Ənnağı Hacıbəyli
Sufilik
İlkə getsək, sufizm, əslində, ortodoksal islamın ehtiyatlı inkarı, insanı kamilliyə çağıran fəlsəfi cərəyan olub. Sufizmə görə, mistik özünükamilləşdirmə yolunda ilk mərhələ şəriət, son mərhələ həqiqətdir. Şəriətdən həqiqətə mənəvi gediş yoluna təriqət, bu yolun nəfəsdərmələrinə məqam deyilir. Həqiqətə çatmaq üçün şəriətə əməl etmək vacib deyil, əqidə sərbəstliyi hər şeydən üstündür. “Şəriət könlünü Tanrıya vermişlər üçün deyil”. Təriqət hallar və məqamlar silsiləsinin vəhdətidir. Məqam sufinin çatmaq istədiyi kamillik mərtəbəsidir, hal yolçunu haqqa qovuşduran ilahi vergidir. Təsəvvüf yolçusunun son məqsədi haqqa qovuşmaqdır.
Eşq Ruhdur – Tanrının qəbul elədiyi Ruh. Sən Uca Tanrıya ancaq onu apara bilərsən. Kamil insan olaraq. Belə deyilsə, ömrünü hədər yaşamısan. Get bu dünyadan və taleyini gözlə. O, onsuz da əzəldən Tanrının hökmündə idi…
“Ey Füzuli, qılmazam tərki-təriqi-eşq kim,
“Eşq olmasaydı, olmaz idi…” Heç nə ola bilməzdi. Eşq hər şeyin əzəlisi və əbədisidir. İnsanlığın sirrini eşqsiz anlamaq mümkünsüz.
Nəsimini bir örnəyə sığdırmaq isə mümkünsüz – o, başdan-başa eşq və fəzilətdir. Təsəvvüf Tanrısı varsa, o elə Nəsiminin özüdür.
Həzrət İnayət Xana görə sufizm nə dindir, nə fəlsəfə. O, nə deizm, nə də ateizmdir. O, bunların arasında dayanaraq bu aradakı boşluğu doldurur. Dindarlar hesab edir ki, sufilər həddən artıq azadfikirlidirlər, soyuq başlı filosoflar isə onlara çox dindar adamlar kimi baxırlar, çünki sufilər ruhu yüksəltmək üçün materialist məntiqdən daha yüksək prinsipləri rəhbər tuturlar.
Sufizm insanın fiziki, intellektual, əqli, mənəvi, ruhi kamilliyidir. Şəriət, Təriqət, Mərifət və Həqiqəti öyrənmədən həyatın harmoniyasını tapmaq mümkünsüzdür.
Şəriət Allahın hökmü, təriqət insanın seçimidir. Qəbul etdirilmiş həqiqət dərk edilmiş həqiqət deyil, ehkamdır, xof nişanəsidir, doğal deyil.
Sufizm heç bir dinlə bağlı deyil. Onun bütün dinlərdən üstünlüyü Uca Tanrıya – kamilliyə və Mütləq həqiqətə vasitəsiz çatımdır. Sufi – Tanrı yolunda rəsula, araçıya, vasitəçiyə yer yoxdur. O, Tanrı xofu yaymaq üçün deyil, Tanrı eşqini yaymaq üçün çalışır. Qılıncsız və savaşsız.
Sufizm Mürşidə sonsuz inam deməkdir. Çünki mürşidlik zirvəsinə çatmış insan heç vaxt müridinə tərki-dünya həyat tərzi aşılamır, onu dünya nemətlərindən və həzzindən imtina edib tənhalığa çağırmır, müridinin qəlbinə daha çox işıq və həyat aşılamağa çalışır. Müridlər də mürşidlərindən başqa kimsəyə xidmət etməzlər. Tanrıya canatma fani dünyanın xidmətlərini sufinin gözündən salar. Onun könül dünyası özgəsinə xidmətə qədər enən bir nəsnə deyil. Özgəsinə xidmət ucalığa göz dikmiş adamın ayaqları altında olar.
Sufinin düşüncəsinə görə insan ruhu üzərində heç bir hakimiyyətə yol verməməlidir.
Fəlsəfənin və insan düşüncəsinin baş gicəlləndirmək şakəri də var. Çalışın dayaq nöqtəsinə möhkəm söykənin. Çox vaxt insanın bu nöqtəni itirməsi təkcə başın deyil, həm də ləyaqətin itirilməsi ilə sonuclanır. Ölkə sərgərdan eks-sufilərlə doludur.
Əsərin başlanğıcında, zindan səhnəsində təsvir olunan şairlər – keçmişin şahının dərviş-şairi və NKVD dustağı məhz xeyirlə şərin əbədi çarpışmasının personajlarıdır. Bu gün də yaşayan, müxalif düşüncəsinə görə “demokratik hüquq dövləti”nin qurbanlarına çevrilmiş personajlar…
Dərvişliyi mütrüblükdən ayıra bilməyənlər üçün deyil bu kitab.
Dərvişlər hər yerdə var, olub, olacaq. Onlar mağarada da, vətəndə də, qürbətdə də dərvişlərdir. Bir az sonra onlar xristian dünyasının ehkamlarına üsyan edəcəklər. Daha sonra onlar Qross qiyafəsində Avropa Şurasında peyda olacaq, həqiqəti insanlığa asi olmuş demokratiya alverçilərinin üzünə çırpacaqlar.
