Səfərin yaşıl koridoru

Səfər Mehdiyev mətbuatda açıqlama verir ki, prezident İlham Əliyevin apardığı iqtisadi islahatların nəticəsi olaraq son il ərzində gömrükdəki «Yaşıl dəhliz» adlandırılan sistemlə gömrük sərhədindən 11 milliard dollarlıq mal keçirilmişdir. Lakin deməyə unutmuşdur ki, el arasında bu «Yaşıl dəhliz» «Səfər dəhlizi» adlandırılır. Və həmin dəhlizdən yalnız Səfərin özünün və yaxın qohum əqrabasının malları keçirilir. Sadə sahibkarın ünvanına daxil olan mallar isə aylarla qalır ya avtomaşınların, vaqonların üzərində, ya da ki, Cahangir Əsgərova və Bəylər Əyyubova məxsus Karqo anbarlarında. Səfər Mehdiyevin anbar fırıldaqlarını artıq dünyanın bütün sahibkarları bilir. Əsasən də təyyarə ilə ölkəyə daxil olan yükləri Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları qanunsuz olaraq dərhal Cahangir Əsgərovun aeroportun yaxınlığında yerləşən Karqo anbarına yerləşdirirlər. Həmin anbarın rəsmi adı “ASG BUSİNESS AVİATİON” MMC-dir və həmin anbarda yüklərin saxlanılması dövlətin gömrük anbarında yüklərin saxlanılması üçün təyin edilmiş saxlama haqqından 50 dəfə artıqdır. Gömrük və aviadaşıyıcı şirkətin işçiləri sahibkara yükün ölkəyə daxil olması barədə qəsdən gec məlumat verirlər və həmçinin gömrük rəsmiləşdirilməsini də yübadırlar, qanunvericiliklə təyin olunmuş müddətlərdən daha artıq müddətdə aparırlar ki, yüklər həmin anbarda çox qalsın və anbar pulları şişsin. Sonra isə sahibkarlardan alınmış minlərlə manat anbar pulları Cahangirlə Səfərin arasında bölüşdürülür. Əgər sahibkarın gətirdiyi mal Cahangirin və Səfərin monopoliyasındadırsa bu halda onun gətirdiyi malın gömrük rəsmiləşdirilməsi nəinki aylar, hətda illərlə yubadıla bilər.

Cahangir Əsgərov

Karqo anbarları yoxlanılsa görərsiniz ki, həmin anbarda mallar var ki, artıq bir ildən çoxdur ki, sahibinə verilmir. Hansı ki, mal sahibinin özünün anbarı da var və malları gömrük rəsmiləşdirilməsi yekünlaşdırılanadək öz anbarında saxlaya bilər.

Əvvəllər dediyimiz kimi, Karqo anbarları sahibkarlardan saxlanc pullarını nəğd şəkildə alırlar, bank köçürməsini qəbul etmirlər. Bu dəhşətdir. Cahangir Əsgərovun arvadının «Qazelli» şirkəti var və həmin şirkət kosmetik vasitələrin istehsalı və idxalı ilə məşğul olur. Buna görə də digər bir sahibkar kosmetik vasitəyə aid mal gətirdikdə Cahangir həmin malları aylarla saxlayır öz anbarında, sahibkara vermir, Səfər isə həmin malların gömrük rəsmiləşdirilməsini aylarla yubadır. Nəticədə sahibkara külli miqdarda zərər dəyir və o bir də kosmetik vasitələri idxal etmir. Cahangir-Səfər çütlüyünün gömrük oyunları artıq sahibkarları boğaza yığıbdır. Onlar kollektiv şəkildə hökümətə və prezidentə müraciət edərək onlardan kömək istəyirlər, lakin heç bir tədbir görülmür. Yeganə çıxış yolu sahibkarların etiraza qalxması, kütləvi şəkildə küçələrə axaraq buna etiraz etməkdir. Səfər Mehdiyevin, Cahangir Əsgərovun və digər nazir, deputat və məmurların monopoliyası bu ölkənin iqtisadiyyatını çökdürdü. Qiymətlər güyü-gündən artır. Çıxış yolu isə tapılmır. Hökümət tam heyyətlə istefaya göndərilməlidir. Bütün sahələrdə böhran vəziyyət yaranıbdır. Parlament də buraxılmalıdır.  

Çünki, parlamentin və hökümətin iqtisadiyyatı böhrandan çıxartmaq ücün hər hansı bir proqramı yoxdur.

