Afiyəddin Cəlilovla Şəmsi Rəhimovun qətlinin gerçək səbəbləri açıqlandı
Ramin Nağıyev «Azadlıq»ın suallarına şok faktlarla dolu iri cavab göndərdi
Bu «ölüm həlqəsi»nə daha kimlər və nəyə görə daxil edilirdi?
Milli Təhlükəsizlik Nazirliyinin xüsusilə mühüm işlər üzrə sabiq müstənqiti Ramin Nağıyev “Azadlıq”ın sualları əsasında Afiyəddin Cəlilovla Şəmsi Rəhimovun qətlinin səbəblərinə aydınlıq gətirir:
2011-ci ilin iyul ayının 20-də Azərbaycan mətbuatı vasitəsilə prezident Ilham Əliyevə müraciət etdim ki, mənim Milli Təhlükəsizlik Nazirliyində tutduğum vəzifədən qanunsuz olaraq işdən çıxarılmam qiymətləndirilsin və bu məsələyə yenidən baxılsın. Təəssüf ki, heç bir reaksiya olmadı və buna görə də, mən 1999-cu ilin dekabr ayında işdən qanunsuz olaraq çıxarılmağımın əsas motivləri haqqında danışmağa məcburam.
30 sentyabr 1994-cü ildə AR Baş Prokurorluğunda Afiyəddin Cəlilovun və Şəmsi Rəhimovun öldürülməsi faktı üzrə cinayət işi qaldırıldı. Bundan sonra istintaqı aparmaq üçün iş Milli Təhlükəsizlik Nazirliyinin Istintaq Idarəsinə göndərildi. Bu istintaqın necə aparıldığı barədə mən hələ 2002-ci ildə “Virtual Monitor” saytında ətraflı məlumat yaymışam. Xatırlatmaq istəyirəm ki, təşkilatçısının Mahir Cavadov olduğu hesab edilən bu cinayət işi üzrə həbs edilən OMON əməkdaşları müxtəlif müddətlərdə azadlıqdan məhrum edilib cəzaçəkmə yerlərinə göndəriliblər. Qətlin motivi öldürülənlərə qarşı mənfi münasibət hesab edilib. Hüquq-mühafizə orqanları qətl üçün başqa motivlər tapa bilmədilər. Ona görə ki, “Qorotdel”in zirzəmisində dəhşətli işgəncə altında ifadə verən OMON-çulardan “səmimi etiraf”dan başqa heç nə əldə etmək mümkün olmadı. Onlardan biri, Elçin Əliyev ömürlük azadlıqdan məhrum edildi və bir neçə müddətdən sonra həbsxanada öldü.
17 il əvvəlki həqiqətlərə giriş
Bu hadisələrdən 17 il keçir. Bütün bu müddət ərzində mən bu qətlin əsl motivləri və bu cinayətin arxasında dayanan adamlar haqqında susmuşam. Mən susmağa məcbur idim, çünki bu qətlin təşkilatçıları yalnız azadlıqda deyildilər, həm də çox yüksək vəzifələri tuturdular. Mənim bütün cəhdlərimin qarşısı da, onların – hüquq-mühafizə orqanlarının rəhbərləri tərəfindən çox sərt şəkildə alınırdı. Məni kənarlaşdırdılar, işdən çıxartdılar, sui-qəsd etdilər, ölkədən çıxmağa məcbur etdilər, bir sözlə, onlar məni tamamilə əzib zərərsizləşdirə bildilər. 1999-cu ildə ölkədən qaçandan sonra da məni və ailəmi Rusiyada təqib etdilər, 2002-ci ildə Fransaya sığınmağa məcbur oldum. Bütün bunlara baxmayaraq, məni tamamilə məhv etmək və bu cinayətlərlə bağlı yaddaşımda qalan, yalnız mənə məlum olan faktları oradan silmək onlara nəsib olmadı. 1999-cu ilin dekabr ayının 3-də məni işdən qovdular, Milli Təhlükəsizlik Nazirliyinin binasını tərk edəndə onlara bəyan etdim ki, başa çatdırılmamış cinayət işindən pis heç nə yoxdur və günün birində mən bu cinayət işini bitirəcəyəm.
Indi mən bu vədimə əməl etmək istəyirəm, qoy heç kim məndən inciməsin. Hələ 2002-ci ildə, bu cinayət əməlləri ilə bağlı açıqlamalarla çıxış edəndə mümkün opponentlərimə üz tutub demişdim ki, mənimlə razılaşmayanlar məhkəməyə müraciət edə bilərlər. Bu gün də həmin müraciətimi irəli sürürəm. Mənə etirazı olanlar, Fransada və ya hər hansı başqa şengen ölkəsində məhkəmə iddiası qaldıra bilərlər.
