Azärbaycanda siyasi gätilärin baslanmsinin 24 iliyi

“Istintaq sübut etdi ki, Afiyəddin Cəlilovu və Şəmsi Rəhimovu Hacı Məmmədov adlı polis zabitinin himayə etdiyi çeçen killerlər qətlə yetirib. Amma MTN rəhbərliyi bu işi…” “Azadlıq”a maraqlı bir sənəd daxil olub. Bu, MTN-in xüsusilə mühüm işlər üzrə sabiq baş müstəntiqi, indi isə mühacirətdə yaşamağa məcbur olan polkovnik-leytenant Ramin Nağıyevin Ilham Əliyevə yazdığı açıq məktubdur. Sabiq MTN zabiti iddia edir ki, Hacı Məmmədovun bandit dəstəsi hələ 1994-cü ildə var olub, fəaliyyət göstərib və çox mühüm dövləti cinayətlər törədib.
Açıq məktubun tam mətnini oxuculara təqdim edirik.
“Cənab prezident, bu məktubla sizə 11 ildir ki, həqiqətə əlləri çatmayan adam kimi müraciət edirəm. Daha haralara müraciət etməmişəm: Baş prokurora, Milli Məclisin deputatlarına, Prezident Administrasiyasına,.. Cavab yalnız sükutdan ibarət olub. Hətta KIV vasitəsilə müraciətlərim də cavabsız qalıb. Buna görə də şəxsən siz müraciət etmək qərarına gəldim.
Mən, Nağıyev Ramin Böyükağa oğlu 1992-99-cu illərdə Milli Təhlükəsizlik Nazirliyinin Istintaq şöbəsində xidmət etmişəm. 4 il ərzində sıravi müstəntiq vəzifəsindən Xüsusilə Mühüm Işlər üzrə baş müstəntiq vəzifəsinə, baş leytenant rütbəsindən polkovnik-leytenant rütbəsinə qədər yüksəlmişəm. Sonuncu rütbəni 1996-cı ildə xüsusilə ağır cinayətin üstünü açdığıma görə vaxtından əvvəl təqdim ediblər. Sürətli karyera yüksəlişim fasiləsiz olaraq sutkanın bütün saatlarını, həm də istirahət və məzuniyyət bilmədən işləməyimlə bağlı olub. Azərbaycanda başqa bir müstəntiq çətin tapılar ki, belə səs-küylü işlərin siyahısı ilə adı bağlı olsun:
1. 1993-cü ildə Azərbaycan Respublikası prezidentinin səlahiyyətlərini icra edən AR Milli Məclisinin sədri Heydər Əliyevə sui-qəsd (Hasan Toku əməliyyatı);
2. 1993-cü ildə Bakı dəmir yolu vağzalında törədilən terror aktı (Iqor Xatkovski və başqaları);
3. 1994-cü ildə Bakı metropolitenində törədilən iki terakt;
4. “Sadval” üzvlərinin əleyhinə qaldırılmış cinayət işi.
Bütün bu işlər üzrə cinayətkarlar tapılmış və məhkəmənin hökmü ilə müxtəlif müddətlərə azadlıqdan məhrumetmə ilə cəzalandırılmışlar.
Eyni zamanda, 1994-cü ildə Xüsusi Idarənin rəisi Şəmsi  Rəhimovun və MM-in sədr müavini Afiyəddin Cəlilovun öldürülməsi ilə bağlı cinayət işinin istintaqında iştirak etmişəm. Bu işin istintaqı zamanı mənim mövqeyimlə rəhbərliyin mövqeyi üst-üstə düşmədiyinə görə 1995-ci ilin yanvar ayında işin istintaqından qanunsuz olaraq kənarlaşdırılmışam və istintaq başqa müstəntiqə həvalə edilib. Bu işin istintaqı üzrə kifayət qədər dəlillər vardı və bu dəlillər sübut edirdi ki, hər iki dövlət xadimini “poqonlu əcinnələr”in himayə etdiyi çeçen millətindən olan killerlər öldürüb. Amma hüquq-mühafizə orqanlarının təhbərləri – Eldar Həsənov, Namiq Abbasov, Ramil Usubov əllərindən gələn hər şeydən istifadə edərək onların həbsinə imkan vermədilər. Bu istiqamətdə qoyulan yasaqlara baxmayaraq 1999-cu ildə də MTN-in əməliyyat Idarəsi bu cinayəti törədən digər adamların da şəxsiyyətini müəyyən etmişdi, amma işi sona çatdırmağa, hər halda, rəsmi icazə verilmədi. Bu isə Azərbaycanda onlarla insanın qətli ilə nəticələnən seriya cinayətlər doğurdu.
2005-ci ildə Azərbaycan Milli Təhlükəsizlik Nazirliyi “Qara kəmər” kod adlı əməliyyat həyata keçirərək Hacı Məmmədovun qrupuna daxil olan polislərdən və çeçen killerlərdən ibarət olan bir qrupu zərərsizləşdirdi. Sizin Sərəncamınıza əsasən bu əməliyyatda iştirak edən çoxlu sayda MTN əməkdaşı ordenlərlə və hökumət mükafatları ilə təltif edildilər. Mən həmin əməkdaşların təltif edilməsinə görə sevinirəm, onlar buna layiqdirlər. Bununla belə maraqlı sual yaranır: əgər onlar bu əməliyyata görə təltif ediliblərsə, onda nə üçün mən eyni əməliyyatı 1995 və 1999-cu illərdə başa çatdırmaq istədiyimə görə işdən qovulmuşdum? 1997 və 2002-ci ildə məni nəyə görə öldürmək istəyirdilər? Nəyə görə mən və mənim ailəm 11 ildir ki, yad ellərdə gizlənmək məcburiyyətindəyəm?
