Qiyamçı səfri Luka Volonteni belə tanıyır

Arif Məmmədov: “Volonte və bir çox digər AŞPA deputatları bu şəbəkəyə daxil idilər”
Avropa Şurası Parlament Assambleyası sədrinin keçmiş müavini, italiyalı deputat Luka Volonte “Ştrasserin siyahısı” üzrə Azərbaycan hökumətinin xeyrinə səsverməyə görə 2,39 mln. avro almaqda ittiham olunub.
İtaliyanın İl Fatto qəzetində dərc edilən məqalədə bildirilir ki, Milan prokurorluğu fakt üzrə cinayət işi qaldırıb.
Maraqlıdır, bu iddia nə dərəcədə əsaslıdır? Gununsesi.info bildirir ki, Azərbaycanın Avropa Şurası yanında daimi nümayəndəliyinin keçmiş rəhbəri Arif Məmmədov Moderator.az-a açıqlamasında bildirdi ki, Avropa mətbuatı korrupsiya faktları barədə dəfələrlə yazıb: “Azərbaycanın Avropa Şurası daxilində korrupsiya şəbəkəsinin olması barədə iddialar çoxdan var. Bu barədə Avropa mətbuatında dəfələrlə məqalələr yazılıb. Volonte və bir çox digər AŞPA deputatları bu şəbəkəyə daxil idilər. Bu məsələ ilə birbaşa yalnız məqalədə qeyd olunan insanlar məşğul idilər. Nə parlamentimizin nümayəndə heyyətinin başçısı, nə digər deputatlar, nə diplomatik nümayəndəlik bu məsələlərə yaxın buraxılmırdı. İnanıram ki, İtaliyadakı istintaqdan sonra daha ciddi araşdırdırmalar aparılacaq. Artıq Avropa Şurasının bir demokratik, şəffaf təşkilat kimi imicinə ciddi zərər dəyib və bunu təmizləmək üçün geniş istintaq aparılmalıdır.”