Korrupsiya faktları Heydər Əliyevə təqdim edildi
Bugünkü Azərbaycan hakimiyyətinin rəsmi versiyası bundan ibarətdir ki, Afiyəddin Cəlilovun, Şəmsi Rəhimovun və onun sürücüsünün qətli Cavadov qardaşlarının əməlidir. Amma bu, tamam böhtandır və yalandır. Bu iş üzrə cinayət işi və məhkəmə istintaqı saxta arqumentlər üzərində təşkil edilib.
Bu gün mən ilk dəfə olaraq, bu qətlin təşkilatçıları və icraçıları haqqında açıqlamalar verəcəyəm. Bu qətl hadisələrinin mərkəzində dayanan və bu barədə ən dolğun məlumatı olan şəxslər: o zamankı baş nazir Surət Hüseynov, o zamankı Milli Təhlükəsizlik naziri Nəriman Imranov və o zamankı baş prokuror Əli Ömərovdur. Bu qətlin əsas motivi Müdafiə Nazirliyi sistemində baş verən iri korrupsiya əməliyyatlarının üstünü örtmək cəhdi olub.
Belə ki, Şəmsi Rəhimov Xüsusi Idarənin rəhbəri kimi özünün birbaşa vəzifə səlahiyyətlərini yerinə yetirərkən Azərbaycan Müdafiə Nazirliyində iri miqyaslı korrupsiya əməliyyatlarının olduğunu üzə çıxarıb və bu əməliyyatların Surət Hüseynovun nəzarəti altında aparıldığını dəqiqləşdirib. O, bu korrupsiya əməliyyatları barədə Heydər Əliyevə məruzə edib. Bu məruzə qanunsuz maliyyə vəsaitlərinin yönəldildiyi xarici banklar və on milyonlarla dollar vəsaitin saxlandığı bank hesablarının siyahısı idi. Şəmsi Rəhimov prezident Heydər Əliyevə bu əməliyyatların aparılma sxemini detallı şəkildə izah etmişdi. Bu məruzədən sonra Heydər Əliyev Şəmsi Rəhimova göstəriş verir ki, bu əməliyyatlara aidiyyəti olan şəxslərin, eləcə də adına bank hesabı açılanların siyahısını müəyyənləşdirib ona təqdim etsin. Eyni zamanda, o, Afiyəddin Cəlilova tapşırmışdı ki, etibarlı deputatlardan ibarət komissiya yaradarq MN-dəki maliyyə maxinasiyalarını yoxlamaq üçün hazırlıqlara başlasın. Akademik Ziya Bünyadovun adı da həmin komissiya üzvlərinin siyahısına əlavə edilmişdi. Komissiyanın işləməsi üçün zəruri hesab edilən bütün sənədlər Afiyəddin Cəlilova verilmişdi və o, həmin sənədləri (“qara qovluq”) iş yerindəki seyfdə saxlayırdı. Amma bu komissiya öz işinə başlaya bilmədi, çünki adı çəkilənlərin hamısı bir-birinin dalınca öldürüldü.
***
Qətldən dərhal sonra OMON əməkdaşları olan Elçin Əliyev və Fazil Muxtarovun üzərində qətl versiyası qurmaqla bu cinayəti Cavadov qardaşlarının üzərinə atmağa başladılar. Bu versiyanı quraşdıranlar prezidentin sonrakı addımlarını nəzərə almamışdılar. O, yaranmış şəraitdən istifadə edərək opponentlərini məhv etməyə başladı. Ilk növbədə Surət Hüseynov və Nəriman Imranov vəzifədən uzaqlaşdırıldılar (daha sonra isə MTN-in təcridxanasından qaçış təşkil etməkdə ittiham edildilər). Az sonra Əli Ömərov da vəzifədən kənarlaşdırıldı. 1995-ci ilin martında Rövşən Cavadov öldürüldü və OMON-un 1000 nəfərə qədər əməkdaşı da həbs edildi.
Şəmsi Rəhimovu nə üçün izləyirdilər?
