SOCAR İrana necə və niyə kömək edib?

  • İranda benzinin bir litrinin rəsmi qiyməti 7-8 sent təşkil edir. Ordan qaçaqmalçılıq yolu ilə çıxarılan benzinin orta qiyməti isə çatdırılma yerində, yəni Azərbaycan, Türkiyə, Pakistan, Ermənistan və İraq kimi ölkələrdə bir litr üçün orta hesabla 1,2 dollara çatır.

Deyəsən öyrəncəli olmuşuq, dünyanın harasında qalmaqallı hadisə baş versə, içindən Azərbaycanın çıxacağını gözləyirik. Qanunsuz iqtisadiyyat və varlanma hissi acgöz hökuməti ölkədən-ölkəyə qanadlandırır. İspaniyada baş verən 2,16 milyon manatlıq saat oğurluğu gündəmdən düşməmiş yeni bir qalmaqalın sorağı qonşu İrandan gəldi. Bunu da yenə təsadüfi, əsassız məlumatlara söykənən mənbə deyil, adlı-sanlı “Bloomberg” yazıb. İran deputatları parlamentdə qonşu ölkələrə qeyri-qanuni benzin satışı ilə bağlı qalmaqallı açıqlama verib.

Enerji Komitəsinin üzvü Seyid Əli Adyani İranın sərhəd ölkələrinə benzin qaçaqmalçılığının son aylarda 10-15 milyon litr artdığını deyib. Millət vəkili keçən il İrandan qeyri-qanuni yollarla gündəlik olaraq 11, 8 milyon litr yanacaq daşındığını bildirib. Yanılmadınız, şübhəsiz ki, bu ölkələr arasında Azərbaycanın adı ön sıralarda keçir. Görünür, bütün mötəbər kürsülərdə enerji nəhəngi kimi sinəsinə döyüb guruldayan hökumətin tamahkarlarını Xəzər və SOCAR-ın milyon barellərlə benzini də doydura bilmir. Daha çox qazanmaq üçün lövbər atıb keçirlər İran tərəfə, ordan İran benzinini gətirib burda əlavə gəlir götürürlər. Səbəbini indi biləcəksiniz. İranda benzinin bir litrinin rəsmi qiyməti 7-8 sent təşkil edir. Ordan qaçaqmalçılıq yolu ilə çıxarılan benzinin orta qiyməti isə çatdırılma yerində, yəni Azərbaycan, Türkiyə, Pakistan, Ermənistan və İraq kimi ölkələrdə bir litr üçün orta hesabla 1,2 dollara çatır. Bunun adına da qaz vurub, qazan doldurmaq deyirlər və Azərbaycan hökuməti belə məsələlərdə fürsəti qətiyyən qaçırmaz. Az zəhmət, bol qazanc! Qeyri-qanuni olması da elə böyük dərd deyil. SOCAR kimi bir şirkətin başında ki, Rövnəq Abdullayev kimi neft dəllalı dayanır, mütləq gedib bir yolunu tapacaq.

Quş uçurmayan sərhəddən 3 tonluq qaçaq tankerlər necə keçir?


