Bir neçə gün əvvəl mətbuatda Turan agentliyinin ölkədəki siyasi vəziyyətin təhlili ilə bağlı bir yazısına rast gəldim. Turan agentliyi ölkəmizin ən ciddi və ən peşəkar xəbər agentliyidir, buna görə də, bu agentliyin Analitik Qrupu adından təqdim edilən yazını oxumamaq olmazdı. Yazı Azərbaycanda gözlənilən islahatlarla bağlı proqnozlardan ibarət idi. Çox nikbin ruhda tərtib edilən bir analiz idi və buna görə də agentliyin Analitik Qrupunun nikbinliyi mənə təsir etməyə bilməzdi. Elə bu nikbin ovqatla da yazını daha diqqətlə bir daha oxudum və bir anlıq mənə elə gəldi ki, proseslər olduqca müsbət və pozitiv istiqamət alıb. Həm də bunu qeyd edim ki, analitiklərin təqdimatında Xədicə İsmayılın həbsdən azad edilməsi ölkə rəhbərliyinin, o cümlədən, yəqin ki, hətta İlham Əliyevin ıslahatların alternativi olmadığına inanması, siyasi ve iqtisadi islahatların artıq zaman məsələsi olduğu kimi təlqin edilirdi. Kiçik həcmli bu yazıda siyasi islahatların artıq qapını döydüyü (həmkarımız Xədicə İsmayıl azad edilib axı), iqtisadi islahatların isə qaranquşlarının uçuşduğu müjdələri verilirdi. İqtisadi islahatların ilk qaranquşu isə bu şəkildə təsəvvür edilməlidir ki, Əliyev ailəsi Çovdar qızıl yataqlarını dövlətə qaytarıb. Turan-dakı həmkarlarımızın bu kiçik, amma diqqəti cəlb edəcək sanballı təhlili əsasən bu iki faktın üzərində tərtib edilib. Mən bu təhlilə çox nikbin yanaşsam da, onun təqdim etdiyi hər iki faktın bir qədər başqa aspektdən nəzərdən keçirilməsini zəruri hesab etdim.
Birincisi, Xədicə İsmayılın azadlığa buraxılması yalnız o halda hansısa islahatların anonsu sayıla bilərdi ki, bu hadisə Azərbaycan hakimiyyətinin öz istəyi ilə baş vermiş olsun. Amma belə deyildi. Xədicə İsmayıl Azərbaycan hökumətinin, konkret olaraq bu hökumətin başçısı İlham Əliyevin xeyirxah şəxsi, geniş planlı siyasi niyyəti ilə azad edilməyib. Olduqca güclü beynəlxalq təzyiq olub, bu təzyiqlər get-gedə artıb, hətta prezident ailəsini sarsıda biləcək tədbirlər müzakirə edilməyə başlanıb və yalnız bundan sonra Xədicə İsmayıl azad edilib. Müzakirə və tələb edilən tədbirlər planına isə Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın Yuneskonun xoşməramlı səfiri statusundan məhrum edilməsi də daxil edilmişdi. Mən belə hesab edirəm ki, bu gerçək təhdidlər hökuməti düşünməyə vadar etdi: Xədicə İsmayılı həbsdə saxlamağa dəyər, ya yox? Axı, həm də həbsin birbaşa səbəbini də ortadan götürmək mümkün olmamışdı. Yeni, əgər Xədicə prezident ailəsinin korrupsiyasını araşdırmaqla qəzəbə tuş gəlmişdisə, onu həbs etməklə bu araşdırmalardan yaxalarını qurtarmaq istəyirdilərsə, bu da baş vermədi. Əksinə, Xədicə İsmayılın əvəzinə dünyanın ən müxtəlif ölkələrindən olan onlarla jurnalist Əliyev ailəsinin korrupsiyasına aid faktları ortalığa çıxarmağa başlamışdılar. Yeri gəlmişkən, bu prosesin dayanacağına da ümid etməyə dəyməz.
Yəni, Turan agentliyindəki dəyərli analitik həmkarlarımızın nikbinliyini heç cür bölüşə bilmirəm. Azərbaycan hökuməti siyasi məhbusları “siyasi islahatlara start” məntiqi, düşüncəsi, niyyəti ilə azad etmir. Onları dəyişir. Məsələn, bir rayonda həddən artıq qudurğanlığı, yekəxanalığı, korrupsiyası ilə əhalini bezdirən icra başçılarının, polis rəislərinin yerini necə dəyişirsə, siyasi dustaqların da yerini elə dəyişir. Onun həddən artıq zəhləsini tökən siyasi dustaqları azad edir, onların yerinə dərhal başqalarını, bəzən hətta ikiqat artığı ilə həbs edir. Xədicə İsmayıl azad edilən gün daha iki gəncin kifayət qədər uzun müddəti nəzərdə tutan maddələrlə həbsə atılması, üstəlik, ən vəhşi üsullarla işgəncədən sonra həbsə atılması İlham Əliyevin də, onun hakimiyyətinin də gerçək niyyətlərindən xəbər verdi. Turan-ın analitiklərindən fərqli olaraq, onların fikrindən hər hansı siyasi islahat keçmir.
