“Prezidentin səsini dinləyən Elman Qəmbərovun kadrı idi”

Elçin Behbudov: «Şəmsi Rəhimov Emil Süleymanovu işdən çıxarmışdı, Elman Qəmbərov isə yenidən onu geri qaytardı»

«General Vahid Musayev dedi ki, onun başına səhra telefonları vasitəsilə cərəyan buraxıblar»

MTN-nin sabiq mühüm işlər üzrə müstəntiqi Ramin Nağıyev özünün silsilə yazılarında konkret faktlarla ictimaiyyətə çatdırdı ki, Prezident Yanında Xüsusi idarənin rəisi Şəmsi Rəhimovun qətlinə görə həbs edilənlər mərhum generalın gerçək qatilləri deyil. Buna baxmayaraq, indiyədək hüquq-mühafizə orqanları sabiq müstəntiqin açıqlamalarına reaksiya verməyib. Bu iş üzrə günahsız tutularaq amansız işgəncələrə məruz qalan Işgəncələr Əleyhinə Komitənin sədri Elçin Behbudovla söhbətimizə də huquq mühafizə orqanlarının susqunluğuyla bağlı sualla başladıq.

– Çox təəssüf ki, bütün bu deyilənlərə rəsmi səviyyədə reaksiya verilmir. Dövlət qurumları nədənsə, belə mühüm məsələ ətrafında susurlar. Ancaq susmaq da razılıq əlaməti sayılır. Belə çıxır ki, deyilənlərlə razıdılar və öz günahlarını etiraf edirlər.

Məhərrəm Əliyevin salamını almadım

– Hüquq-müdafiəçisi kimi hüquq-mühafizə orqanlarıyla qarşılıqlı əməkdaşlıq şəraitində fəaliyyət göstərirsiniz. Vaxtilə sizə işgəncə vermiş, həbsinizdə əli olan şəxslərdən kimlərləsə sonradan üz-üzə gəlmisinizmi?
– Bir neçə dəfə olub. Bakı şəhər Baş Polis Idarəsinin cinayət-axtarış şöbəsinin rəisi olmuş, hazırda isə Nəsimi Rayon Polis Idarəsinin rəisi olan Məmməd Mikayılov o vaxt mənə qarşı qeyri-insani rəftar göstərən, dəhşətli işgəncə verənlərdən biri olub. Məmməd Mikayılovla üz-üzə gəldik, o dedi ki, “Elçin, gəl olub-bitəni yaddan çıxarıq”. Cavab verdim ki, “belə şeylər yaddan çıxmaz”.
Bundan başqa, 1 saylı cəzaçəkmə müəssisəsində rəis müavini Ramiz adlı şəxslə görüşdüm. O da əvvəllər Bakı şəhər Baş Polis Idarəsində işləyib və 1995-ci ildə mənə birbaşa işgəncə verənlərdən biri olub. Onunla üz-üzə gələndə sanki rəngi dəyişdi. Soruşdum ki, “məni tanıdın?” Əlbəttə, məni tanımışdı ki, elə vəziyyətə düşmüşdü. Dedi ki, “Elçin müəllim, məndən qisas alma. O vaxt Məhərrəm Əliyev mənə göstəriş vermişdi ki, ya Elçin Behbudovdan etirafedici ifadə almalısan, ya da paqonlarını çıxarıb stolun üstünə qoymalısan. Ona görə də deyilənləri eləmək məcburiyyətində qaldım”. Onda Ramizə dedim ki, “mən belə bir seçim qarşısında qalsaydım, günahsız adama əzab verməkdənsə, paqonlarımı açıb stolun üstünə qoymağı üstün tutardım”.
Iş elə gətirdi ki, bu söhbətdən 15-20 gün sonra onu ədliyyə orqanlarından xaric elədilər. Onu da deyim ki, bunda mənim heç bir rolum olmadı. Çünki mən ümumiyyətlə, kinli adam deyiləm. Məhərrəm Əliyevlə bir yas mərasimində üz-üzə gəldim. Orada salam verdi, amma mən onun salamını almadım.
Mən “Təzə pir” məscidinin yuxarı qapısıyla üzbəüz həyətdə doğulub boya-başa çatmışam. Atamgilin evinin yanında yaşlı, tənha adamlar yaşayan mənzillərdəki sakinləri Əlövsər Əliyev köçürüb, ikimərtəbəli həyəti götürüb. Ona görə Əlövsər Əliyevlə də bir neçə dəfə üz-üzə gəlmişəm.

