Öldürüləndən sonra veriləcək cərimə kəsildi

Yazıçı Rafiq Tağı və jurnalist Samir Sədaqətoğlunun 2006-cı ilin noyabrındakı qanunsuz həbsi və məhkum edilmələri ilə bağlı iş üzrə Avropa İnsan Haqları Məhkəməsi qərarını elan etdi.

Məhkəmə vəkillərinin arqumentlərini əsaslı sayaraq ərizəçilərin məhkum edilmələrini onların ifadə azadlığına müdaxilə hesab edib və qərara gəlib ki, bu müdaxilə formal olaraq qanunda nəzərdə tutulmasına (Cinayət Məcəlləsinin 283-cü maddəsi) və formal legitim məqsəd (başqa şəxslərin hüquqlarının qorunması və iğtişaşların önlənməsi) güdməsinə baxmayaraq sıxıcı sosial ehtiyacdan irəli gəlməyib və demokratik cəmiyyətdə zəruri olmayıb. Məhkəmə hesab edib ki, Rafiq Tağının məqaləsi Azərbaycan rəsmilərinin iddia etdiyi kimi dini ayrıseçkilik və nifaq salmağa, başqa şəxslərin dini hisslərini təhqir etməyə yox, dinin müasir cəmiyyətdə oynadığı rola dair müəllifin mülahizələrini ifadə edir. Beləliklə, Azərbaycan yetkililəri hər iki ərizəçinin Konvensiyanın 10-cu maddəsi ilə təmin olunan ifadə azadlıqlarını pozublar.

Təəssüf ki, əksər işlərdə olduğu kimi bu işdə də Azərbaycan istintaq və məhkəmə sisteminin sadəcə keyfiyyətsiz işlədikləri bir daha diqqəti cəlb edir. Rafiq Tağını, Samir Sədaqətoğlu həbs və məhkum edərkən prokurorluq da, hakimlər də yaxşı bilirdilər ki, bu iş sonda Avropa Məhkəməsinin baxışına gedib çıxacaq. Ən azı bu amili nəzərə alıb ittihamı normal, hərtərəfli əsaslandırmağa çalışmaq olardı. Məhkəmələr, aşağıdan aliyə qədər bu iş üzrə hökm və qərarlarını normal (uyğun və yetərli) əsaslandırmaq üçün özlərinə əziyyət verməyiblər. Bu iş Azərbaycanda 7 hakimin əlindən keçib. Biri rayon, 3-ü apelyasiya və 3-ü ali məhkəmə hakimləri olmaqla. Çoxsaylı prokurorlar ittihamların hazırlanması, təsdiqi, müdafiəsində iştirak ediblər. Hamısı müstəntiqin alıb işə əlavə etdiyi bir ekspert rəyini qərarlarına köçürüb hökmlərini veriblər. Nədən bu ekspertin rəyi ilə razı olduqlarını bircə cümlə ilə belə izah edib əsaslandırmayıblar. Sanki demək istəyiblər ki, “ekspert belə dedi, biz də məhkum etdik. Bizim öz fikrimiz yoxdur.”

Avropa Məhkəməsi qeyd edib ki, Belə situasiya Məhkəmə üçün qəbuledilməzdir, çünki bütün hüquqi məsələlər eksklüzıv olara məhkəmədə həllini tapmalıdır. Məhkəmə deyib ki, yerli rəsmilər məqalənin yayıldığı konteksti qiymətləndirməyiblər. Onlar nə ictimai mənafeləri, nə müəllifin məramını götür-qoy etməyiblər. Onlar provokasiyadan və şişirtmədən istifadənin əsaslı olub-olmaması arqumentlərinə tərəf heç baxmayıblar.
Bizim hakimlər guya güddükləri legitim məqsədə çatmaq üçün niyə məhz uzunmüddətli həbs cəzası verdiklərini də əsaslandırmağı özlərinə əziyyət biliblər.

Rafiq bəy hər zaman bu məqalədəki ifadələriylə islamı və peyğəmbəri aşağıladığı barədə deyilənləri rədd edib. Belə bir niyyətinin heç zaman, nə əvvəllər, nə məqaləni yazarkən, nə də sonra olmadığını deyirdi. Ona qarşı özünü islam təəssübkeşi adlandıranların kobud hücumları, hədə-qorxularından sonra belə. Əksinə, müsəlmanları sevdiyi üçün onları düşünməyə, müzakirələrə, inkişaf üçün yollar aramağa çağırırdı.

Bıçaqlandıqdan sonra xəstəxanada onu ziyarət etdim. Hətta orada belə, bu iddiaların nadan və qərəzli, xüsusi məqsədlə üfürüldüyünü təəssüflə dedi. Müəmmalı ölümündən bir neçə gün öncə.

Bu işdə adı olan iki dəyərli insan bu gün yoxdur yanımızda.
Yazıçı Rafiq Tağı və vəkil İsaxan Aşurov. Hər ikisinin ruhu şad olsun!

Rafiq Tağını və Samir bəyi istintaq və məhkəmələrdə mərhum kolleqamız İsaxan bəy müdafiə edirdi. Mən sadəcə Xalid Agəliyevin yardımıyla onun rəhmətə getməsindən sonra yarımçıq qalmış işi başa çatdırdım.

Yeri gəlmişkən mərhum yazıçımızın qətlə yetirilməsi ilə bağlı başdansovdu araşdırma aparılması, qətlin icraçı və sifarişçilərinin demək olar ki, axtarılmamasından verdiyimiz şikayət üzrə kommunikasiya çoxdan bitib və yaxın zamanlarda bu iş üzrə də qərarın elan olunacağı gözlənilir.

Rəşid Hacılı, hüquqşünas