«Navalnı axını » nələrin səbəbidir və nələr yarada bilər ?

Rusiyada dünən keçirilən kütləvi aksiyaların həyəcanı növbəti aksiyalara qədər davam edəcək. Növbəti aksiyalar isə Aleksey Navalnı həbsdə olduğu müddət ərzində davam edəcək. Uzaq Rusiya şərqində Xabarovsk diyarında qubetnator Furqalı iyul ayında həbs ediblər, o zamandan indiyə qədər oralarda əhali dinclik bilmir, on minlərlə insan vaxtaşırı etiraz aksiyalarına çıxır, şüarlar isə Putinin istefasına qədər «yüksəlir ». Navalnı isə bütün Rusiyada narazı kütlənin ifadəçisinə çevrilmiş adamdır və onun həbsinə qarşı etirazlar əlbəttə, davam edəcək. Həm də yalnız buna görə deyil.
2011- ci ildən üzübəri Vladimir Putinin reytinqi oynaya- oynaya gəlir. Gah aşağı düşür, gah bir az yuxarıya dikəlir. Arada Ukrayna hadisələri, Krımın işğalı onun reytinqini bir qədər sahmanlasa da 2017- ci ildən sonra bəlli oldu ki, Vladimir Putinin reytinqi bir daha heç zaman sabitləşməyəcək və üzü aşağı düşməkdə davam edəcək. Niyəsi də aydındır. Onun istinad etdiyi velikorus şovinizmi cari sosial qayğıların məngənəsində sıxılıb ictimai ideyaların dibinə çökdü. Ölkədə kriminogen durum pisləşməyə başladı və rus propoqandasının davamlı olaraq pislədiyi «90-cı illər» fenomeni yenidən dirilib «Vəhşi Qərb» (“Дикий Запад”) təəssüratları ilə zənginləşməyə başladı, üstəlik bu dəfə fərqli effektlərlə: oliqarxların mütəşəkkil cinayət şəbəkələri ilə.
2018- ci ildən üzü bəri Rusiyada yoxsulluq həddindən aşağı səviyyələrdə vurnuxan kütlənin xüsusi çəkisi artmağa başlayaraq 2020- ci ildəki 20 milyon nəfərə çatdı. Bu rəqəm isə gerçək materialın ifadəsi deyil, Rusiya dövlət statistikasının etiraf etdiyi rəqəmdir. Əlbəttə, Rusiyada əhali sayı çoxdur, 150 milyon nəfərə yaxındır, amma 20 milyon da özündən deyən istənilən dövlətin əhalisinin sayı qədərdir və rəsmi rəqəmlərin etiraf etdiyi bu qorxunc siluet dağıdıcı gücə çevrilə bilər. Gördüyümüz kimi də, çevrilir.
Həm də yalnız bu deyil.
Rusiyanın siyasi isteblişmenti Amerikada cərəyan edən «Trumpizmin» fonunda bir qədər arxayınlaşmışdı. Dünyanın müqayisə predmeti olan Amerika Birləşmiş Ştatlarında siyasi çaxnaşmalar yalnız Rusiya üçün deyil, bu standartları daşıyan bütün başqa ölkələr üçün də bir növ, təskinlik idi. Rusiya isə əlbəttə, ta Sovet hakimiyyətinin şıdırğı illərindən başlayaraq özünü yalnız Amerika ilə müqayisə etməkdədir, Amerikaya çatmaq və onu ötüb keçmək o zamanlardan bəri dövlətin siyasi priortitetidir. Di gəl ki, zalım Amerika da dayanıb gözləmədi, bacardığı sürətlə irəliyə doğru getməyə başladı.
Amma Navalnı olayları ta zəhərlənmə günündən başlayaraq indiyə qədər Rusiyada ictimai- siyasi yük yerini qabqarmaqdaydı. Nəhayət, bu «lənətə gəlmiş» film olayı!