Onlar vəzifədə yüksəlmək üçün belə edirdilər

Əvvəl də dediyim kimi, Şəmsi Rəhimovun qətli üzrə günahsız adamları həbsə atdırmaq planının həyata keçirilməsində rolu olanların qarşılarında məqsədləri vardı. Əsas məqsəd də vəzifədə yüksəlmək idi. Amma nə həbsimin sifarişçisi olan Elman Qəmbərov Milli təhlükəsizlik naziri ola bildi, nə həbsimə qərar verən Isa Nəcəfov baş prokuror ola bildi, nə mənə işgəncə verdirən Məhərrəm Əliyev daxili işlər naziri ola bildi, nə də günahsız insanların həbsilə bağlı işi aparaq müstəntiq Əlövsər Əliyev Bakı şəhər prokuroru ola bildi. Onların arzuları gözlərində qaldı.
Mən həbsdən buraxılandan sonra bir sıra qurumlara müraciət etdim. Elman Qəmbərovun Xüsusi Idarədə qeyri-qanuni yaratdığı üç metr dərinliyindəki zirzəmi ləğv olundu.
O zirzəmidə elə adamlara işgəncələr veriblər, elə adamları sındırıblar ki? Müdafiə Nazirliyinin polkovniki Slavik Abbasovu, Müdafiə Nazirliyinin digər polkovniki Sisoyevi- hətta onun bir barmağını da kəsmişdilər, buraxılandan sonra ölkədən qaçıb getdi və s.

Elman Qəmbərov generallara dəhşətli işgəncə verdirib

Mən Bakı şəhər Baş Polis Idarəsinin zirzəmisində saxlanılanda müdafiə nazirinin keçmiş müavini Vahid Musayev də orada idi. Mənə dedi ki, “sizin idarədə mənim başıma səhra telefonları vasitəsilə cərəyan buraxırdılar”. Daxili işlər nazirinin keçmiş müavini Rafiq Ağayevə Elman Qəmbərov orada dəhşətli işgəncələr verdirib. Çoxsaylı müraciətlərdən sonra Elman Qəmbərovun qeyri-qanuni yaratdığı bu zirzəmini bağladılar. Bu işi də keçmiş baş prokuror Eldar Həsənov başladı və son nöqtəni də milli təhlükəsizlik naziri Eldar Mahmudov qoyub oranı bağlatdırdı. Bakı şəhər Baş Polis Idarəsindəki içində siçovullar gəzən təcridxana Avropa Şurasının tələbi və daxili işlər nazirinin əmrilə bağlandı.
Tarix heç nəyi unutmur. Ola bilsin ki, Isa Nəcəfovun, Elman Qəmbərovun, Məhərrəm Əliyevin, Məmməd Mikayılovun, Əlövsər Əliyevin əməllərinə bu gün hüquqi qiymət verilməyib.
Amma gec-tez haqq-ədalət mütləq öz yerini tapacaq.
Onu da deyim ki, adlarını çəkdiyim adamlar məni sındıra bilmədilər. Əksinə, mən bu gün hüquq müdafiəçisi olaraq, yenə də onlar kimilərlə mübarizə aparıram.

Şəmsi Rəhimov hansı güllələrlə öldürülüb?

– Məhkəmədə belə bir ifadəniz olubmu ki, Şəmsi Rəhimovun qətlindən bir neçə gün əvvəl sizdən “Makarov” tipli tapança üçün güllələr alınıb və sonradan həmin güllələrin gilizləri hadisə yerindən tapılıb?
– Bəli, Apelyasiya Məhkəməsində belə bir ifadəm olub. Bu, ANS telekanalı vasitəsilə də yayımlanmışdı. Mən idarədə xidmət rəisi idim. Silah-sursat, eləcə də növbətçi xidməti mənim tabeliyimdə idi. Mən də öz növbəmdə birbaşa idarənin rəisinə tabe idim. Rəhmətlik Şəmsi Rəhimov hadisədən bir neçə gün əvvəl zəng elədi ki, “Elçin, ”Makarov” üçün güllələrimiz varsa, gətir mənə”. Mən də jurnalda qeydiyyat apardım və sonra əlimdə güllə qutusu Şəmsi Rəhimovun kabinetinə getdim. Həmin vaxt Elman Qəmbərov da rəisin kabinetində idi. Onu da deyim ki, qutudakı güllələr təzə idi. Bir müddət sonra Şəmsi Rəhimov qətlə yetiriləndə mən də hadisə yerinə getdim. Yerdə “Makarov”un güllələrinin gilizlərini gördüm. Mən iddia edə bilmərəm ki, onlar məhz mənim verdiyim güllələrin gilizləri idi. Amma onu deyə bilərəm ki, yerə tökülənlər də təzə güllə gilizləri idi.

