Dövlətin ədaləti və millətin yuxusu

Gültəkin Hacıbəyli

siyasətçi

 

Böyük Azərbaycan mütəfəkkiri Şeyx Cəmaləddin Əfqani hələ 19-cu əsrdə yazırdı:

“Dövlətin möhkəmliyi ədalətindən, millətin diriliyi elmindən asılıdır”.

Bu gün üçün də ibrətamiz kəlmələrdir. Ədaləti olmayan dövlət, elmi olmayan millət 21-ci yüzilin burulğanlarından salamat çıxıb inkişaf edə bilməz.

Di gəl ki, Azərbaycanın sükanı o qədər naşı, elmdən və ədalətdən uzaq adamların əlindədir ki, onlara bunu anlatmaq belə müşküldür.

Koronavirus pandemiyası ilə üz-üzə qaldığımız, bir millət olaraq dövlətimiz tərəfindən sahibsiz buraxıldığımız bu günlərdə hər bir azərbaycanlı bu acı həqiqəti daha dərindən idrak etdi.

Evlərə qapadılan yüz minlərlə insan acdır, aylardır işləyə, günəmuzdçuluq edə bilmədikləri üçün ailələrinin son ehtiyatları da tükənib.

Adına dövlət deyilən nəsnə onlara yardım etmək əvəzinə hakim elitanın banklarına, otellərinə, AZAL-a yüz milyonlarla vəsait köçürür.

Xəstəxanaları da iki sinfə ayırıblar: kasıb camaatı şəraitsiz, üfunət qoxuyan Semaşkoya, vəzifəlilərin qohum-əqrəbasının lüks şəraiti olan Yeni Klinikaya və Gömrük Hospitalına yerləşdirirlər.

Semaşko xəstəxanasında, bölgələrdə insanlar ağciyər ventilyatoru olmadığı, bəzən ventilyator olsa da oksigen olmadığı üçün can verdiyi vaxt, bəzi klinikalarda ventilyayorlarla təchiz edilmiş onlarla boş palata hər ehtimala qarşı “ağdərililər” üçün bron edilərək boş saxlanılır.

Budurmu dövlətin ədaləti?!

O qədər elmdən, təhsildən uzaqdırlar ki, müasir dünyada elmi yanaşma və əsaslandırmasız hətta pomidor belə becərilmədiyini bilmirlər. Məsələn, sən min bir əziyyətlə, böyük su və zəhmət israfı ilə bir hektardan 4-5 ton pomidor istehsal edirsən, yəhudilər həmin suyun onda biri ilə 100 ton məhsul yığırlar. Baxmayaraq ki, sənin torpağın daha keyfiyyətlidir. Çünki, onlar elminə güvənir, bütün sahələr kimi kənd təsərrüfatını elmi əsaslar üzərində qurub, sən isə elə bilirsən ki, pulun və zorun varsa virus da qarşında baş əyəcək)))

Məhz bu korafəhmliyin, səriştəsizliyin, bacarıqsızlığın nəticəsində COVİD-19 kimi qlobal təhlükə ilə də elmi yox, “kreativ, innovativ” davranmağı seçdilər. Sanki bir holding, şirkət yaradırmışlar kimi “Təbib”-i yaratdılar.

Ölkənin təcrübəli virusoloqları, epidemioloqları, pulmanoloqları, reanimatoloqları qaldı bir qıraqda. Azərbaycanın baş epidemioloqonu prosesdən uzaqlaşdırdılar, adam da çıxıb kəndinə, istirahətə getdi. COVİD-19-la mübarizənin başlıca mərkəzi olmalı olan Ağciyər Xəstəlikləri İnstitutunu belə prosesə cəlb etmədilər.

Hətta pis-yaxşı, illərin təcrübəsi olan Səhiyyə Nazirliyi də pandemiya ilə mübarizə işindən kənarlaşdırıldı ki, bütün problemləri əlahəzrət “Təbib” həll edəcək.

Ölkənin baş epidemioloqunu, təcrübəli virusoloqlarını, Ağciyər Xəstəlikləri İnstitutunu, Səhiyyə Nazirliyini uzaqlaşdırıb Koronavirusla mübarizəni deyilənə görə kəmsavad… praktoloq! Ramin Bayramlıya həvalə etdilər! Və beləliklə, qorxunc virusla mübarizəyə təcrübəsiz bağırsaq həkimi rəhbərlik etdi! Bu virusun isə bağırsaqlara, ümumiyyətlə, aidiyyatı yoxdur, o bağırsaq mühitində dərhal məhv olur.

Ramin Bayramlının “Təbib” rəhbəri kimi ən yaddaqalan fəaliyyəti dövlətin pulsuz etməli olduğu testləri öz klinikasında 140 manata icra etməsi oldu.

Heç şübhəsiz, “Təbib”-in yaradılması da, ora təsadüfi bir şəxsin rəhbər təyin edilməsi də pandemiya ilə mübarizə məqsədilə dövlət büdcəsindən ayrılan milyardlara bir əldən sərəncam vermək məqsədinə xidmət edib. Və bu ssenaridə, əslində, Ramin Bayramlı çox kiçik adamdır.

Göründüyü kimi, Azərbaycan hakimiyyətinin əsas hədəfi öncədən də virusla mübarizə olmayıb. Olsaydı, bu prosesə təcrübəli virusoliqları, epidemioloqları, pulmanoloqları, xarici mütəxəssisləri cəlb edərdi. Məqsəd Koronavirus pullarını həzmi-rabedən keçirmək olub ki, bu işin başında da praktoloqun durmasından təbii heç nə ola bilməz.