Qarabağ məsələsi illərdir dostumuzu, düşmənimizi seçməyin, hətta özümüzü seçməyin əsas ölçüsü idi. Etiraf edək, özündə həqiqət olan, reallıq olan multi-kulturalizmi də xatırlmağa, vurğulamağa, önə çəkməyə Qarabağ məsələsinin təsiriylə ehtiyac duyduq. Ağvan (Qafqaz Albanı) kimliyimizə, onun irsinə, dininə, onu təşkil edən tayfaların önəminə, yerinə də buna görə diqqətimizi artırdıq. Bizi tarixlə vurmağa çalışan ermənilərin üzünə həqiqi tarixi şapalaq kimi yapışdırmaq ehtiyacı məhz Qarabağ məsələsinin işığında yarandı. “Qarabağsız Azərbaycan yoxdur” inancı bir az da bunlara görə doğru idi, aksioma idi ki, biz o qaranlıq səhifənin təsiriylə tariximizə işıq tutduq. Dərk etdik ki, məsələn, Qarabağda yaşayan icmanın bir qismi heç erməni deyilmiş, zorla erməniləşdirilmiş albanlardır, udinlər və digər xristian yerlilərimizdir ki, özlərini “erməni” sayırlar. Dostumuzu, düşmənimizi seçmək də o zaman uğurlu olur ki, bir xalq özünü düzgün tanısın.
Bizim Qarabağ davamız ədalət məsələsidirsə, bir çox hadisələrə ədalətli baxmağı da öyrənməliyik. Dostumuzu, düşmanımızı da bu ədalətli şüurun nəticəsində seçməliyik. Bu seçimlərdən biri də Fransa ilə münasibətlərdə edilməlidir. Fransa ilə dost olmaq üçün Azərbaycanın coğrafi, iqtisadi və mədəni mənada az sayda səbəbi vardır, bu təəssüf doğurur. Ona görə də bu iki ölkə hələ bundan danışa bilməzlər. Bəs, bu günkü qədər düşməncil münasibət üçün yetərli səbəb vardırmı ? Müharibə ərəfəsində bunları yazmaq həssas ola bilərdi. Ancaq, artıq deyil. Müharibənin gedişində ölkəmizdə kəskin anti-fransız rəy formalaşdı. Bunda əlbəttə ki, fransız siyasətçilərin düşük addımlarının əsas payı vardır. Valeri Boyer-lər, Laurent Vokie-lər və sairə buna bənzər siyasətçilər, ürək bulandırıcı mövqələr tutdular, bunu Fransada yaşaya-yaşaya görmək xüsusilə ağır idi. Senatda bizim haqqımızda səsləndirilən iyrənc fikirlər, Türkiyəyə qarşı qarayaxmalar, erməniləri qurban kimi göstərməyə çalışan üzsüz bəyənatlar və Makronun “cihadçı” -larla bağlı ehtiyatsız bəyanatı ölkəmizdə böyük qəzəbə səbəb oldu.
Ancaq, ədalət hadisələrə öz çəkisiylə qiymət verməkdir. Olanları və olmayanları deməkdir. Bir neçə reallığı qeyd etmək burada vacibdir :
• Fransa dövləti Dağlıq Qarabağdakı separatçı rejimi müstəqil dövlət olaraq tanımır, tanımadı. Senatda qəbul olunan sənədin isə hüquqi effekti yoxdur, o sadəcə bir təklif idi. Halbuki, Fransanın yerində məsələn, biz olsaydıq və fransızların erməniləri sevdiyi qədər bizim sevdiyimiz bir millətin taleyi müzakirə olunsaydı, biz başqa cür hərəkət etmiş ola bilərdik. Məsələn, bizim Qarabağ problemimiz olmasaydı, biz Kipr türklərinə bu günkündən daha yaxın əməkdaşlığa girərdik. Ancaq, Fransa buna getmədi, hələ də getmir.
• Prezident Makron Fransadakı ekstremist erməni gəncləri ilə görüşdə özü dedi ki, müharibə gedən bölgə Azərbaycan ərazisidir. Ermənilərə dedi bunu. Bİz məsələn, qardaş Türkiyədə kiminsə “Kosova Serbiyanındır” deyə biləcəyini təsəvvür edirikmi ? Biz “Kipr yunanlarındır” demərik axı heç bir zaman. Ancaq Makron Qarabağın Azərbaycana aid olduğunu ermənilərin özünə, üzünə dedi.
• Fransız diplomatiyasının rəhbəri Lö Drian özü dedi ki, biz “DQR” in müstəqilliyini tanımırıq, çünki biz Minsk Qrupunda həmsədrik və neytral qalmalıyıq.
İndi gəlin, müqaisə edək.
Lavrov Lö Drian kimi “biz neytralıq” deyirmi ? Demir. Deyil, çünki. Fransa da deyil, ola bilməz, ancaq o bunu adi simvolik aktlarda göstərir Lavrovun ölkəsindən fərqli olaraq.
