın şərtini qəbul etdi. Hökmdar ona yuxusunu danışdı. Kəndli xeyli fikirləşdikdən sonra dedi: -Hökmdar sağ olsun, burada qorxulu bir şey yoxdur. Sizdə hələ də vicdan var. Siz etdiyiniz hərəkətlərdən utanıb vicdan əzabı çəkirsiniz. Ona görə də gecələr belə qorxulu yuxular görürsünüz. Bunun bir çarəsi var. Hökmdar sevinərək: -Nədir onun çarəsi?-dedi. Kəndli dedi: -Siz ya xasiyyətinizi dəyişməlisiniz, ya da hərəkətlərinizi. Elə hərəkət etməlisiniz ki, gecələr belə yuxular görməyəsiniz. Ya da ki, hərəkətlərinizi davam edib xasiyyətinizi dəyişməlisiniz. Yəni olan vicdanınızı da atmalısınız: – Bu söhbətdən bir müddət keçdi. Hökmdar rahat yatmağa başladı. O, ümumiyyətlə heç yuxu görmürdü. Hökmdar kəndlini mukafatlandırdı. Onu sarayın baş loğmanı təyin elədi. Artıq hökmdar rahat yatırdı.

 

“Yatmaq qorxusu”