Mənim sabiq nazirim Nəriman Imranovun göstərişi ilə Şəmsi Rəhimovla bağlı sutkalıq müşahidə müəyyənləşdirilmişdi. Telefonlar dinlənilirdi (telefon danışıqlarının mətni MTN-də, Şəmsi Rəhimovun tabeliyində olan O.Qorbaçovun cinayət işində saxlanılır). Bundan başqa, onun yaxın ətrafında yerləşdirilən adam birbaşa Nəriman Imranova müntəzəm məruzə edirdi. Imranov işdən kənarlaşdırılandan sonra həmin şəxs istintaqa könüllü olaraq qatılaraq Imranovun göstərişi ilə bu işləri yerinə yetirdiyini etiraf etdi. O etiraf etdi ki, qətl hadisəsindən bir neçə saat əvvəl Şəmsi Rəhimov və Afiyəddin Cəlilovun kontaktı olub. Mənə bu kontaktın telefon danışığı və ya birbaşa görüş olduğu bəlli deyil, çünki məni həmin adamın yanına buraxmadılar: onunla MTN-in başqa bir əməkdaşı söhbət etdi. Sonrakı nazir Namiq Abbasovun göstərişi ilə həmin adamın verdiyi ifadə və kimliyi tam məxfiləşdirildi. Onun istintaq protokolları da cinayət işinin tərkibində yoxdur. Mən bir neçə dəfə Namiq Abbasovdan soruşdum ki, nə üçün məni həmin adamla görüşə buraxmırlar, o da cavabında bu adamın məlumatının etibarlı olmadığını bildirdi.
Baş prokuror Əli Ömərov, bəlkə də özü də bilmədən, başqa funksiyanı yerinə yetirirdi. Rövşən Cavadovun qardaşı Mahir Cavadovun çılğın və ölçüsüz xarakterini bilərək Ömərova onu özündən çıxarmaq vəzifəsi həvalə edilmişdi. Bu da alınırdı: 20-ci polis bölməsinə hücum, OMON-un Respublika prokurorluğunu götürməsi kimi hadisələr baş verirdi. Demək olar ki, qətldən cəmi iki gün sonra baş prokuror TV-də elan etdi ki, qatillər ələ keçirilib, qətlin təşkilatçıları isə Cavadov qardaşlarıdır. Bu bəyanat səslənən zaman isə işi aparan müstəntiq, yəni mən hələ tutulanlarla görüşməmiş, onlarla, hətta ilkin söhbətim də olmamışdı. Əli Ömərov işdən çıxarılandan sonra isə ondan ifadə ala bilmədim, buna icazə verilmədi. Axı, onsuz da aydın idi ki, Əli Ömərov kimin tapşırıqlarını yerinə yetirirdi.
Sirli kapitanın sənədləri
Şəmsi Rəhimov öldürüləndən bir ay sonra MTN-ə Milli Ordunun Maliyyə Idarəsindən indi familiyasını xatırlamadığım bir kapitan gəldi. O, bildirdi ki, Şəmsi Rəhimovun informatorlarından biri olub. Eyni zamanda bildirdi ki, Şəmsi Rəhimova MN-dəki iri miqyaslı maliyyə maxinasiyaları ilə bağlı mühasibat sənədləri verib. Bu sənədlərin arasında neft satışına dair saxta hesabatlar da olub. Istintaq qrupunun rəhbərləri o zaman belə hesab edirdilər ki, bu maliyyə maxinasiyalarının qətl hadisəsi ilə heç bir əlaqəsi yoxdur, çünki OMON-çular artıq həbs edilmişdi. Buna görə də kapitanın gətirdiyi sənədlər araşdırılmaq üçün Respublika Prokurorluğuna göndərildi. Əgər general Vahid Musayevi görməsəydim, mən bu hadisəni heç zaman xatırlamazdım.
***
1997-ci ildə mən “12-lərin işi” və ya “Rasim Ağayevin işi” kimi tanınan cinayət işlərini araşdıran istintaq qrupunun tərkibində idim. Bu məsələ ilə bağlı Müdafiə nazirinin sabiq müavini Vahid Musayevi dindirmək lazım idi. Xüsusi Idarənin zirzəmisindəki olaylara baxmayaraq, onunla təmiz insani kontaktım baş tutdu. Buna görə də, o, bizim sonuncu görüşümüzdə əvvəlki mövzulara aidiyyəti olmayan bir sual verdi. Sual dəqiq şəkildə bu cür idi: “Siz Şəmsi Rəhimovun öldürülməsinin əsl səbəblərini öyrənmək istəyirsinizmi?”. Mən müsbət cavab verdim və Vahid Musayev mənə məsləhət gördü ki, 1993-cü ildə 100 dollar rüşvətə görə həbs edilən müstəntiqlə və onun apardığı cinayət işi ilə tanış olum. Mən də bunu etdim…
(ardı gələn sayımızda)
linkhttps://www.azadliq.info/7755.html