Adicə qəbul etdikləri Gömrük Məcəlləsini elə bir qəliz dildə yazıblar ki, hec kim ondan baş açmır. Buna görə də Səfər Mehdiyev və onun cinayətkar briqadası qanunun müddəalarını istədikləri kimi yozurlar. Sahibkarı bəyannamədə göstərdiyi gömrük dəyərini bir neçə dəfə artırmasını hədə-qorxu ilə tələb etmək heç bir ölkədə yoxdur. Səfərin raketləri sahibkarı məcbur edir ki, bəyannamədə göstərdiyi gömrük dəyərini artırsın, bunun nəticəsində sahibkarın ödədiyi gömrük rüsum və ödənişləri də artır, yekunda bunun da üstünə gəlir Cahangir Əsgərovun qanunsuz anbar pulları və buna görə də əhaliyə satılan malın qiyməti bir neçə dəfə artmışdır. Soruşanda yoxdur ki, xarici ölkələrdə malların qiyməti artmayıb, dolların qiyməti artmayıb, nəqliyyat xərcləri artmayıb, bəs daxili bazarda qiymətlər niyə artır???? İstər ərzaq olsun, istərsə qeyri ərzaq məhsulları. Bütün günah Səfər Mehdiyevdə və onun gömrük mafiyasındadır. Bu qanunsuzluqlara və gömrük cinayətlərinə son qoyulmalıdır!

Bildiyiniz kimi Səfər Mehdiyevin əmri ilə bir ay əvvəl Bəhruz Quliyev Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin rəisi vəzifəsindən çıxarıldı. Buna səbəb onun köməkliyi ilə bir neçə kommersiya bankları və yüksək vəzifəli şəxslər tərəfindən milliardlarla nəğd pulların qanunsuz olaraq ölkədən çıxarılması səbəb olmuşdur. Bunu da bloggerlər, sonradan isə aparılan yoxlama zamanı Hesablama Palatası aşkar etmişdir. Həmçinin sahibkarların çoxsaylı şikayətləri zamanı Bəhruz Quliyevin anbar fırıldaqları və rüşvət alması faktları sübuta yetirilmişdir. Səfər Mehdiyev isə onun əli ilə illərdir pul qazandığına görə Bəhruz Quliyevi qorumaq məqsədilə Komitənin Aparatına İdarə rəisi vəzifəsinə keçirmişdir. Lakin Bəhruz Quliyev aeroportdan neçə yapışıbsa bu günədək yeni vəzifəsinin icrasına başlamamışdır. Bəhruz Quliyevi həbsdən onun atası Faiq qurtarmışdır. Faiq hazırda Arif Paşayevin bağbanıdır. Onun hesabına qısa müddət ərzində Bəhruz Quliyev aeroportda arabaçıdan gömrük generalı rütbəsinəcən yüksəlmişdir. Bəhruz Quliyevin Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin rəisi olduğu müddətdə idxal ilə məşğul olan 12300 hüquqi və fiziki şəxs müflis olmuş, fəaliyyətini tam dayandırmışdır. Hazırda 1200-dən çox sahibkarın malı Bəhruz Quliyevin təşəbbüsü ilə qanunsuz olaraq Karqo anbarlarında qalmışdır. Ölkədəki qiymət artımında məsuliyyəti Səfər Mehdiyevlə birgə Bəhruz Quliyev də daşıyır.

Londonda aparılan araşdırmalar zamanı da müəyyən olunmuşdur ki, hakim ailə və digər məmur və deputatlara məxsus çirkli pullar Azərbaycandan Dövlət Gömrük Komitəsinin əməkdaşlarının əli ilə çıxarılmışdır.

Səfər Mehdiyev gömrükdə işləyən öz yaxın adamlarını aylarla ezam edir gömrük məntəqələrinə. Yəni, Gömrük Komitəsində işləyən adi inspektoru ezam edir 5 aylıq hansısa gömrük məntəqəsinə və bu müddət ərzində həmin inspektora əlavə ezamiyyə pulları hesablanır. Əslində isə həmin inspektor heç yerə getmir. Adı gömrük məntəqəsində ezamiyyətdə özü isə Komitədə iş yerində. Bu və digər cinayət əməlləri ilə Səfər Mehdiyev və onun qohum əqrabası büdcəni talayırlar.

Gömrük əməkdaşlarının törətdikləri çoxsaylı fəzifə cinayətləri barədə sahibkarlardan prokurorluq orqanlarına çox şikayət ünvanlanır. Amma nədənsə əl meymunu olan Kamran Əliyev faktlarla bağlı cinayət işi başlamır. Çünki Səfər Mehdiyev hər ay onun və Ali Məhkəmənin sədrinin hesabını göndərir.

Xatırladaq ki, Ali Məhkəmənin sədri Ramiz Rzayevin doğma qardaşı Rzayev Rauf Yaqub oğlu Şimal Ərazi Gömrük İdarəsinin rəisidir. Buna görə də məhkəmələr həmişə gömrükçülərin tərəfini tutur. Çünki, Ali Məhkəmənin sədri qardaşını qoruyur.

azerbaycansaati.tv