Millət olaraq, az qala Rusiyaya təşəkkür edirik ki, silahlandırıb üstümüzə saldığı və qoruduğu ermənilərdən bircə anlıq dəstəyini çəkmiş kimi göründü və torpağımızı 30 illik əsarətdən xilas edə bildik. O da yenə, silah, sursat, İskəndərlər yollamağa davam edə-edə və ancaq, əməliyyatlar Qarabağ çərçivəsində qalmaq şərtiylə… Ermənistan Bərdəyə, Gəncəyə raket atarkən, biz Yerevana sapan da yönəldə bilmədik balans qorumaqçün. Niyə, Rusiyanın ucbatından. O Rusiya ki, Qarabağı de fakto 30 il ermənilərin ərazisi etmişdi. Rusiya olmasa, qarışmasa, Qarabağı elə 2016-dakı müharibədə artıq geri almış olmazdıqmı?
Fransamı almışdı bizdən Qarabağı? Fransamı silahlandırmışdı erməniləri ? Fransamı tarixi erməni bəlasını başımıza düçar edibdir? Rusiya ilə bu qədər mehriban ya da ölçülü münasibət saxlayıb, Fransaya bu qədər qəzəbli olmaq ədalətlidirmi, tarazdırmı, dəngdirmi ? Daşnaksütyün bəlasını Anadoludan Qafqaza gətirib, Azərbaycandakı qırğınlara nə səbəb olmuşdu, Fransamı?
Ayrı bir nümunə götürək. Rusiya Cənubi Ossetiyanı bir tərəfli qaydada müstəqil dövlət kimi tanımışdı, 2008-ci ildə. Fransa bunu Qarabağda bizə qarşı etdimi ? Etmədi. O zaman bizim Fransaya münasibətimiz adekvat sayıla bilməz. Demirəm ki, qəzəblənməyək, tənqid etməyək, narahatlığımızı bildirməyək. Ancaq, Rusiyanın etdikləri yanında Fransanınkılar sadəcə olaraq heç nədir.
Hadisələrə bir də Fransanın gözündən baxaq. Məsələn, pakistanlı qardaşlarımız bizdən yardım istəsə, bunu gözardı edə bilərikmi? Yox. Onlar da ermənilərə qardaşlığını adı bir kağız parçasıyla, bir-iki tvitter mesajıyla ifadə etdilər. Dayaz, ölçüsüz, asanlıqla ifşa edilən bəyanatlar çıxardılar, düzdür, ancaq iş orada bitdi. Bəs Rusiya nə etdi ? İmkan verdimi, ölkəmiz suverenliyini tam və mütləq şəkildə bərqərar etsin ? Xeyr, ən azından hələ ki, yox.
Bəs Fransaya qarşı gedən kampaniyanın neçədə birini Rusiyaya qarşı apardıq ? Yüzdə sıfır. Bu ədalətdirmi? Deyil. Fransa bizə qarşı bir-iki bəyanatlıq, tvitter səviyyəsində, məqalə səviyyəsində, eləcə qeybət formasında addımlar atdı. BMT-də də nələrsə etmək istədi, ancaq çox üstünə düşmədən. O da Ermənistana olan minillik bağını nəzərə alsaq, xoşa gəlməz olsa da, dramatik, trajik və katastrofik deyil.
Mən təbii ki, Rusiya ilə də stabil və mütərəqqi qonşuluğun tərəfindəyəm və bu yazının məqsədi Rusiyaya qarşı insanları təhrik etmək deyil. Nəticədə Rusiya da ədalət naminə deyək, 300 illik imperial proyekti olan erməni amilini bir Paşinyana görə tam fəda edəsi də deyildi, bunu gözləmək sadəlövhlük olardı. Göstərdiyim müqayisə ondan ötrüdür ki, Fransaya qarşı münasibətdə çox ifrata getdiyimizə diqqət çəkim.
Halbuki, sülh prosesində Fransa Azərbaycanla Ermənistan arasında uğurlu bir vasitəçi ola bilər. Fransaya bu rolu verməklə, həm bölgədə sülhün təşkilində yeni bir yolu test etmiş olarıq, həm də Fransa ilə münasibətləri öz reysinə oturtmaq olar. Uğurlu dövlət idarə etməsi, həm də diplomatik diversifikasiyadan keçir.
“Türkiyə özümüzdür, Orta Asiyadakı türklər özünü hələ yetərincə bilməyən özümüzünküdür, Pakistan qardaşımızdır, İsrail yaxın tərəfdaşdır, İngiltərə vacib tərəfdaşdır, Amerika uzaq tərəfdaşdır, Rusiya yaxın qonşudur, İran uzaq ancaq doğma qonşudur, Gürcüstan səmimi qonşudur, Ermənistan qaçılmaz qonşudur” deyiriksə, “İtaliya real, Çin muhtəməl, Almaniya arzuolunan, Fransa isə potensial tərəfdaşdır” deməyi öyrənərək, artıq dünyaya doğru diplomatik vizyonla baxmış olarıq.
Fransanın bizdə olan tək marağı ermənilərdir (yəni nə neft, nə qaz, nə qan, nə din, nə pul). Biz vətəndaşımız olan erməniləri düzgün siyasi dəyişimə uğratsaq, Fransanın bizə marağı artar, münasibəti isə dəyişər.
Azad Akifoğlu