“Məni Elmarın qətli xilas etdi”

Eynulla Fətullayev: «Səbirsizliklə Ramin Nağıyevin açıqlamalarını gözləyirəm»

“Keçmiş müstəntiq ad çəksə, qətlin təşkilatçısını da aradan götürə bilərlər”

“WikiLeaks”in Elmar Hüseynovun qətli ilə bağlı yaydığı məlumatlar, həmçinin MTN-nin keçmiş müstəntiqi Ramin Nağıyevin bu qətllə bağlı verdiyi son açıqlamalar mövzunu yenidən gündəmə gətirdi. “Gündəlik Azərbaycan” və “Realnıy Azerbaydjan” qəzetlərinin baş redaktoru, Elmar Hüseynovun yaxın silahdaşlarından olmuş Eynulla Fətullayevlə söhbətimizdə hər iki açıqlamaya yenidən qayıtmaq qərarına gəldik.

– “WikiLeaks”də Azərbaycanın milli təhlükəsizlik nazirinə  istinadən qeyd olunur ki, keçmiş nazir Fərhad Əliyev qardaşı vasitəsilə Elmar Hüseynova barəsindəki tənqidi yazılara son qoyması müqabilində 400-500 min dollar təklif edib. Jurnalist bu məbləğdən imtina edərək 2 milyon dollar tələb etdiyi üçün də öldürülüb. 
– Bu olduqca mənəviyyatsız, Elmar Hüseynovun xatirəsini ləkələməyə yönəlik addım idi. Istintaq dövründə cəmiyyətdə, eləcə də mənim özümdə müəyyən şübhələr var idi. Amma MTN-də aparılan istintaqda bu məsələyə birmənalı olaraq aydınlıq gətirildi. Fərhad və Rafiq Əliyevlərin bu məsələyə aidiyyətinin olmadığı təsdiq olundu. Fərhad Əliyev son sözündə bəyan etmişdi ki, məni Elmar Hüseynovun qətlində ittiham etdilər, məgər onun kim tərəfindən qətlə yetirildiyini bilmirdilərmi? Söhbət, 2006-cı ildən gedir. O zaman dediyim kimi, müəyyən şübhələr var idi. Amma Elmar Hüseynovun qətlinin araşdırılması ilə məşğul olan Ictimai Komissiyanın səyləri çox qısa müddətdə göstərdi ki, bu insanların Elmarın qətilinə heç bir aidiyyəti yoxdur.
Təsəvvür edin ki, Elmarın qatilləri Gürcüstanda axtarılmır. Bununla bağlı rəsmi sənədlər var, beynəlxalq axtarışa veriliblər, amma Gürcüstanın özündə axtarılmırlar. Bu insanlar hüquq-mühafizə orqanlarına, prokurorluğa dəvət olunub dindirilib, lakin onların həbsi üçün Azərbaycan tərəfindən heç bir sübut təqdim olunmayıb. O zaman sual yaranır, bu 6 il ərzində hansı işlər görülüb, niyə istintaq aparılmır? Bu faktlar varsa, Azərbaycan cəmiyyətinə bəyan etsinlər. Jurnalistin xatirəsini ləkələmək cəhdləri əxlaqa sığmır. Özü də zorakılıqla qətlə yetirilmiş şəhid jurnalistin.

– Ramin Nağıyevin son müsahibəsində sizinlə də bağlı məqamlar var. MTN-nin keçmiş müstəntiqi sizin məhz Elmar Hüseynovun qətlini araşdırdığınıza görə həbs edildiyinizi deyir… 
– Həbsxanada olanda bunu şəxsən özüm Azərbaycan cəmiyyətinə bəyan etmişdim ki, həbsimin iki səbəbi var. Birincisi, hakimiyyət mənim jurnalist fəaliyyətimin davam etməsini istəmirdi. Bunun qarşısını almaq üçün də məni həbsə atdırdı. Ikinci səbəb də, Elmar Hüseynovun qətli ilə bağlı apardığım jurnalist araşdırması və əldə etdiyim konkret nəticələr idi. Şübhəsiz ki, bu, hakimiyyətdəki bir çox məmurları narahat etməyə bilməzdi. Ramin Nağıyevin dediklərinə gəlincə, bilirsiniz ki, o çox məlumatlı adamdır. Milli Təhlükəsizlik Nazirliyinin müstəntiqi olub. Çıxışları göstərir ki, o çox mötəbər məlumatlara malikdir. Ramin Nağıyevə təşəkkür edirəm ki, o da mənim sözlərimi təsdiq etmiş oldu. Nəinki Ramin Nağıyev, bütün Azərbaycan cəmiyyəti bilir ki, həbsə atılmağımın əsas səbəblərindən biri də Elmarın qətlini araşdırmağım idi. Əslində Elmar Hüseynovun qətli məni xilas etdi. Hakimiyyət fiziki terrora da gedə bilərdi. Bunlar düşündülər ki, iki il ərzində iki jurnalistin qətlə yetirilməsi çox böyük rəqəmdir. Ona görə də həbs variantı seçildi. Görürsünüz, Elmar Hüseynov hətta o dünyada da bizi xilas edir.