İqtisadi islahatlarla bağlı söhbət də eynilə bu şəkildədir. Çovdar qızıl yatağının dövlətə qaytarılmasının hamıya bəlli olan səbəbinə toxunacam. Amma iqtisadi islahatlar kadrlardan, proqramlardan başlamalıdır. Hakimiyyətin kadrlarla islahat niyyəti görükmür. Eldar Mahmudovun işdən çıxarılması, Beynəlxalq Bankın prezidentinin həbsə atılması, əmlak naziri Kərəm Həsənovun Ziya Məmmədovun gününə salınması heç bir halda kadr islahatı deyil. 10 il əvvəl İlham Əliyev öz yerini möhkəmləndirmək üçün şübhələndiyi nazirləri çıxarır və ya həbs edirdi. Fərhad Əliyev, Əli İnsanov kimi nüfuzlu nazirlər, məhz, buna görə kənarlaşdırıldılar. (Fərhad Əliyevin özü də yaxınları ilə bir söhbətdə bunu təsdiq edib). Hakimiyyətə yeni gələn İlham Əliyev avtoritetli nazirləri özü üçün gerçək təhlükə sayırdı. Namiq Abbasov da həmin qəbildən idi. İndi isə vəziyyət başqadır. Yerin özü laxlasa da, İlham Əliyev həmin yerdə möhkəmlənib. Çevrəsində öz intellekti və xarizması ilə onu narahat edən kimsə qalmayıb. Amma pulu və səlahiyyətləri ilə İlham Əliyevi narahat edən nazirlər, oliqarxlar var. Məsələn, Eldar Mahmudov, Cahangir Hacıyev, çox anlaşılmaz situasiyanın hökmü ilə yuxarılara dırmaşdırılan Kərəm Həsənov, bir qədər sonra Fazil Məmmədov kimi insanların əlindəki bahalı səlahiyyətlər İlham Əliyevin ürəyinə yatmır. O, heç bir şəkildə başa düşmək istəmir ki, məsələn Kərəm Həsənov bu qədər səlahiyyətlə onun nəyinə lazımdır. Bir qədər əvvəl Ziya Məmmədovun bütün səlahiyyətlərini və imtiyazlarını doğradı, gördü ki, avtobuslar işləyir… Deməli, Kərəm Həsənovu da səlahiyyətsiz bir küncə tullamaqla ölkədəki daşınmaz əmlaka arayış verən olacaq. ASAN Xidmət var və həmin xidmətə Vergilər Nazirliyinin də bəzi səlahiyyətlərini vermək olar. Hələ təxminən bir il əvvəl yazmışdım ki, davamlı maliyyə sıxıntıları İlham Əliyevi vadar edəcək ki, bahalı nazirlərdən imtina etsin. Amma bu nazirlərin əlindən alınan layihələr dövlətə xeyir vermək üçün deyil, ailə biznesinin gəlirlərini sabit saxlamaq üçündür.
Dövlətə Çovdar kimi layihələri qaytarmaq olar. Buradan da keçirəm Turan-dakı sayğılı həmkarlarımın Çovdar qızıl yataqları üzərindən iqtisadi islahat proqnozları qurmasına. Çovdar qızıl yataqlarını istismar edə bilmədilər. Buradan ən qeyri-peşəkar və təcrübəsiz şəkildə 30 milyon dollar dəyərində qızıl çıxarıb qoyublar piştaxtanın üstünə, müştəri gəlmir ki, gəlmir. Çovdar qızıl yataqlarında çalışan fəhlələr aylardır ki, maaş ala bilmirlər. Bu yataqların istismarı üçün ayrılan pulların bir hissəsi oğurlanıb, bir hissəsi aşağıların balaca korrupsiyacıqlarına sərf edilib, bir hissəsi də işə qoyulub və qurtarıb. İş bacarmamaq, hətta korrupsiyanı da sadəcə olaraq, necə gəldi, dağınıq, zorbalıqla həyata keçirmək, cəhənnəmə, oğurluq pullarla da düz-əməlli biznes qura bilməmək fərasətsizliyin göstəricisidir. Böyük pullar gəlirdi, talan edilirdi, indi o böyük pullar yoxdur, buna görə də bankrot olmuş şəxsi bizneslərini də dövlətin üstünə atıb zərəri bölüşməyə başlayacaqlar. Tamamilə mümkündür ki, bir az sonra İlham Əliyev bankrota doğru gedən başqa bir obyektini, Sumqayıt Texnologiyalar Parkını da dövlətin üstünə tullasın. Bu Çovdar yatağından çıxarılan və əllərində qalan, sata bilmədikləri 30 milyon dollarlıq qızılı da qaytaracaqlarmı? Əlbəttə yox!
Azərbaycandakı siyasi rejim hər hansı islahatı təsəvvür etmir, edə bilmir. İndi bu rejim öz çevrəsini məhdudlaşdırır, korrupsiya şəbəkəsini daraldır ki, “lazımsız” səlahiyyətlərə görə pul itkisi olmasın. Komitələrin, nazirliklərin birləşdirilməsi, səlahiyyətlərin təmərküzləşdirilməsi, ştat ixtisarı kimi məsələlərin hamısı dövlət idarəçiliyinin təkmilləşdirilməsi üçün deyil, korrupsiya ortaqlarının kənara atılması üçündür. Daha az ortaq daha çox qazanc deməkdir. Bir çox yerlərdə paket maaşlarının da kəsilməsi və ya məhdudlaşdırılması bununla bağlıdır.
Vəssəlam. Kimin hansı islahat proqnozları verməsindən asılı olmayaraq, korrupsiya maşınının öz məntiqi var. Bu məntiq ən çətin və ən məhdud şərtlər altında daha çox talamaq və insanlara daha çox fəlakətlər gətirmək planları üzərində işləyir.
Qənimət Zahid