Emil Süleymanov Elman Qəmbərovun kadrı idi

– “Azadlıq”ın saytına gələn şərhlərdən birində deyilir ki, dövlət başçısının telefonlarını dinlədiyinə, məlumatları Rusiya xüsusi xidmət orqanlarına ötürdüyünə görə vətənə xəyanət ittihamıyla məhkum olunan Binə hava limanının təhlükəsizlik xidmətinin keçmiş rəisi Emil Süleymanovu vaxtilə Şəmsi Rəhimov işdən çıxarıbmış, amma Elman Qəmbərov yenidən onu geri qaytarıb. Bu barədə məlumatınız varmı?
– Emil Süleymanov həqiqətən Elman Qəmbərovun namizədi olub. Qəmbərov Bakı qarnizonu üzrə şöbə rəisi işləyəndə Süleymanov da onun yanında işləyirdi. Bir gün gördüm ki, idarədə Emil pərt vəziyyətdə ağlayır. Səbəbini soruşdum, dedi ki, “Şəmsi Rəhimov məni işdən qovdu”.

– Qovulmasının səbəbi nə idi?
– Səbəbini demədi. Amma eşitdiyimə görə fərarilərin ölkədən çıxarılması məsələsi olmuşdu. Şəmsi Rəhimovun ölümündən sonra Elman Qəmbərov idarə rəisi təyin olundu və Emil Süleymanovu da idarəyə qaytardı. Həm də özünün əvvəlki vəzifəsinə- Bakı qarnizonu üzrə şöbə rəisi.

– “Azadlıq”a gələn şərhlərdən biri də budur ki, Şəmsi Rəhimovun qətlindən sonra onun vəzifəsinə ən şanslı namizədlərdən biri məhz polkovnik Tofiq Qasımov olduğundan onu bu işdə günahlandırmaqla aradan götürüblər?
– Tofiq Qasımovla mənim heç vaxt dostluq əlaqələrim olmayıb. Mən o idarəyə gələndə Tofiq Qasımov sərhəd qoşunlarına nəzarət şöbəsinin rəisi idi. Onu deyə bilərəm ki, Tofiq Qasımov Azərbaycanda hərbi əks-kəşfiyyat üzrə üç nəfər peşəkardan biri idi. Digər iki nəfər də mərhum Şəmsi Rəhimov və onun tələbəsi Eldar Həsənov idi.

Mahir Cavadov mən qaldığım otelə gəlmişdi

– Məlum olduğu kimi, cinayət işində Şəmsi Rəhimovun qətlinin sifarişçisi kimi Mahir Cavadovun adı keçir. Belə məlumatlar var ki, siz bir müddət əvvəl xarici ölkələrin birində Mahir Cavadovla görüşmüsünüz. Sizin də məhz bu işə görə həbs olunduğunuzu nəzərə alsaq, onunla bu mövzu ətrafında söhbətiniz olubmu?
– Mən hüquq müdafiəçisi kimi, hətta ən qatı cinayətkarla da görüşə bilərəm. Vyanada ATƏT-in tədbirində iştirak etmişəm. Ora getməmişdən əvvəl bu tədbirdə iştirak edəcəyim barədə qəzetlər yazmışdı. Mən Vyanada olanda qaldığım “Admiral” mehmanxanasına gözləmədiyim halda Mahir Cavadov və oğlu Maqsud gəldi. O vaxta qədər bizim onunla heç vaxt görüşümüz olmamışdı. Dedi ki, internet vasitəsilə səfərimdən xəbər tutub. Söhbət əsnasında ona dedim ki, “Şəmsi Nuriyeviç sizə neyləmişdi ki, ona qarşı bu cür davrandınız?” Dedi ki, “bu işdə qətiyyən mənim əlim yoxdur. Burada mənim məhkəməm də olub, sübut eləmişəm ki, mənim bu işdə əlim yoxdur. Ona görə də mənə burada sığınacaq verdilər”. Dedim ki, “o zaman bəs niyə gəlib Azərbaycanda da sübut eləmək istəmirsən?” Dedi ki, “istəyirsən məni də işgəncə sənin, Elçinin, Tofiqin, Fazilin gününə qoysunlar?” Amma Vyanadan qayıdandan sonra mən bu görüş barədə müvafiq qurumları məlumatlandırmışam.

– Şəmsi Rəhimovun qətlilə bağlı yenidən obyektiv istintaq aparılması, əsl günahkarların tapılıb cəzalandırılması üçün siz və sizinlə birlikdə məhkum olunan digər şəxslər, onların yaxınları dövlət başçısına müraciət etmişdiniz. Müraciətinizə cavab aldınızmı?
– Yazılı şəkildə müraciətimizi göndərmişik. Amma hələ ki, heç bir cavab yoxdur.

Aytən

linkhttps://www.azadliq.info/8280.html?fbclid=IwAR20DUe4vhrbtAeqaXg43yhxwSaY6b794EgLdHo6MwfpVt2OLyH57NpAGxE