Tarixə uzun zaman sonra – tarixin aydınlığında baxmaq çətin iş deyil, amma gərək ona baxmaq üçün yüksəyə qalxmağı bacarasan. Tarix barədə aydın təsəvvürlərin, zəngin mütaliən, fəhmin, talantın və bir də mənəvi haqqın olsun gərək. Dərvişlik əsrləri yenib gələn ən günahsız, ən iddiasız, ən ülvi, ən dərin dünya görüşü, əqidə, mənəviyyat olduğundan ona bir günün prizmasından baxmaq olmaz. Ona məhz əsrlərin çağdaşlıq işığında baxıla bilər.
Bu kitab tarix deyil, heç adi roman da deyil. Onun bir roman olduğu da heç yerdə yazılmayıb. Bu kitab tarix, yaşam və insanlıq hekayəsidir. “Son Dərviş” Azərbaycan ədəbiyyatını ölkə sərhədlərindən kənara çıxaran uğurdur.
“Dünyanın bir şahının dünyanın bütün şəhərlərini xarabaya çevirəcək qədər günahları var. Bu dövran lənətlənmiş dövran idi. İndi bütün barmaqlar şərin hökmündə qatlanır və ya dikəlir”. Şahın Günəş Dədənin – adi bir sufi filosofunun hüzuruna tövbəyə gətirilməsi azğın hökmdarlara sadəlövh məsləhət və ya ucuz didaktika deyil. Bu, insanlıq dərsidir. Vay sinifdə qalanın halına!
“Cisminiz sizə ona görə verilib ki, bu dünyanın ölçülərində ruhunuzu ağlınızla birləşdirib Allahı dərk edəsiniz”. Fikir verirsinizmi, şahların əlini öpdüyü, qarşısında diz çökdüyü “təsəvvüf kişisi” Günəş Dədənin bu nəsihətində də Tanrı ilə insan arasında kimsə yoxdur. Kamilləşmə yolu kənar kimsənin soxula biləcəyi yol deyil. Onun o başında Tanrı, bu başında isə İnsan var.
“Din bəkçiləri Ali ruhun dərk edilməsində insan hürriyyətini boğur, cilovlayır, Allaha deyil, özünü Allahla insan arasında vasitəçi qat elan edənlərin təntənəsi üçün işlədilir”. Dünya dəyişir, gəlişir, yerində sayır. Din də eləcə. Sufilik özünü tarixən siyasətin əlində alət olan din qədər nüfuzdan salmayıb. Onun idarəsi, möhürü və kimsə qarşısında öhdəliyi olmadığından dəyərlərinin qutsallığını daha çox qoruya bilib. “Qutsal haqq uğrunda qılınc çalanlar özlərini qutsal haqq uğrunda başından keçənlər qədər haqlı sayarlar”. Sufilər qutsal haqq uğrunda canlarından keçənlərdir. Hər qılınc çalan isə qutsal haqq yolçusu deyil…
“İnsan faili-muxtardır, asilik də, ibadət də dərk edilmiş qərardır”.
“Günahsız adamlar qorxulu adamlardır, onlardan hamı çəkinir. Günah edə bildiyi halda günah etməyənləri kimsə bağışlamaz”. Bu, təkcə yüz illər qabaq belə deyildi ki. İndi də belədir. Can ağrısına dözüb ləyaqət ağrısına dözməyən tofiq yaqublular, onlarla günahsızlar var ki, suçları günahsızlıqlarıdır. “Məsumlar üçün yaradılmış cəhənnəm varsa, bunu Allah yaratmayıb”. Hökmdarların verdiyi və bu dünyada ləğv edilməmiş allahsız cəzaların apellyasiyası Tanrı dərgahındadır. Çünki cəzasız günah olmur.
Allahın yoxluğunu israr etməkdən vəcdə gələn, Allahı yox etmək üçün dəstə bağlayan bir zümrənin Divan qurduğu bir ölkədə qaçılası bir yer tapammazsan”. Qürbət ağır yoldur, amma getməlisən. Dünya, sadəcə, dörd tərəfdən ibarətdir, insanın seçim imkanı çox məhduddur.
“Bu yazılar içində
könlümdə susanı gör.
atəşdə İbrahimi,
İlahi ehkamların təbliğatçısı İlahi eşqin edamına fətva verir. İlahi eşq yer üzünün neməti deyil. Dünyanın son insanlıq dini insanı dinə qurban verirdi…
İnsanın dərdi nə qədər böyük olsa da, Tanrı ilə müqayisədə çox kiçikdir. Dərdi dərd eləmək olmaz. İnsanlıq tanrısına tapınan adamın dərdi dərmansız ola bilməz.
İnsanlığın yolu bizim bildiyimizə sığmaz. Bəşər tarixi insanlıq tarixindən çox insanlığa sığmayan nəsnələr arxividir. İnsanın insan üzərində hakimiyyəti yaranan gündən insan hakimə və məzluma çevrilib. Bu qəflət və rəzalət nə zaman bitəcək? “İnsanların elmi artdıqca anlayacaqlar ki, hər bir insan İlahi mahiyyətin daşıyıcısıdır, ona əl qaldırmaq İlahi mahiyyətə əl qaldırmaqdır. İnsanlar arasında İlahi düzən olacaq, kimsə varlığını bu gerçək dışında təsəvvür etməyəcək, şahlar hökmün ədalətini ədalətin hökmü kimi anlayacaqlar. Ədalət uğrunda qan yox, elm gərək olduğunu anlayan şahlar qurtaracaq insanlığı”. Əziz oxucu, görürsənmi, sənin layiq olduğun dünya düzəni hələ də ilğımların o tayındadır. Bilirsənmi niyə? Çünki insanlığın taleyi hələ də İNSAN əlində deyil.
Sufizm – kamil insanlıq fəlsəfəsidir. Nə qədər ki, insanlıq var sonuncu dərviş olmayacaq.