Tanınmış YAP-çı, sabiq millət vəkili Alqış Həsənoğlu özünün “Facebook” statusunda iqtidarda xəyanətkarların olduğunu çox sərt bir üslub və əminliklə bildirib.
A.Həsənoğlu yazır: “Vaxtilə Heydər Əliyevin şəklini başının üstündən asıb, ona xəyanət edən məmurlar vardı. Bu gün də onun heykəlinin arxasında və kölgəsində gizlənib, ölkənin iqtisadi resurslarını düşməncəsinə talayan, mənəvi dəyərlərimizi tapdayan, onun qoyduğu demokratik dövlətçilik irsinə, Prezidentə xəyanət edən məmurlar var…”
A.Həsənoğlu fikirlərinin davamında belə məmurların Azərbaycana vurduqları zərbənin miqyasını erməni təcavüzünün nəticələrilə eyniləşdirir. Sitat: “Bu gün Azərbaycan cəmiyyəti və dövlət idarəçiliyi ən çox nədən əziyyət çəkir? Mən belə deyərdim: şəxsi hisslərin dövlət idarəçiliyinə daşınmasından!
Söhbət nədən gedir? Çox təəssüf ki, bəzi, özü də adi deyil, yüksək çinli məmurlar vəzifə səlahiyyətlərindən Prezidentin və dövlətin tapşırıqlarını yerinə yetirmək üçün yox, ayrı-ayrı adamlarla öz şəxsi münasibətlərini ayırd etmək məqsədilə yararlanırlar.
Daha doğrusu, öz statuslarından, imtiyazlarından sui-istifadə edirlər. Bu da erməni təcavüzündən, korrupsiyadan, rüşvətdən daha böyük bəladır!”
Günün sualı isə budur: KİMLƏRDİR BU XƏYANƏTKARLAR?
Vaqif NƏSİBOV
AzPolitika.info