Çarəsiz köpək balığı

Əbil Həsənov
Bir ac köpək balığını akvariuma salırlar. . Akvariumun o biri tərəfinə isə bir neçə kiçik balıq buraxırlar. Köpək balığı özünə yem axtarmaq ümidiylə akvariumda ora –bura üzür. Kiçik balıqları görən ac köpək balığı onları yemək üçün hərəkətə keçir.O, kiçik balıqları yeyə biləcəyinə və bunun onun öz əlində olduğuna inanaraq sürətlə akvariumun əks tərəfinə doğru üzməyə başlayır. Qəflətən başının nəyəsə sərt şəkildə dəyməsi onu dayandırır. Sən demə balıqlarla arasında şüşə sədd varmış. Köpək balığı dəfərlərlə cəhd etsə də, akvariumun digər tərəfinə keçməyə çalışsa da vəziyyət dəyişmir və istədiyinə nail ola bilmir. Nəticədə kor-peşman şəkildə istəyindən əl çəkməli olur. İki gün sonra aradakı şüşə səddi götürürlər. Artıq köpək balığının kiçik balıqları yeməsi üçün heç bir maneə yoxdur. Amma artıq köpək balığı xırda balıqları yeməyə cəhd göstərmir. Kiçik balıqlar nə qədər ətrafında üzsə də, o buna reaksiya vermir. Acından ölən köpək balığı kiçik balıqları qürurlu olduğu üçünmü yemir? Yox, əlbəttə. Cavab çox sadədir: Onları yeyə biləcəyinə inanmadığı üçün. Bir neçə gün sonra akvariuma yeni bir köpək balığı salırlar. O, kiçik balıqları yemək istəsə də qoca köpək balığı ona imkan vermir: “Oğul, mən də sənin kimi bu balıqları yemək istədim, amma yeyə bilmədim. Hər dəfə buna cəhd edəndə başım nəyəsə dəyib, ağrıdı”.