MTN-in sabiq müstəntiqindən Elmar Hüseynovun qətli ilə bağlı sensasion açıqlamalar
Ramin Nağıyev: «Xanbabayevdən başlamış general Rail Rzayevə qədər bu qətlləri indiki hakimiyyətin zamanında açmaq mümkün deyil»
MTN-in xüsusilə mühüm işlər üzrə sabiq müstəntiqi, Fransada siyasi sığınacaq alan Ramin Nağıyev “Azadlıq” radiosuna müsahibə verib. O, müsahibəsində bildirib ki, Şəmsi Rəhimovla Afiyəddin Cəlilovu “poqonlu əcinnələr”in himayə etdiyi çeçen millətindən olan killerlər öldürüb. O, bildirib ki, söhbət Daxili Işlər Nazirliyinin Baş Cinayət Axtarış Idarəsinin sabiq baş əməliyyat müvəkkili Hacı Məmmədovun dəstəsindən gedir:
– Mən tam əmin olanda ki, 1995-ci illərdəki qətlləri törədən də Hacı Məmmədov və onun dəstəsindəki çeçenlərdir, bütün sənədləri-sübutları toplayıb bu il prezident Ilham Əliyevə müraciət etdim. O, Konstitusiyanın qarantıdır. Xoşum gəlir, ya gəlmir, bu, belədir. Müraciət etdim və reaksiyanı gözlədim. Bu, sırf hüquqi addım idi. Mən artıq Avropa Insan Haqları Məhkəməsinə müraciət üçün bütün sənədləri hazırlamışam. Mən Azərbaycan hakimiyyətini ittiham edəcəm ki, bu cinayətləri törədiblər və gizlədiblər. Müraciətdən az sonrasa “Azadlıq” qəzetində bildiklərimi çap etdirdim. Amma bunlar çox az hissəsidir.
“Şəmsi Rəhimovun qara qovluğunu Afiyəddin Cəlilovun oğlu götürdü”
– Yazılarınızda Afiyəddin Cəlilovun, Şəmsi Rəhimovun və Ziya Bünyadovun Müdafiə Nazirliyindəki korrupsiya hallarını araşdırdıqlarına görə öldürüldüklərini demisiz…
– Bəli. Ancaq təkcə korrupsiyaya görə yox. Ermənistana neft, neft məhsulları satılmasına görə. Bir vaxtlar bizim neft, dizel, yanacaq, hər şey Gürcüstan vasitəsilə Ermənistana aparılırdı. O vaxt Qazaxda MTN-ə yeni rəis qoydular. Bir ay işləmədi, onu vurdular. O, bu işləri qurdalamağa başlamışdı. Orada çox məsələlər vardı. Neftdən-yanacaqdan başqa pul köçürmələri vardı. Guya, nəsə alırdılar, pullar da xaricdə oturdulurdu.
– Kim satırdı?
– Şəmsi Rəhimovda bununla bağlı sənədlər, sübutlar vardı. Bu “qara qovluq” adlanırdı. Həmin “qara qovluq”u nazir Namiq Abbasov da axtarırdı, Isa Nəcəfov da. Tapa bilmirdilər. Sonra məlum oldu ki, qovluq Afiyəddin Cəlilovda olub. Onun oğlu qovluğu Afiyəddin Cəlilov öldürüləndən 40 dəqiqə sonra, atasının meyiti hələ soyumamış Milli Məclisdəki otağındakı seyfdən götürmüşdü.
Əliyevin tapşırığına əsasən bizə ondan nəsə soruşmağı qadağan etmişdilər
– Həmin şəxs istintaqa qovluqda olanlar haqda nəsə dedimi?
– Heydər Əliyevin tapşırığına əsasən, bizə ondan nəsə soruşmağı qadağan etmişdilər. Mən buna görə Namiq Abbasovla vuruşdum ki, axı onu sorğu-sual etməliyik. O da dedi: “Qoymur, ona bu sualları vermək olmaz, vəssalam!”. Verdilər başqa müstəntiqə, o da formal sorğu keçirdi. Qovluğun hara getdiyi də aydın idi. Bundan sonra Maliyyə naziri Fikrət Yusifov Müdafiə Nazirliyində yoxlamalara başladı. Amma yoxlamaların nəticələri ictimaiyyətə açıqlanmadı. Onun nəticələri məxfi saxlandı. Bu günəcən bəlli deyil, komissiya Müdafiə Nazirliyində nəyi üzə çıxarıb. Maliyyə naziri nəticələri mətbuata çıxarmağa başlayandasa, özünü işdən azad etdilər. Dərhal işdən çıxartdılar.
“2002-ci ildə sübutları Heydər Əliyevə göndərdim”
– Konkret cavab istərdim sualıma. Şəmsi Rəhimovun, Afiyəddin Cəlilovun və Ziya Bünyadovun qətlinin arxasında kim dururdu?
