MTN-in 207 nömrəli əməliyyatı…

“Çevriliş” ittihamı ilə 8 il həbs yatmış mühacir “Azadlıq”a ilginc məlumatlar verdi

Əsəd Qasımov: “Ziya Bünyadovun qatili deyilən adam mənim yanımda olub”

“Ramin Nağıyevin dedikləri həqiqətdir… Surət Hüseynovu türməyə xərəkdə gətirəndə mən onu tanımadım”

1993-2003-cü illərdə ən çox dəbdə olan həbs növü “dövlət çevrilişi” məsələsi idi. Həmin illərdə həyata keçirilən əməliyyatlarla bağlı sənədləri vərəqləyən olsa, yəqin, fikirləşər ki, Azərbaycan küçənin ortasında sahibsiz qalmış bir araba imiş. Hər yoldan ötən də ona sahiblənmək istəyirmiş. Lakin Əliyevlər hakimiyyətinin polis və güc strukturları bu arabanı göz bəbəyi kimi qorumağı “bacarıblar”. Milli Təhlükəsizlik Nazirliyinin sabiq mühüm işlər üzrə müstəntiqi Ramin Nağıyevin açıqlamaları da Azərbaycanda güc strukturlarına sahiblənmiş bir qrupun yüzlərlə insanı heç bir günahı olmadan həbsə atdığını, zindanlara saldığını təsdiq edir. Və bu gün bu insanlardan bir çoxu xarici dövlətlərdə yaşamaq zorunda qalıblar. Çünki sözün əsl mənasında Azərbaycanda onları yaşamağa qoymayıblar. Azərbaycanda 8 il günə-gün (1997-ci il 8 yanvardan 2005-ci ilin 8 yanvarına kimi) məhbəsdə yataraq sonradan Nederland Krallığında sığınacaq almış Əsəd Qasımovu da vətənində yaşamağa qoymayıblar. 1968-ci il təvəllüdlü Əsəd bəy Bakı Dövlət Universitetində 1984-91-ci illərdə təhsil alıb. BDU-da oxuduğu dövrdə 2 il də sovet ordusunda xidmət edib. Tarixçi olmaq istəyən Əsəd Qasımov tarixi hadisələrin burulğanına elə düşüb ki, indi də həmin günlərin necə gəlib keçdiyini hiss etmədiyini deyir. Indi mühacir həyatı yaşayan Əsəd bəylə dostluq əlaqələrimiz olsa da, ondan müsahibə almaq nədənsə yadıma düşməmişdi. Nəhayət, bu günlərdə “Azadlıq”ın verdiyi tapşırığa uyğun olaraq Əsəd bəylə görüşüb bəzi məqamlar barədə söhbətləşdik.

– Əsəd bəy, öncə ondan başlayaq ki, sizi nə zaman və niyə həbs etmişdilər?
– Məni 1997-ci ilin yanvarın 8-də həbs etdilər. Azərbaycanda təxribatlar törətmək, dövlət çevrilişi etmək kimi ittihamlarla həbs etmişdilər. Məni Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşları saxlamışdılar. 18 ay MTN-in təcridxanasında saxlanıldıq. Məhkəmə hökmü oxunduqdan sonra bizi cəzaçəkmə müəssisəsinə göndərdilər.

– Bizi deyəndə siz neçə nəfər idiniz?
– Öncə bu işlə bağlı 40-a qədər şəxs həbs edilmişdi. Amma məhkəməyə 20 nəfər çıxdı. Bu işin nömrəsi MTN-də 207 saylı işdi. O zaman dövri mətbuat bizim işi “20-lərin işi” kimi adlandıraraq işıqlandırırdı.

– Sirr deyilsə, “banda başçısı” kim idi? Indi deyildiyi kimi, Rasim Ağayev yoxsa..? 
– “Banda başçısı” deyəndə konkret şəxs müəyyənləşdirilməmişdı. Hamımız ağır cinayətlərdə ittiham edilirdik. Rasim Ağayevi isə sadəcə olaraq bizim işə istintaqın gedişi zamanı caladılar. Bu da hay-küyü daha da böyütmək üçün lazım idi. Çünki həmin dövrdə DIN, Respublika Prokuroroluğu gündə bir “dövlət çevrilişinə” cəhdin qarşısını “alırdılar”. MTN də sıradan geri qalmamaq üçün bizi həbs edib bir çevriliş şousu yaratdı. Əslində ortada heç bir çevriliş söhbəti və ya cinayət yox idi.

– MTN-də sizin işi araşdıran qrupun rəhbəri kim idi?
– Mühüm işlər üzrə müstəntiq Telman Hüseynov idi. Mən həbsdən çıxanda onu artıq işdən azad etmişdilər. Mənim müstəntiqim isə Eldar Ismayılov idi. Bildiyim qədər hazırda da MTN-də çalışmalıdır.

– Ümumiyyətlə, Əsəd Qasımovu bu cür məşhur cinayət işiylə calaşdıran səbəb nə olmuşdu?
– Məncə, məni sadəcə say artırmaq üçün tutmuşdular. Mənim kimiləri çox idi orda.

– Amma diqqəti cəlb etməyə bir səbəb olmalıydı…
– Səbəb mənim Surət Hüseynovun dəstələriylə birlikdə müharibədə iştirak etməyim idi.

