Əbil Həsənov
Əhməd uşaqlıqdan hind mahnılarının vurğunu idi. Onda bu sevgi kəndlərindəki yarı-uçuq klubda göstərilən hind filmlərindən yaranmışdı. Əhməd kinolardakı mahnıları dinləyib, sonra zümzümə edərdi.Əvvəl evlərində, sonra isə kənd toylarında oxumağa başlamışdı. Onun şöhrəti tez bir zamanda hər tərəfə yayıldı. Zaman keçdikcə çadır toyxanaları şadlıq evləri əvəz etdi. O, bu şadlıq evlərinin də əvəzedilməzlərindən idi. Əhməd hind mahnılarını elə şövqlə oxuyurdu ki, eşidənlər ona valeh olurdular. Şəhərdə elə toy olmazdı ki, orada Əhməd hind mahnıları oxumasın. Elə telekanal olmazdı ki, Əhmədi verilişlərinə dəvət etməsin. Bir sözlə Əməd ölkənin məşhur sənətkarlarından birinə çevrilmişdi. Onu hamı “Çakraborti” Əhməd deyə çağırırdı. Tezliklə ona fəxri adlar da verildi.
Artan məşhurluğu onun ürəyində yeni arzulara yol açdı -Əhməd deputat olmaq istəyirdi. Parlament seçkiləri zamanı namizədliyini verib, təcrübəli rəqiblərini geridə qoyaraq millət vəkili oldu. Bəs necə?! Millət öz sevimili sənətkarını qoyub siyasətçisini “seçməyəcəydi” ki?! Millət vəkili olduqdan sonar başı siyasətə, parlament iclaslarına qarışdığı üçün Əhməd daha əvvəlki kimi çox oxumurdu. İndi onu telekanallarda da görmək müşkülə çevrilmişdi. Sevimli müğənnilərinin səsini eşitmək arzusunda olan tamaşaçılar ona heç olmasa bir konsert verməsi barədə müraciət etdilər. Uzun çək-çevirdən ,xahiş-minnətdən sonra axır ki ,Əhməd onu sevənlərin sözünü yerə salmayıb böyük bir konsert proqramı ilə çıxış etməyə razı oldu.Tezliklə şəhərin küçələri konsert afişaları ilə doldu. Telekanallar, radiolar “Çakraborti” Əhmədin konserti barədə müxtəlif sujetlər təqdim edirdilər.
Nəhayət gözlənilən gün gəlib çatdı. Şəhərin ən böyük meydanında Əhmədin konserti baş tutdu.Meydanda tamaşaçı əlindən tərpənmək olmurdu. Konsertə müxtəlif dövlət və hökumət nümayəndələri, deputatlar, xarici ölkə səfirləri də dəvət olunmuşdular. Əhməd gurultulu alqışlarla oxuya-oxuya səhnəyə çıxdı. Alqışların səsindən şəhərdəki hündürmərtəbəli binaların divarları titrəyirdi.Çoxdan idi ki, Bakıda belə möhtəşəm konsert olmurdu. Əhməd bir neçə mahnı oxumuşdu ki,birdən Hindistanın səfiri təhlükəsizlik xidmətinin işçilərindən icazə alıb səhnəyə çıxdı.O, alqışlar altında Əhmədə yaxınlaşıb, mikrafonda Azərbaycan dilində gur səslə soruşdu.:-“Əhməd bəy, siz hansı dildə oxuyursunuz?” Əhməd gülə-gülə:-“Əlbətdə ki, hind dilində, cənab səfir.” -dedi.Meydandan gurultulu alqışlar qopdu. Səfir əsəbləşərək :-“Mən hindəm. Hindistanın səfiriyəm.Bu adamın oxuduğu sözlərin arasında bir dənə də olsun hind sözü yoxdur. Bu sizi aldadır.”-deyərək səhnədən düşdü.Meydan sükuta qərq oldu. Tamaşaçılar eşitdiklərinə inanmırdılar. Hamı şokda idi.Elə bu an Əhmədin fanatlarından biri mühafizəçilərdən yayınaraq səhnəyə çıxdı və Əhmədin qulağından buraraq :-“Adə, sən bizi aldadırdın? .Hə..?”-deyib onu keçi kimi bəyirtməyə başladı.Camaat əvvəlcə nə edəcəyini bilmədi.Sonra meydanı yenə də alqış səsləri bürüdü.Bu dəfə onlar Əhmədin oxumağını yox bəyirməyini alqışlayırdılar…