– Icraçılar çoxdan ölüblər. “Qurd qapı”sında tapıblar. Iki çeçeni və yanlarında bir qızı maşında yandırmışdılar. Təşkilatçılar? 2002-ci ildə mən Moskvada olanda bütün sübutları Heydər Əliyevə göndərdim. Bakıdan adam göndərmişdilər, mən də sənədləri verdim. Xeyri nə oldu? Belə çıxır ki, bu işi elə onu törədənlər araşdırır. Ölkə rəhbərliyinin, hüquq-mühafizə orqanları başçılarının qarışdığı işi araşdırmaq, təhqiqatını aparmaq mümkün deyil?
Afiyəddin Cəlilov, Şəmsi Rəhimov, Ziya Bünyadov sıradan adamlar deyildilər, hansı işi araşdırdıqlarını, bunun hara bağlandığını da yəqin bilirdilər. Özbaşına addım atmazdılar.
– Niyə bu məsələyə girişdilər və özləri də qurbana çevrildilər? Məsələ Sizin dediyiniz kimidirsə təbii ki…
– O zaman bunun mümkünlüyünə heç kim inanmırdı. Həmin rəhmətlik Şəmsi də, Afiyəddin Cəlilov da, elə Ziya Bünyadov da. O, xalq qəhrəmanıydı. Necə öldürdülər onu, indiyəcən işi açılmayıb. Heç kim inanmırdı ki, bax belə, doğru danışdığına, sözə görə səni kimsə vura bilər. Hamının başı dönmüşdü ki, azadlıqdır, demokratiyadır. Bir dəfə Namiq Abbasovla danışanda əsəbi halda dedi ki, prezident olsam, iki aya torpaqları azad edərdim. Soruşdum ki, bəs deyirlər, silah-sursat yoxdur. Cavab verdi ki, hər şeyimiz vardı, Ermənistan iki aya ordunu çıxaracaqdı. Bütün qətllər, Qarabağla bağlı hər şey ona görə oldu ki, kimsə prezident kürsüsündə otursun. Bu da cavab sizə. Kim qarşı çıxırdı öldürürdülər.
“Bu işə yüksək vəzifəli şəxslər başçılıq edirlər”
– O zaman son illər baş verən qətllərin üstünün açılmasına ümid etmək olarmı?
– Xanbabayevdən başlamış general Rail Rzayevə qədər bu qətlləri indiki hakimiyyətin zamanında açmaq mümkün deyil. O vaxt Rövşən Əliyevi (Respublika Prokurorluğunun Istintaq Idarəsinin rəis müavini) gülləylə vuranda, bütün hüquq-mühafizə orqanlarının başçıları gəldilər ora. Rövşənin oğlunun Ramil Usubova ilk dediyi bu oldu: “Atamı sən öldürmüsən”. Nə oldu? Yenə də Ramil Usubov nazir işləyir. Hacı Məmmədov tutulandan sonra onu işdən çıxartmaq istəyirdilər. Onda Ramil Usubov mətbuata açıqlama verdi ki, Heydər Əliyevin tapşırığı ilə Rusiyada axtarışda olan qatili azadlığa buraxıb. Bununla da o, dövlət başçısını şantaj edirdi ki, mənə bir şey olsa, hər şeyi açıb tökəcəm. Konkret prezidenti şantaj edirdi. Onda Zakir Nəsirovu həbs etmişdilər, artıq sırada Ramil Usubov idi. Nazirin çıxışından sonra Zakir Nəsirovda durdular. Hacı Məmmədovun həbsi və məhkəməsi böyük səhv idi. Bu, bütün dünyaya göstərdi ki, dövlətin içində belə bir dəstə var.
– Ramin bəy, Hacı Məmmədovun dəstəsi ilə bağlı məlumat güc strukturlarında var idisə, niyə addım atmırdılar?
– 2004-cü ildə nazir Eldar Mahmudovun göstərişi ilə MTN-də komissiya yaradıldı. Həmin komissiya müəyyən etdi ki, belə bir dəstə mövcuddur. Namiq Abbasov heç nə etmədi, sadəcə, bununla bağlı prokurorluğa müraciət etdi. Onlar da məktubu geri qaytarırdılar. Futbol oynayırdılar. Komissiya həmin raportu tapdı və bunun əsasında müavinləri işdən çıxartdılar. Amma cinayət işi açmadılar. Çünki 1999-cu ildən bu yana Hacı Məmmədov 10 adam öldürüb. Bu, rəsmi məlumatdır. Bəs sübut olunmayanı nə qədərdir?
– Hacı Məmmədovsa məhkəmədə deyirdi ki, bayırda daha böyük cinayətkar dəstə fəaliyyətdədir?
– Bəli, bəli. Hacı Məmmədovun dəstəsindən daha betərdir. Onların adları da, soyadları da bəllidir. Bu haqda sənədlər Avropa Məhkəməsinə və “Interpol”a verilib. Bu günədək öz işlərindədirlər. Bu işə yüksək vəzifəli şəxslər başçılıq edirlər.