İran-Azərbaycan gömrük məntəqəsində insanların başına gətirilən əzab-əziyyəti bilirsiniz. Qonşu ölkədən dolanışıq üçün ucuz ərzaq məhsulları, məişət əşyaları gətirən insanları bəzən saatlarla sərhəddə gözlədir, yüklərini didik-didik arayır, rüşvət alır, zülm verirlər. Ordan adi adamların böyük çənlərə, çəlləklərə benzin vurub bu tərəfə keçirə biləcəyini ağlınıza gətirə bilərsinizmi? Demək ki, bu qazanclı alverin başında lap yuxarı çinli adamlar dayanır. İrandan “KAMAZ”la daimi alver edən bir sürücü baş verənləri belə anladıb. Benzin İranın cənub qonşularına “pepsi-cola” şüşələrində göndərildiyi halda, qaçaqmalçılar Azərbaycana onu çəllək və bidonlarda daşıyırlar. Avtobus və “KAMAZ”lara yüklənən bu qutular qaçaq yolla sərhəddən keçirilir. Bunun üçün 800-1000 litrlik həcmində olan yanacaq tankerini 3 tonluq həcmdə hazırlayırlar. Rəsmi yükdaşıma izni olan bir avtomobil Azərbaycan sərhədini keçib, avtomobil təmir stansiyalarının birində durur. Orda yanacaq əvvəldən gözləyən “KAMAZ” maşınlarına boşaldılır. Yerli satıcılar da satışın “avtomobildən avtomobilə” sistemi əsasında yanacağı götürür, beləliklə, onu lazım olan məntəqələrə yola salır. Görürsünüzmü, qeyri-qanuni qazanc əldə etməkdə nə qədər peşəkardırlar. Özünüz düşünün, tum satandan belə gündəlik haqq tələb edilən yerdə bu gəlirli alver kimin nəzarətində ola bilər? Təbii ki, ən yuxarıların təyinatlı dəllalı Rövnəq Abdullayevin. Daha maraqlı bir fakt! 90-cı illərdə Gürcüstanda yanacaq sıxıntısı yaşanan zamanlarda da iranlı sürücülər bu yoldan məharətlə istifadə etməyi bacarıblar. Onlar tranzit keçidin ardından İranın qaçaq yanacağını Azərbaycana sataraq, burda Azərbaycan benzinini yükləyib Gürcüstana aparırmışlar. Və ən maraqlısı odur ki, indi SOCAR-ın rəhbəri olan R. Abdullayevin bu işdə köhnədən təcrübəsi var. 90-cı illərdən bəri o yanacaq satışı məsələləri ilə məşğul olan qurumlarda mühüm vəzifələr tutub. Hər kəs bilir ki, indiki vəzifəyə də bu alver məsələlərini yaxşı bildiyi üçün təyin olunub.

İranın yeni qaydasına uyğun yeni qaçaq yolu tapılacaqmı?

Azərbaycana, o cümlədən başqa ölkələrə qeyri-qanuni yanacaq ixracı olduğunu İran hökuməti də inkar etmir. Amma onun deyilən qədər yox, gündə 30-40 milyon litr olduğunu bildirir və açıqlayır ki, onun on milyon litri benzindir. Ancaq bildirildiyinə görə, bütün yanacaqlar fərdi qaçaqmalçılar vasitəsilə nəql edilmir. Açıqlamaya görə, böyük həcmdə benzin və digər yanacaq növlərindən istifadə edən kənd təsərrüfatı müəssisələri və sənaye müəssisələri də onu qaçaqmalçılıq bazarlarına göndərirlər. Bu qaçaqmalçılığın qarşısını almaq üçün İran Milli Neft Məhsulları Satışı Şirkəti (NIOPDC) yeni qayda tətbiq edib. 10 avqustdan başlayaraq avtomobil sahiblərinin benzini yalnız elektron “Yanacaq Kartı” ilə ala biləcəkləri açıqlanıb. İran mətbuatının yazdığına görə qaçaqmalçıların illik ümumi gəliri 3,3 milyard dollara çatır ki, bu hardasa ölkənin illik büdcəsinə bərabərdir. Bu milyardların hansı hissəsi Azərbaycandan keçir, onu ancaq götürənlər bilər. Amma bizim bildiyimiz bir həqiqət də var ki, indiki Azərbaycan hökuməti İran vasitəsilə hər zaman böyük qazanc gətirən çirkli işlər görüb. İnanırsınızmı, İran Milli Neft Məhsulları Satışı Şirkətinin yeni qaydası illərdir Azərbaycanda bir qrupa milyonlar qazandıran qeyri-qanuni yanacaq satışını əngəlləyəcək? Biz inanmırıq və SOCAR rəhbərinin mütləq bir qaçaq yol tapacağını düşünürük. Çünki bu sistemdə idarəçiliyin başqa bir yolunu bilmirlər, sadəcə.

azerbaycansaati.tv