– Surət Hüseynovla əlaqəniz necə yaranmışdı? 
– Mənim şəxsən Surət Hüseynovla heç bir əlaqəm yox idi və heç olmayıb da. 1992-ci ildə Xocalı olaylarından sonra mən də bir azərbaycanlı kimi nələrsə etmək istəyirdim. Həmin vaxt OMON bazalarından biri də Bərdədə yerləşirdi. OMON-un mobil rotasının komandiri Nazim Bayramov Bərdədə daha çox məşhur olduğundan onlarla birgə hərəkət etmək istədim. Marquşevan savaşı zamanı mülki şəxs kimi maşınımla onlara silah daşıdım. Bununla da onlarla və Nazim Bayramovla münasibətim yarandı. Nazim Bayramovun OMON-dan ayrılıb Surət Hüseynova qoşulması mənim də avtomatik olaraq onlara qoşulmağıma gətirib çıxardı. Sonradan o da Surət Hüseynovun tərəfdarı kimi 14 il həbs cəzası aldı. Nazim Bayramovu da həmin dəstəyə mən bildiyim qədər “Zobik” ləqəbli avtoritet dəvət etmişdi

– 1993-cü il 4 iyun qiyamı zamanı Gəncədə olmusunuzmu?
– Mən həmin hadisələrdə iştirak etməmişəm. Sadəcə, bu barədə başqa adamlardan məlumat almışam. O zaman mən Bakıdaydım.

– Yəqin ki, “Azadlıq” qəzetində Milli Təhlükəsizlik Nazirliyinin mühüm işlər üzrə sabiq müstəntiqi Ramin Nağıyevin açıqlamalarını oxuyubsunuz. Həmin açıqlamalarda sizin işlə də bağlı bir çox nüanslar var…
– Onun açıqlamalarını oxumuşam. Onun yazdıqları həqiqətən də baş vermiş faktlardır. Onu şəxsən mən tanımıram. Ola bilsin ki, bəlkə də MTN-də saxlanılanda dəhlizlərdə rastlaşmışıq. Onun açıqlamalarında bəzi texniki səhvləri nəzərə almasaq, hər şey reallığı əks etdirir.

– Ümumiyyətlə, siz necə fikirləşirsiniz, həmin dövrdə, yəni, 1993-98-ci illər ərəfəsində baş verən silsilə qətllərə görə həbs edilənlər doğrudanmı etdikləri cinayətə görə həbs ediliblər?
– Ölüm işlərilə bağlı bunu deyə bilərəm ki, türmə dilində desək “mənim podelnikim”in boynuna bunu qoymaq istəyiblər. Afiyəddin Cəlilovla Şəmsi Rəhimovun qətlini Aftandil Məlikovun boynuna qoymağa çalışıblar. Lakin sonra bu alınmayıb. Bunu dəqiq bilirəm. Onlar israr ediblər ki, Aftandil Məlikov bu cinayətləri törədib. Təbii ki, MTN-in təcridxanasında bu israr rol oynamır. Sadəcə, kimə nə qədər iş yükləmək lazım idisə onu yükləyib həbsxayana göndərirdilər. Işgəncələrlə bağlı onu deyim ki, MTN-də işgəncə yox idi. Ramin Nağıyevin yazdığı kimi, məsələn, Rasim Ağayevin qızının cibindən nanəni nəşə adıyla çıxarırdılar.

– Mən bildiyim qədər siz Ziya Bünyadovun qətlində suçlandırılan bəzi şəxslərlə, hətta eyni həbsxanada cəza çəkibsiniz. Onlarla heç səmimi söhbətləriniz olubmu? Bu söhbətlərdə onlar nələrsə etiraf ediblərmi?
– Onlardan biri mən olduğum 11 saylı cəzaçəkmə müəssisəsində yatırdı. Adı Tariyel idi. O deyirdi ki, mən o işdə olmamışam. Tariyelin “Hizbullah”a nə dərəcədə aidiyyatı olub-olmadığını deyə bilmərəm. Dindar və səmimi bir oğlan idi. Bütün günü işi namaz qılıb, Quran oxuyub kasıblara yardım etmək idi. Ziya Bünyadovun qətlini əsaslandırırlar ki, Quranın tərcüməsi zamanı Həzrət Əliylə bağlı səhv edib və buna görə qətlə yetirilib. Amma mən bu barədə konkret bir şey deyə bilmərəm.

– Ümumiyyətlə, məşhur siyasi məhbuslardan kimlərlə birgə eyni cəzaçəkmə müəssisəsində olmusunuz?
– Demək olar ki, hamısıyla. Qapalı həbsxanada da, adi cəzaçəkmə müəssisəsində də. Məsələn, xatırlayıram ki, 2001-ci ildə həbsxanaya Surət Hüseynovu xərəkdə gətiriblər. Onu o günə salmışdılar ki, mən tanıya bilmədim. Nəzarətçilər dedi ki, Surət Hüseynovdur bu.

Fikrət Hüseynli

linkhttps://www.azadliq.info/9397.html?fbclid=IwAR2deCJqI-qhSgszn55RCTqd2q_JhfoU8FTEPuXpqHcHN3lwvANEVideD2Q