– Ad çəkə bilərsizmi?
– Yox. Ixtiyarım yoxdur.
“Elmar Hüseynovla bağlı adları desək, bu işə dəxli olanları aradan götürəcəklər”
– Ramin bəy, bir qədər əvvəl dediz ki, bildiklərinizin çox az hissəsini çap etdirmisiz. Hansı cinayət işləri var ki, haqqında indilik susursuz?
– Yəqin ki, Elmar Hüseynovla bağlı. Bircə onu deyə bilərəm ki, Elmarı Hacı Məmmədov öldürməyib. Redaktoru başqaları öldürüb. Özü də başqa səbəbdən. Buna görə də Eynulla Fətullayev daha çox ziyan çəkib. Eynulla Fətullayevin həbs olunmasının başlıca səbəbi Elmar Hüseynovun qətlini araşdırması olub. Qarabağa getməsinə, haradasa nəsə deməsinə görə tutulmamışdı. O, araşdırma zamanı Elmarı öldürənlərin izinə düşmüşdü. Cinayət işində daşdan keçən sübutlar var. Nədənsə bizim hakimiyyət onu araşdırmaq istəmir. Cinayətkarın papağı və saçı tapılmışdı, DNT analizi aparılmışdı. Qatilin DNT-i var.
– Onda qatil kimdir? Qətlin arxasında duranlar kimdir?
– Bunu indi demək hələ tezdir. Ad desən, bunu sübut etmək lazımdır. Avropada qətlin arxasında kimin durduğu bəllidir. Özünüz gördüz, mən nə qədər yazdım, xeyri olmadı. Afiyəddin, Şəmsi, Ziya Bünyadov, Fətullah, Rövşən 2001-ci ildə yazmışdı, amma? OMON-çuların boynuna qoydular döyə-döyə… O zaman məndəki sübutları Rövşən Əliyevə verdim, onu bir ay sonra öldürdülər. Bundan sonra da həmin sənədlərlə tanış olan Fətullah Hüseynovu öldürdülər. Indi biz Elmar Hüseynovla bağlı adları desək, şahidləri və bu işə dəxli olanları aradan götürəcəklər. Bir az gözləyək. 1995-ci ildən Şəmsi Rəhimovun işinə görə vuruşuram. Üç dəfə məni vurmaq istədilər. Ailəmlə Moskvaya qaçdıq, ordan da Fransaya. Yer qalmayıb yazmayım. Məndə Namiq Abbasova və Eldar Həsənova yazdığım raportların hamısı durur. Onları məhv edə bilməzlər, onlar cinayət işindədirlər. Soruşduz ki, niyə prezidentə müraciət etdiz. O, Konstitusiyanın qarantıdır. Cavab vermirsə, bu da cavabdır. Mən Strasburq məhkəməsinə müraciət edəcəm. Konkret Azərbaycan hakimiyyətini, 1995-ci ildən bu günə qədərki hakimiyyəti məhkəməyə verəcəm ki, cinayəti edib, sonra da gizlədiblər.
“Atamı blokda tapdılar, adını qoydular ki, yıxılıb”
– Siz birinci şəxsi də ittiham edirsiz?
– Birinci şəxs Azərbaycanda baş verənlərə cavabdehdir, o, prezidentdir. Indi məsələni mətbuatdan hüquqi müstəviyə keçirəcəm. Məhkəmədən qaça bilməyəcəklər.
– Siz nəyə nail olmaq istəyirsiz?
– Mən istəyirəm ki, camaat günahkarın kim olduğunu, qətllərin dalında kimin durduğunu bilsin. Mən heç nədən qorxmuram. Üç dəfə məni vurmaq istədilər. Bilmirəm Bakıda nə oldu, ancaq mən Moskvaya qaçandan üç gün sonra atamı blokda tapdılar. Adını da qoydular yıxılıb, kəllə-beyin travması alıb. Az sonra xəstəxanada keçindi. Bunu bağışlamaq olarmı?
– Sizin bu açıqlamalarınız hüquq-mühafizə orqanlarının rəhbərləri tərəfindən hələlik təkzib olunmayıb. Amma soruşsalar ki, Sizə niyə inanaq, nə cavab verərdiz?
– Mən bu işlə bağlı hələ bir dənə sənəd çap etdirməmişəm. Rəsmi, qeydiyyatdan keçmiş sənədlər var əlimdə. Onlar artıq çap olunacaq. Qoy onda desinlər ki, düz deyirəm, ya yox. Böhtan atıramsa, məhkəməyə versinlər.
linkhttps://www.azadliq.info/8428.html?fbclid=IwAR0Omkjvbb4zp9RBSg7ycPn1LDjMrxLUHXjtebDKkIP3ZJfv-Z_f3HPPjHg