Milyardlar qazanıb borc içində batan SOCAR

Xatırlayırsınızsa, iki il bundan əvvəl SOCAR-la BP şirkəti arasında müəyyən gərginlik yaranmışdı. Təfərrüatlar açıqlanmasa da, gərginlik SOCAR-ın neft əməliyyatlarında operator statusunu BP-dən almaq tələbindən qaynaqlanırdı. 1994-cü ildə imzalanan sazişə görə SOCAR-ın buna hüquqi əsası da vardı. Amma sazişə baxmayaraq, BP operatorluğu əldən vermək istəmirdi və sonra problem onun xeyrinə də həll olundu. Son zamanlar SOCAR-la bağlı inanılmaz faktlar ortaya çıxdıqca, BP-nin məsələdə nədən dirəniş göstərdiyi bəlli olur. Həmin o ərəfədə tanınmış neft ekspertlərindən biri yazmışdı ki, Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) hazırda bu layihəni təkbaşına idarə etmək qabiliyyətində deyil. İndi durum o yerə gəlib çatıb ki, birmənalı olaraq hökumətin sözünü deyən “haqqın.az” saytı belə SOCAR-ı hədəf alır, dövlət büdcəsindən ona vəsait ayrılmasına ironiya edir. On beş ildə neftdən gələn böyük milyardları idarə edə bilməyib borc bataqlığına düşən bir şirkət hansı operatorluğa iddia edə bilər axı?
SOCAR büdcəyə yardım etməlidir, büdcə SOCAR-a yox…
Ötən il SOCAR “Ümid”, “Qarabağ” və “Babək” yataqlarında qazma işlərinin aparılması və “Azərenerji” ASC-yə qaz satışı ilə əlaqədar yaranmış zərərin ödənilməsi üçün dövlət büdcəsindən 959 mln. 504,28 min manat vəsait alıb. Dünyaya neft satan şirkətin büdcədən vəsait almasına ironiya edən təkcə adını çəkdiyimiz sayt deyil. Hələ bu pulların şirkətə ayrılması məsələsi gündəmə gələndə hökumətin öz təmsilçiləri belə buna etiraz etmişdilər. Millət vəkili Vahid Əhmədov SOCAR-a vəsait ayrılması planına narazılığını bildirmişdi:”Mən bir məsələni başa düşə bilmirəm. Necə olur ki, Azərbaycan özü qaz hasil edir, lakin “Azərenerji”yə kompensasiya veririk? Düşünürəm ki, qeyri-neft sektorunun inkişafı daha diqqətdə olmalı olan məsələdir”. Deputat Əli Məsimli isə məsələyə belə münasibət bildirmişdi: “SOCAR Azərbaycan dövlət büdcəsinə yardım etməlidir. Dövlət büdcəsindən SOCAR-a yardım edilməməlidir. Bu, büdcədən vəsaitin qoparılması deməkdir.SOCAR kimi böyük şirkətlər bu cür yardıma arxayınlaşıb dövlət zəmanəti ilə kredit alıb qaytarmayacaqlar. Bu, Azərbaycanın dövlət büdcəsini donor büdcəyə çevirmək deməkdir”.Artıq hökumətin öz sözçülərinin dedikləri həqiqətə çevrilir. Millətə gün ağlamalı olan neft şirkətinin özü ağlamalı günə qalıb. Dövlət şirkətinin borcları dövlətin xarici borclarını ötüb, 9,4 milyard manata çatıb. Bəs hara getdi bunca neftdən gələn milyardlar? Onun izini ölkədən çıxarılan, ofşorlara yatırılan, şirkətlərin qurulmasına, bahalı mülklərin alınmasına xərclənən qanunsuz vəsaitlərdə axtara bilərsiniz.İzlər yalnız qol saatlarına 25 milyon manat xərcləyən şirkət prezidentinin oğlunun pul kisəsinə gedib çıxır. İzlər səsi-sorağı hər gün dünyanın ən məşhur kazinolarından gələn harın məmurövladlarının bank hesablarına aparır. Əyləncələrə, oyunlara, səyahətlərə, korrupsiya layihələrinə aparır bütün izlər.
Müflisləşmiş şirkət və xalqın dəniz dibinə batmış arzuları
Beləliklə, Azərbaycan xalqının neftlə bağlı böyük arzuları SOCAR-ın timsalında dənizin dibinə batmış sayılır. Artıq bu həqiqəti illərdir möcüzə gözləyən insanlar da dərk edib.İllərdir hakimiyyətin “analoqsuz inkişaf” yalanlarına inananlar əlini üzüb sakitcə oturub. Hələ problem bununla bitsəydi, dərd yarıydı. Neft milyardlarını havaya sovuran SOCAR gözünü dikib büdcədə xalqın dərd-səri üçün nəzərdə tutulmuş vəsaitlərə.İlin əvvəlində Maliyyə Nazirliyi SOCAR-a 2019-cu il dövlət büdcəsindən nizamnamə kapitalının artırılması üçün 481,6 milyon manat ayrılacağını açıqlamışdı.O qədər bədbəxt xalqıq ki, milyardlarla gəlir gətirən şirkətimiz də iflas edib, üstümüzə borca gəlir. Bu yerdə xalq arasında məşhur olan bir məsəl yada düşür -“yumurtlamadın, yumurtlamadın, yaxşı, bəs falı neylədin?”