– Ramin Nağıyevin müsahibəsindən məlum olur ki, onda qətlin sifarişçilərinin kimliyi barədə konkret məlumatlar var.
– Məndə də konkret məlumatlar var. Mən səbirsizliklə Ramin Nağıyevin çıxışlarını, sənədlərini gözləyirəm.

– Lakin o hələ ki, ad çəkə bilməyəcəyini deyir…
– Ola bilər, o, fiziki terrordan qorxur. Nə olsun ki, Fransada yaşayır. Məsələn, bu yaxınlarda Avstriyada çeçen diasporasının rəhbərlərindən biri qətlə yetirilib. Avstriyanın ədalət məhkəməsi sübut edib ki, qətl birbaşa Ramzan Kadırovun və Rusiya xüsusi xidmət orqanlarının sifarişi ilə həyata keçirilib. Mafiyanın əli bəzən Avropanın o tayına da çatır.

– Amma Ramin Nağıyev ad çəkməməklə nədən ehtiyat etdiyini başqa məqamla əsaslandırıb. O deyib ki, adlar çəkilsə, şahidləri və bu işə aidiyyəti olan adamları aradan götürəcəklər.
– Bu da ola bilər. Heç şübhəsiz şahidləri də aradan götürə bilərlər. Görünür, Ramin Nağıyevdə əsaslı sənədlər var. Bir zamanlar mən Şəmsi Rəhimov və Afiyəddin Cəlilovun işi ilə bağlı təhqiqatlar aparmışam, materiallarla çıxış etmişəm. “Monitor” jurnalında bu barədə silsilə məqalələrim var. Mənim də gəldiyim nəticə odur ki, Şəmsi Rəhimov və Afiyəddin Cəlilovu məhz Ermənistana neft satışından xəbərdar olduqlarına görə öldürüblər. Hakimiyyətin bəzi dairələri Ermənistanla neft biznesi qurmuşdu. Afiyəddin Cəlilovla Şəmsi Rəhimov da bundan xəbər tutmuşdu. Onlar çox yaxın dost idilər və bu barədə məlumatlar əldə etmişdilər. Mənə isə bu haqda informasiyanı 1993-95-ci illərdə hakimiyyətdə çox yüksək vəzifə tutan şəxs vermişdi və bunu “Monitor” jurnalında qələmə almışdım.

– Keçmiş müstəntiqin açıqlamasından o da məlum olur ki, Elmarın qətlinin sifariş və icraçıları barədə məlumatı olan  adamların çevrəsi heç də məhdud deyil.
– Bu zəncirvari bir şeydir. Qonqadzenin qətlinə nəzər yetirin. Bu gün ədalət mühakiməsinin qarşısında dayanan Puqaç Daxili Işlər Nazirliyinin orta ranqlı əməkdaşı olub. O etiraf edib ki, sifariş ona daxili işlər naziri tərəfindən verilib. O nazir də məxməri inqilab zamanı çox şübhəli şəkildə dünyasını dəyişdi. Guya özünə qəsd etmişdi. Şübhəsiz ki, bu sui-qəsd deyildi. Sonradan müstəqil ekspertlər sübut etdilər ki, onun başında iki güllə dəliyi olub. Bir adam da iki dəfə özünə atəş aça bilməz.
Indi Elmarın işində də belədir. Ictimai Komissiyanın üzvlərindən biri Əlövsət Əliyev açıq şəkildə bəyan etmişdi ki, Elmar qətlə yetirilməzdən bir neçə ay əvvəl izlənib. Onu DIN-in 7-ci idarəsi izləyib. Ramin Nağıyev təcrübəli müstəntiqdir, uzun müddət hüquq-mühafizə orqanlarında işləyib. O haqlı olaraq deyir ki, ad çəkilsə, bir çox şahidlər aradan götürülə bilər. Hətta qətlin təşkilatçısını da aradan götürə bilərlər.

Gültəkin