Bu müddət ərzində nələr dəyişib ki? Bəlkə yeni qanunlar qəbul edilib?
Əlbəttə, kimlərsə deyə bilər ki, mən cəfəngiyat danışıram, hüquq-mühafizə orqanlarının rəhbərləri ilə hansısa çəkişmələrim var və s. Amma bütün məsuliyyətimlə bəyan edirəm ki, Şəmsi Rəhimovun və Afiyəddin Cəlilovun qətlinin üstünü açacaq bütün sübutlar mənim dediklərimin həqiqət olduğunu təsdiqləyir. Hətta hadisənin şahidləri də bu arqumentləri möhkəmləndirən ifadələr verib. Analoji bilgilər Hacı Məmmədovun işi ilə bağlı cinayət işində də var. Istəyirsinizsə, yoxlaya bilərsiniz.
Buradaca kimsənin təkzib edə bilməyəcəyi bir faktı  göstərmək istəyirəm. Milli Təhlükəsizlik naziri Eldar Mahudovun əmrinə əsasən 2005-ci ildə Hacı Məmmədovun bandit dəstəsinin həbs edilməsi üçün Nazirliyin bütün operativ xidmətlərində olan məlumatların yoxlanması təşkil edilmişdir. Bu yoxlamaların gedişində sübut edilmişdir ki, hələ 1999-cu ildə MTN-in əməliyyat strukturlarının sabiq nazir Namiq Abbasova ünvanladığı xidməti hesabatlarda Hacı Məmədovun cinayətkar dəstəsinin adı keçir. Amma o, bu dəstənin üzvlərinin həbs edilməsi üçün göstəriş verməyib. Yalnız Namiq Abbasov işdən kənarlaşdırıldıqdan sonra həmin qeydlər xatırlatdığım yoxlama prosesində üzə çıxarılmışdır.  MTN-in Mətbuat Xidmətinin 2005-ci ildə yaydığı açıqlamaya görə, Milli Təhlükəsizlik Nazirliyinin məsul işçisi Seyfulla Qasımov, nazir müavini Tofiq Babayev və başqaları vəzifələrindən azad edilmişdilər. Beləliklə, tam 6 il ərzində bandit qruplaşması MTN-in fəaliyyətsizliyinə görə tam cinayətkar formada olmuşdur.
Işdən çıxarılmazdan əvvəl mən xidməti yazışmaların mətni barədə məlumatlı idim. Namiq Abbasov bilirdi ki, mən cinayətkar dəstəni həbs etmək üçün əlimdən gələni edəcəyəm. Öz hərəkətlərinə qanuni don geyindirmək istəyən Namiq Abbasov kadrlar Idarəsinin rəisi R.Kazımovun (işdən çıxarılıb), özünün təhlükəsizlik Idarəsinin rəhbəri D.Əliyevin, Istintaq Idarəsinin rəisi R.Mansurovun (işdən çıxarılıb) cəlb edildiyi bir komissiya təşkil etdi. Bu komissiya bir neçə ay ərzində mənim şəxsi işlərimdə eşələnərək heç nə tapa bilmədiklərinə görə belə bir ittiham hazırladılar ki, guya mən Istintaq sirrini mətbuata yaymışam. Amma 1999-cu ilə qədər və hətta ondan sonra da Şəmsi Rəhimovun və Afiyəddin Cəlilovun qətli ilə bağlı xəbərlər, versiyalar yerli mətbuatda müntəzəm olaraq dərc edilir, yayılır. Ümumi yığıncaqda məndən tələb edildi ki, günahımı etiraf edim və mətbuata açıqlama verərək bu qətl haqqında dərc edilmiş məlumat və versiyaları təkzib edim.  Mən buna qəti şəkildə etiraz etdim, çünki bu adamların əksəriyyətindən fərqli olaraq mən zabit şərəfinin nə demək olduğunu anlayıram. Heç zaman qaraya ağ, ağa qara demək kimi vərdişim olmayıb. Eyni zamanda, axı mən “evdən bayıra zibil atmamışdım” və mənim üçün hələ də müəmmalıdır ki, KIV-in istinad etdiyi həmin mənbələr kimlər idi.
Komissiya heç nəyə nail ola bilməsə də, nazir N.Abbasovun göstərişi ilə məni “istintaqın gedişində məlum olan faktları” KIV-ə ötürməkdə ittiham etdi və az qala məni xəyanətdə suçlamaq fikrinə düşdü. 1993-cü ilin dekabr ayının 3-də N.Abbasov məni “tam xidməti uyğunsuzluğa görə” tutduğum vəzifədən azad etdi.
Cənab prezident, mən heç zaman belə ədalətsizlik və qanunsuzluqla barışmayacağam və buna görə də sizə müraciət edirə. Mənim 1999-cu ildə işdən çıxarılmağımla bağlı əmrin araşdırılması və həmin ədalətsizliyin ortadan qaldırılması üçün göstəriş verməyinizi xahiş edirəm. Bu haqsızlığa son verməyin zamanı gəlmişdir”.

linkhttps://www.azadliq.info/7315.html