Ölkədə yenə medal mövsümü açıq elan edilib. Prezident Parlament üzvlərinin hamısının Cümhuriyyət medalı ilə təltif olunması haqqında qərar verib. Əlbəttə, 125 nəfərə topdan medal paylamağın bir sıra çətinlikləri var. Cümhuriyyət adına dəyər verilən ölkələrdə belə təltiflər yüksək səviyyədə, prezident səviyyəsində təqdim olunur. Görünür, prezident 125 deputatın boynuna medal asmağın əzablı iş olduğunu nəzərə alıb, onu Parlamentin sədrinə tapşırıb. Gözləmək olardı ki, Məclisin sədri Oqtay Əsədov deputatlarına o medalı şəxsən təqdim edəcək. Amma spiker də bu əziyyəti çiynində daşımaq istəməyib, işi atıb deputat köməkçilərinin üstünə.
Protokol qaydaları nöqteyi-nəzərindən yanaşsaq, Parlament sədrinin deputatları bu şəkildə yola verməsi onları açıq-aşkar təhqir etmək demək idi. Məşhur nağıl qəhrəmanı Santa Klaus belə hər kəsin bayram hədiyyəsini aparıb öz əliylə sahibinə çatdırır. Axı keçmiş nazir dostu Eldar Mahmudovun adamları təltif olunanda, möhtərəm Əsədov şəxsən qəbul edirdi onları. İndi nə baş verdi ki, Cümhuriyyətin 100 illiyi ilə bağlı təltif etdiyi medalları sədəqə kimi köməkçilərdən sahiblərinə yollayır? Yoxsa spikerin qulağına yaxınlarda parlamentlə vidalaşacağı barədə xəbər pıçıldayıblar?
Cümhuriyyət medalını haqq edən deputatmı var?
Və bu aşağılanmağı özünə sığışdırmayan Fazil Mustafa dilə gəlib iradını bildirdi. Həmkarları da onu ürəkdən alqışladı. Amma işin əslinə qalsa, o anti-xalq parlamentində oturan deputatların bircə nəfəri də o Cümhuriyyət medalını haqq etmir. Guya illər ərzində hansı böyük əməlin sahibi olublar ki, boyunlarına medal da taxılsın. Guya ordakıların hansı hansından yaxşıdır ki, onun cümhuriyyət adına təsis olunmuş medala haqq etdiyini deyəsən. Demək olar ki, hər həftə hakimiyyəti təmsil edən bu adamların ifşası ilə bağlı ortaya yeni-yeni faktlar çıxır. Son saat oğurluğu hadisəsi hələ də dünyanın gündəmindən düşməyib. Yəqin ki, Oqtay Əsədov Rövnəq Abdullayevin saat oğurluğu qalmaqalından xeyli məmnundur və adının müəyyən mənada kölgəyə keçməsinə sevinir. Amma çox da sevinməsin. Çünki bir deputat oğlunun adının belə biabırçılıqda hallanması təkcə o deputata deyil, bütünlükdə Parlamentə ləkədir. Eynilə, Əsədovun arvadının “Kapriz” striptiz-barının parlament adına ləkə olması kimi.
Gerçəkdən də, o parlamentdə sədrin özü də daxil olmaqla, həmin medalı haqq edəcək bircə adam belə yoxdur. Xatırlayırsınızsa, keçən il aşura gunu parlamentin 100 illik tarixinə təsadüf edirdi. Həmin gün ki, spiker Oqtay Əsədov onu tamamilə unutmuşdu və yanında oturan Ziyafət Əsgərov xatırlatmasa, heç yadına da düşməyəcəkdi. Bu həm də o tarixə təsadüf edirdi ki, Oqtay Əsədovun kürəkəninin başı it pornosu çəkilişlərinə, arvadının başı isə “Kapriz” striptiz-barında ermənilərin əyləncə məclislərinə qarışmışdı. Xülasə, təklif edirik, Prezident növbəti dəfə medal paylayanda spiker heç zəhmət çəkib köməkçiləri çağırmasın. O medalları parlamentin dəhlizində bir qutuya yığıb qoysun, hərə gəlib öz payını götürüb getsin işinin arxasınca.
Zahid Orucun çıxışı və spikerin anası ölmüş həqiqəti
Yeri gəlmişkən, dünənki Milli Məclisin iclasında Sosial Tədqiqatlar Mərkəzinin direktoru Zahid Orucun çıxışında maraqlı bir məqam diqqəti çəkdi. O, 3 ay ərzində dövlət qurumlarının informasiya siyasətini təftiş etdiyini dedi. Z.Oruc dedi ki, dövlət qurumları informasiya siyasətini düzgün qurmalıdırlar: “Məhbus öldükdən 3 gün sonra Baş Prokurorluq, Ədliyyə Nazirliyinin Penitensiar xidməti açıqlama verdilər. Bu, düzgün yanaşma deyil, 3 gün ərzində həmin adamın cəsədini başları üzərinə qaldırıb, ondan hakimiyyət əleyhinə siyasət aparanları prokurorluq orqanları və ədliyyə sistemi görməli idi. Məqsəd gəncəliləri dövlətdən küsdürmək idi”.
Onun çıxışına Oqtay Əsədov irad bildirərərk belə cavab verdi: “Sözlərində həqiqət var. Çalış, gələn dəfə tez-tez danış, darıxırıq sən danışmayanda. Amma gündəlik ətrafında danış!”
Zahid Orucun sözlərində, doğrudan da, həqiqət var, möhtərəm spiker. Bəlkə, onun sözlərini qüvvətləndirmək üçün siz də prokurorluq orqanlarına iradınızı bildirəydiniz. İstintaq təcridxanasında adam ölüb, amma prokurorluq orqanları susur. Çünki bu orqanlar həmin məhbusdan çox-çox əvvəl ölüb, eynilə sizin rəhbərlik etdiyiniz parlament kimi. Bu orqanlar Oqtay Əsədovun prokuror müavini olan kürəkəni Londonda penthaus alanda və bu varidatı hardan əldə etdiyi ilə bağlı heç bir sorğu-suala çəkilmədən işinə davam etdiyi gündən ölüb. Bəlkə də, ondan çox-çox əvvəl!