Bu «Chapman Taylor» hardan çıxdı ?
Şuşa şəhərinin baş planının hazırlanması üzrə tenderin (yazıldığına görə «açıq tender»in) nəticələri bu gün elan edilib və nəticələrə əsasən Chapman Taylor şirkəti qalib edilib. Şuşa şəhərinin baş planının hazırlanması dövlətə 3 milyon 941 manata başa gələcək.
Chapman Taylor bir ingilis şirkətidir, bu zamana qədər də Azərbaycanda işləyib, bir çox layihələri qəbul edilib.
Amma mənim iradım bu «açıq tender » ifadəsinə olacaq.
Açıq tenderin hansı qaynaqlarda elan edildiyi, nə qədər açıq olduğu ilə maraqlanmaq istədim. Yazıldığına görə tenderi Dövlət şəhərsalma və arxitektura Komitəsi elan edib. Bu Komitənin rəsmi saytı var və orda bu zamana qədər elan edilmiş tenderlərin siyahısı var.
2018- ci ilin dekabr ayının 14-dən indiyə qədər (birinci elan : Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi “Bakı şəhərinin Baş planının hazırlanması” işlərinin satın alınması məqsədilə açıq tenderə təkliflər təqdim etməyə dəvət edir)
bu Komitə öz rəsmi saytında 6 tender elan edib. Sonuncu elan 2020-ci ilin avqust ayının 6-da qoyulub : «“Qeyri-maddi aktivlər” xərc maddəsi üzrə “Proqram təminatları”nın satın alınması üçün elektron satınalma vasitəsilə bir lotdan ibarət açıq tender keçirilir».
Baş planların tərtib edilməsi üçün tender elanları sırasından daha ikisi var :
2. 11 iyul 2019-cu il. Goranboy, Gədəbəy və Astara şəhərlərinin baş planlarının hazırlanması işlərinin satın alınması barədə açıq tender elan edilir.
Saytda Şuşa ilə bağlı bir kəlmə də yoxdur. Ümumiyyətlə, 2020- ci ilin sentyabr ayının 6-dan bəri Komitənin saytında tenderlerlə bağlı heç bir məlumat- elan- bildiriş, xatırlatma- dəvətnamə, sünnət toyu, nişan məclisləri, xınayaxdı mərasimləri barədə də heç bir xəbər yoxdur.
Ona görə də keçdik açıq mənbələrə və bəlli olur ki, Şuşanın baş planının hazırlanması ilə bağlı açıq mənbələrdə heç bir elan yoxdur. Tender qapalı keçirilib, ya da heç keçirilməyib, elə- belə götürüb veriblər bu ingilis şirkətinə. Mütəxəssislər hansısa yarımgizli mənbələrdən belə bir elanı tapıb üzə çıxara bilərlər bəlkə də, amma axı Şuşanın baş planı barədə tender elanını əldə etmək üçün hansısa künc- bucağı eşələməyə dəyərmi ?
Bəs, nəyə görə bu ingilis şirkətinə? Bu, Paşa Holdinqin seçimidir, bu şirkət Azərbaycanda əsasən Paşa Holdiqnlə işləyir.
Bakıda, şəhərin mərkəzində «Chapman Taylor in Baku» adlı 4 ulduzlu oteli də var. Şirkət öz profilinə uyğun olaraq Azərbaycan paytaxtında Port Baku Tower, Deniz Mall, K Residence və başqaları kimi prestijli kompleksləri dizayn edib.
Lap yaxşı, etsinlər. Amma axı, bu tenderləri nə zaman elan etdiz, hansı müddət aralığı oldu, kimlər baş vurdu, hansı şərtlər əsas götürüldü…
Şuşa erməni işğalında olanda şəhərin baş planının hazırlanması üçün separatçı rejim Seda Yaqubyan adlı erməni qadın olan «SEMA Associates» Amerika şirkəti ilə müzakirələr aparırdı. Bu müzakirələrin gedişində nəzərdə tutulurdu ki, Şuşa şəhərinin indiki tərtibatı tamamilə dəyişilməlidir, çünki indiki plan 1750-ci ildə Qarabağ xanı Pənah xan Cavanşirin təşəbbüsü ilə hazırlanıb. O zaman separatçı rejimin başçısı Arayik Arutyunyan elan etmişdi ki, şəhərin baş planı hazır olmayınca burda heç kim torpaq və mülk sahibi ola bilməyəcək. İndi Şuşa azad edilib, amma nə baş plana qədər, nə də ondan sonra heç kim o şəhərdə mülk və torpaq sahibi ola bilməyəcək, bu barədə də sərt açıqlama verən İlham Əliyev hamının ağzından vurub geri qaytarıb.
Chapman Taylor-un hansı planı təqdim edəcəyi, tarixi Şuşa ilə yeni baş plan arasında hansı əlaqələrin olacağı ilə bağlı heç bir bilgi- filan da yoxdur. Hər şey olduqca qapalı şəkildə baş verir.
Üstəlik, Azərbaycanın « mədəniyyət paytaxtı » elan edilən Şuşa şəhərinin statusu haqqında qanun qəbul edilib. Ölkənin inzibati- siyasi paytaxtı haqqında isə qanun yoxdur.
Amma bu baş plan… tender nə zaman elan edildi, nə zaman, hansı şərtlərlə qalib müəyyən edildi ?
Bu il, yanvar ayının 8-də ölkənin informasiya qaynaqlarında, şəxsən mənim etimad etdiyim Turan İnformasiya agentliyinin xəbərində təsdiq edilirdi ki, Şuşa şəhərinin baş planı hazırlanır. «Şuşa şəhərinin baş planı hazırlanır» o deməkdir ki, artıq tender olub, kimsə qalib gəlib və planın hazırlanmasına da başlanılıb. Yanvarın 8-də yayılan xəbər bunu təsdiq edir. Bundan 2-3 ay əvvəl , yəni 2020- ci ilin noyabr ayında isə indi sizə təqdim etdiyim videoçarxlar dövrəyə girmişdi. Yəni, hələ noyabr ayından (2020) baş planın artıq xeyli elementləri də bəlli idi, bu elementlərin əsasında baş plan hazırlanıb.
İndi isə bəlli olur ki, baş planın hazırlanması üçün tenderin nəticələri bu gün bəlli olub. Dələduzluqdur !..
Qənimət Zahid