Azərbaycan böyük həbsxanadır, AMEA kiçik həbsxanadır, rəisi də İlham Əliyevdir!

Yasəmən Qaraqoyunlu

Rafail Hüseynli, Musa Qasımlı, Elton Məmmədli və bir çoxları Ramiz Mehdiyevi istefaya çağırır. Səs səsə veriblər. Guya ölkəni bu duruma ancaq R.Mehdiyev salıb. Yəni özü yaxşıdır, ətrafı pisdir təbliğat təşviqat sistemi gecə gündüz davam edir. Bunlar qəhrəmanlıq falan da etmirlər. İcazə verilmiş müraciətlər, çıxışlar edirlər. Bunların birinin cürəti çatmaz bu sistemi tənqid etməyə. Guya Ramiz Mehdiyev istefa versə AMEA da vəziyyət yaxşılaşacaqmış?

Rafael Hüseynov
Musa Qasımlı

O Rafael Hüseynov və Musa Qasımlı indiyə qədər Parlamentdə məsələ qaldırıbmı ki, niyə AMEA işçiləri yataqxana və kirayələrdə çürüdülür. Niyə maaşlar azdır. Niyə büdcədən elmə bu qədər az pul ayrılır. Niyə alimlər AMEA sistemindən qaçıb gedir. Niyə elmin təşkilatlanmasında bu qədər bürokratik əngəllər var. Niyə aspirantlara doktorantlara elmi rəhbərlər divan tutur. Niyə prezidentin sərəncamına əsasən doktorluq müdafiə edən şəxs mütləq xarici jurnalda çap olunmağa məcburdur. Rafael Hüseynov bir dəfə prezidentə söyləməyə cürət edibmi ki, bu jurnalda bir doktorant bir məqalə çap etdirmək üçün ən azı 2 min dollar, 1500 evro pul ödəməlidir. 300 manat maaş alanlar bu pulu necə ödəsin. Nədən doktorantları dissertantları banklardan kredit götürməyə məcbur edirik. Niyə elmi müdafiələrdə pul, rüşvət var. Və s. Və ilaxır. Niyə Rafail Hüseynov parlamentdə AMEA sistemində çalışanların maaşlarını qaldırmaq haqqında bircə dəfə də danışmayıb. Saxtakarlar. İnanmayın bu saxtakarlara. AMEA -nın bu günə düşməsində hamınız günahkarsınız. Susmağınızla. Biganəliyinizlə.

Ramiz Mehdiyev

İlham Əliyev

Azərbaycan böyük həbsxanadır, AMEA kiçik bir həbsxanadır. Bütün düşünənlərin, yazanların həbsxanası. Bu həbsxananın başçısı İlham Əliyevdir. Burada pandemiyadan əvvəl gündə 3 dəfə yoxlama olurdu. Kim işdədir, kim işdə deyil. Alimlə tədqiqatçı ilə belə aşağılayıcı tərzdə rəftar etmək ancaq YAP-ın polis rejiminə yaraşır. Rafael Hüseynovlar da bu polis sisteminin sözçüsüdür. Bizi 30 il məcbur ediblər ki, səhər bu binaya gir, axşam buradan çıx get evinə və səsini kəs. Sakın öz haqqını tələb etmə. Sən kimsən ki.Azərbaycanda alimə, tədqiqatçıya deyirlər ki, sən kimsən ki…Məqsədim Ramiz Mehdiyevi müdafiə etmək deyil e. YAP sisteminin çürük sistem olduğunu deməkdir. Ramiz Mehdiyev nə qədər günahkardırsa, Rafael Hüseynovlar da o qədər günahkardır, sistem, hakimiyyət günahkardır. Bizi məhv etdilər. Süründürdülər. Sındırdılar. Aldatdılar. Aclıqla yoxluqla imtahana çəktilər. Bu ölkədən, bu həbsxanadan qaçmadığım üçün günahkaram. Biz vətənpərvərliyin qurbanıyıq. Vətən isə İlham Əliyevin çürük sisteminin girovundadır. Bir sıra partiya sədrcikləri çıxıb meydana. AMEA bağlansın. AMEA ölkəyə elmə heç nə vermir kimi yalan məlumatlar yayırlar. Burada elə fədakar, istedadlı insanlar var ki, çətin şəraitdə, illərlə az maaşla tədqiqat da aparırlar, gözəl işlər də yazırlar. O partiya liderləri çıxsın bir dəfə də çıxış etsin ki, AMEA sistemində çalışanların maddi durumunu düzəldin, sonra iş tələb edin. Ölkəmiz gerçəkdən bir çox partiya sədrlərindən də xilas olmalıdır!

Yasəmən Qaraqoyunlu