Məhəmməd Əmin Rəsulzadə

Arif Pənahoğlu

Bir daha yüksələn bayraq
Bir daha enməz demişdi,
Vətən üçün məşəl ürək
Heç zaman sönməz demişdi,
Azadlığa gedən yoldan
Ölsədə, dönməz demişdi.
Ulu öndər, dahi insan,
Türk oğlu, Türk əsilzadə –
Məhəmməd Əmin Rəsulzadə.

Azadlığın, hürriyyətətin,
Ədalətin, haqqın səsi.
Əsarətin xilaskarı,
İstiqlalın məfkurəsi,
Bir müqəddəs şanlı tarix,
Qəhrəmanlıq salnaməsi.
Ulu öndər, dahi insan,
Türk oğlu, Türk əsilzadə,
Məhəmməd Əmin Rəsulzadə.

Polad kimi birlik qurdu,
Yaratmaqla Müsavatı.
Miras qoydu gələcəyə,
Bir misilsiz varidatı.
Millət üçün oda yandı,
külə döndü öz həyatı,
Ulu öndər, dahi insan,
Türk oğlu, Türk əsilzadə,
Məhəmməd Əmin Rəsulzadə.

Əzabların, zülümlərin,
Zindanların bahasına,
Həyatını qurban etdi,
Azərbaycan sevdasına.
Həkk olunub könüllərə,
Döndü xalqın dühasına.
Ulu öndər, dahi insan,
Türk oğlu, Türk əsilzadə,
Məhəmməd Əmin Rəsulzadə.

Qalib çıxdı hər sınaqdan,
Ağlı, gücü, iradəsi,
Cəsur, mətin, əzəmətli,
Yenilməzlik əfsanəsi.
Böyük Türkün dastanlaşan,
Qorqudlaşan sərkərdəsi,
Ulu öndər, dahi insan,
Türk oğlu, Türk əsilzadə,
Məhəmməd Əmin Rəsulzadə …