Avropa Şurasının İnsan hüquqları üzrə Komissarı oktyabrın 19-da polis zorakılığını pisləyib

Avropa Şurasının İnsan hüquqları üzrə Komissarı Dunya Miyatoviç oktyabrın 19-da Bakıda polis zorakılığını pisləyib. O, bazar ertəsi bəyanatında deyib:

“Həftə sonu Bakıda baş verən hadisələr, polisin icazəsin mitinqləri amansızca dağıtması Azərbaycanda polisin davranışı və insanların dinc etiraz hüququ ilə bağlı ciddi narahatlıq doğurur”.

“Oktyabrın 19-da müxalifətin şəhərin mərkəzində mitinq keçirmək cəhdləri polis zorakılığı ilə üzləşib. 100-ə yaxın insanın (hakimiyyətin məlumatına görə, 60 nəfər), o cümlədən müxalifət liderinin saxlanıldığı və həbs edildiyi bildirilir. Onların bəziləri mitinq ərəfəsində saxlanılıb.

İnsanların dinc nümayişə qoşulmasına imkan verməyiblər, belə ki, metronun üç stansiyası bağlanıb, əsas küçələr isə polis tərəfindən mühasirəyə alınıb.

Oktyabrın 20-də isə məişət zorakılığına qarşı dinc etiraz aksiyası dağıdılıb. Etirazdan videogörüntülər dərin narahatlıq doğurur, xüsusən, etirazın məqsədini, daha dəqiq desəm, Avropa Şurasının İstanbul Konvensiyasının ratifikasiyası çağırışını nəzərə alsaq.

Hüquq-mühafizə orqanları əməkdaşlarının ölçüsüz güc tətbiq etməsini pisləyirəm və hakimiyyəti israrla amansız davranış haqqında məlumatların dərhal səmərəli araşdırılmasını təmin etməyə çağırıram.

Hakimiyyət həmçinin hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən dinc nümayişçilərə qarşı hədsiz güc tətbiqinin qarşısının alınması üzrə səmərəli tədbirlər görməli və sərbəst toplaşmaq azadlığına tam riayət olunmasını təmin etməlidir.

Azərbaycan qanunvericiliyində nəzərdə tutulmuş açıq nümayişlərin keçirilməsi haqqında məlumatlandırma proseduru Avropa standartlarına uyğun şəkildə tətbiq edilməlidir və bu cür nümayişlərin keçirilməsi üçün icazə tələb olunmur. Hakimiyyət təşkilatçıların üstünlük verdiyi yerdə açıq yığıncaqlara yardım etməli və onları qorumalıdır.

Mən eyni zamanda oktyabrın 19-da mitinqin keçirildiyi yerdə İnternetin kəsilməsindən və etiraz aksiyasını işıqlandıran jurnalistlərin yaralanmasından narahatam. Hakimiyyəti fikri ifadə etmək azadlığı hüququna daha çox diqqət yetirməyə çağırıram.

Başa düşürəm ki, saxlanılanların əksəriyyəti azad edilib, hakimiyyəti hələ də həbsdə olan dinc nümayişçiləri də azad etməyə çağırıram”, deyə Miyatoviç qeyd edib.

Turan