150 milyonluq Rusiya üçün çəkilməz və dözülməz bir statistika, artmaqda olan 70 milyonluq izləmə rekordu Vladimir Putinin çatlamış xarizmasını xıncım- xıncım etməkdədir. «Putin oğrudur» şüarı indi bütün Rusiyada uşaqdan böyüyə qədər hər kəsin tapındığı gerçəkdir, ruslar bu inkar edilməz faktı həzm etməyə məcbur oldular. Bəli, Vladimir Putin oğrudur, bu sözlər artıq etiraz aksiyalarının şüarı deyil, bütün rusların qəbul etdiyi, anladığı gerçəkdir. Di gəl, bundan sonra hakimiyyətdə qal !
Axı, hətta Kreml dəhlizlərində də hamı bu filmə baxır. Vladimir Putinin ən yaxın olmayan çevrəsində də onu sadəcə «böyük qardaş » kimi (cinayət aləminin təbirinə görə) tanıdılar, etiraf etdilər və bu tanışlıqdövlətin zəhmi, qanunların icrası kimi rəsmi istilahları zibil yeşiyinə tullamaq üçün kifayət etdi. Bu da o deməkdir ki, indən sonra Vladimir Putinin hətta öz nəhəng aparatını da dövlət idarəetməsi kimi zəhmli adla səfərbər etmək imkanlarına babat zərbə dəydi.
Bir də bizim kimi ölkələrin Putin dərdi var. Yadınızdadırmı, İlham Əliyev Moskvadan şəxsi qəbul üçün gətirilmiş Kreml jurnalisti Vladimir Solovyova belə bir etiraf etmişdi: «Putin satmaz». İndi cənab Vladimir Putinin özünün perspektivlərində bir alqı- satqı problemi yaranıb. Bu bizi rahatsız etməlidir. 3 ay əvvəl də narahat etməli idi, çünki Azərbaycanda hakimiyyətin mənbəyi Rusiyadır; indi daha artıq narahat etməlidir, deyəsən, indi hakimiyyətin «mənsəbi» də Rusiyadır.
Türkiyə kimi ikinci dairədə olan ölkələr də Rusiya səmtinə tutulan siyasətə yavaş-yavaş korrektələr etməlidirlər.
Vladimir Putin Rusiya deməkdir. Onun birinci olmayacağı Rusiyanın hansı siyasi şəkillərdə olacağını təsəvvür eləmək çətindir. «Trump- Biden» ziddiyətləri, «Hollande- Makron» dəyişimləri, hətta «Ərdoğan-…» çevrilmələri o ölkələrin siyasi taleyini, prioritetlərini o qədər də dəyişməz. Amma indiki Rusiya ilə bağlı bunu demək olmaz.
Ölkələr yenilik istəyir, azadlıq istəyir. Bəzi ölkələrdə daha çox azadlıq tələbləri aktualdır, bir başqa ölkələrdə isə ilkin azadlıq şərtlərinin təmin edilməsi üçün böyük hərəkatlar, epizodik etirazlar, spontan axınlar yaranır. Rusiya azad olmayan ölkədir və azadlıqların ilkin, təməl şərtlərinə nail olmaq istəyən Rusiya elitası da bunun zəruri olduğunu dərk edir. Təsadüfi deyil ki, bu nəhəng qonşumuz daxili çırpıntılarını yalnız peşəkar siyasətçilərin, istefada olan zabitlərin- generalların, ziyalıların davranışlarında yox, həm də və hətta yeniyetmələrin çılğın tələblərində nümayiş etdirir.

Son olaylarda əsasən yeniyetmələrin istifadə etdiyi Tik Tok – da Navalnı həştəqi ilə paylaşımlar 1 milyardlıq göstərici ilə daha bir rekord qırdı !

Yəni, cəmiyyətin bütün təbəqələrində yeniliklərə can atan kəsimlər var. Demokratiya və azadlıqlar üçün anlayışlı Rusiya yetişir…
Əlbəttə, birmənalı şəkildə iddia etmək olmaz ki, biz Sovet İttifaqının süqutunu doğuran səbəblərin təkrarına şahidlik edirik. Amma dərs çıxara biləcəyimiz tarixi örnəklər varsa, kitab oxumaq lazımdır, ya da internetə baxmaq lazımdır : orda hər şey yazılıb.
Qənimət Zahid